Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat ailəsi vətəndaşların əmlaklarını əllərindən necə alır: ağlasığmaz üsullar
Əliabbas Salahzadə və Allahşükür Paşazadə

Bakı sakini Seymur Quliyev Bizimyol.info-ya Bilgəh qəsəbəsində dəniz kənarında 20 sot torpaq sahəsinin deputat Əliabbas Salahzadənin ailə üzvləri tərəfindən necə zəbt olunması, Allahşükür Paşazadənin qızının adına necə keçirilməsi barədə danışır.

Uzun illərdir Dubayda sahibkarlıq fəaliyyətilə məşğul olan Seymur Quliyev sözügedən əmlakı 2004-cü ildə alıb. 20 sotluq ərazidə biri özünə, o biri isə qardaşına məxsus olmaqla, iki və üç mərtəbəli iki ev tikdirib, yay aylarında orada yaşayıblar: “2011-ci ilin oktyabr-noyabr aylarında Dubayda sərgidə idim, 14-cü polis bölməsindən, səhv eləmirəmsə, Mehman adlı təhqiqayçı idi, zəng eləyib dedi ki, sizdən Rəhilə Salahzadə adlı xanımın şikayət ərizəsi var. Mənim bağ evimin ünvanını dedi. Guya 8 ildir həmin ünvanda yaşayır, hovuzda olan vaxt mən üç silahlı adamla o evə basqın eləmişəm. Dedim, siz nə danışırsız? Vəkilimi göndərdim. Özüm də 15 günə Bakıya qayıtdım. Mülkün çıxarışını, başqa sənədləri götürüb getdim. Polis dedi ki, sizi yaxşı başa düşürük, bilirik ki, hamısı Qalibin işləridir. Rəhilə Salahzadə də Qalib Salahzadənin qardaşı arvadıdır. Təhqiqatçıya deyirəm ki, Rəhilə xanımı çağırın, desin ki, bu evdə hansı otaqda oboy hansı rəngdədir, işıqlar necə yanır? Deyə bilməzdi? Bu qədər saxtakarlıq olmaz axı...”

Seymur Quliyev Seymur Quliyev

Seymur Quliyevin sözlərinə görə, bölmədə ona Bilgəh bələdiyyəsinin 2003-cü ildə Rəhilə Salahzadənin adına verdiyi sənədi göstəriblər. Həmin sənədə əsasən, bələdiyyə onun çıxarışlı əmlakını 375 milyon manata Rəhilə Salahzadəyə satıb: “Guya bələdiyyə 2003-cü ildə satıb. Mən qəbzi çap edən nəşriyyata sorğu verdim. Rəsmi cavab aldım ki, o qəbz 2005-ci ildə Bilgəh bələdiyyəsinin sifarişi əsasında çap olunub. Bu qədər saxtakarlıq... Mənim hasar qonşum var, Nurid Əliyev. Onun da başına eyni oyunu açıblar. Onun da əlində mülkiyyətini təsdiq edən çıxarışı ola-ola bələdiyyə guya həmin torpağı Qalibin ölmüş nənəsinə satıb”.

2012-ci ildə həm Seymur Quliyev, həm də Nurid Əliyev eyni vəkillə müqavilə bağlayaraq, Bilgəh bələdiyyəsinə qarşı Sabunçu rayon məhkəməsində iddia qaldırıb: “Biz qonşu ilə o qədər mehriban idik ki, arada taxta hasar vardı, heç daş hasar çəkməmişdik. Məhkəmə gedəndə Qalib Salahzadə götürüb özbaşına çöldəki daş hasarı sındırıb həyətə girib, həmin hasarı sındırıb, daş hasar çəkməyə başlamışdı. Biz qış aylarında bağda qalmırıq, bağa baxanımız var. O xəbər vermişdi bizə. Biz gəlib onun çəkdi hasarı sındırdıq. Məhkəmə gəlib yerə baxış keçirdi. Mənim işim Dubayda olduğuna görə ora gedib-gəlirəm. Bir müddət sonra bağa baxan xəbər verdi ki, yenə gəlib hasar tikirlər burada. İlk dəfə Qalibi onda gördüm. Mənə dedi ki, buralar mənimdir. Dedim ki, sən necə mənim həyətimi tikə bilərsən? Dedi ki, əcəb eləyirəm, get, kimə istəyirsən, şikayət elə...”

Məhkəmə getdiyi müddətdə xəbər tutublar ki, Bakı şəhər İcra Hakimiyyəti Bilgəhdə təxminən 2.6 hektar əraziyə, o cümlədən Nurid Əliyev və Seymur Quliyevin mülkiyyətində olan yerlərə də sərəncam verib. Bu yerlər sərəncamla “İnşaat Service”ə verilib. Adıçəkilən şirkət də 2.6 hektarlıq əmlaka çıxarış alaraq, onu keçmiş o vaxt deputat olan Qalib salahzadənin gəlini, hazırkı deputat Əliabbas Salahzadənin isə xanımı olan Xatirə Salahzadəyə (Allahşükür Paşazadənin qızı) satıb.

“Bir də xəbər tutduq ki, Qalib Salahzadə evlərimizi sındırır. Hakimə xəbər elədik. Hakim gəlib gördü ki, texnika dayanıb. Qərardad verdi ki, söküntü dayandırılsın, mülkiyyətçilər Nurid Əliyev və Seymur Quliyevdən başqa heç kim daxil ola bilməz. Əlimizdə məhkəmənin qərardadı ola-ola evləriniz söküldü. Məhkəməni sayan olmadı. Evlərimizdəki əşyaları, uşaqların paltarlarını, oyuncaqlarını - hamısını oğurlayıb apardılar. Sonra da tikililəri sökdülər. Mənim şahidlərim Amerikadan gəlməyib. Ətrafda yaşayan qonşulardır. Bizi hakim saldı evimizə. Ertəsi gün mühafizə polisi gəldi, tələb elədi ki, evdən çıxaq. Dərhal vəkilimə zəng elədim, 10 dəqiqəyə gəldi. 102 xidmətinə zəng elədi. Mühafizə polisi vəkilimə dedi ki, xanım, bizə belə deyilib. Bizi zorla evimizdən çıxardılar. Kim varsa, hamının qəbulunda olmuşam, xeyri olmadı. Əlimdə mülkiyyət hüququmu təsdiqləyən çıxarışım ola-ola öz əmlakımdan istifadə eləyə bilmirəm”, - deyə Seymur Quliyev bildirib.

İllərlə davam edən məhkəmə prosesləri nəticəsində Xatirə Salahzadənin adına olan çıxarış ləğv edilib, Seymur Quliyevin mülkiyyət hüququnu məhkəmələr də tanıyıb.

Onun bağ evi son bir neçə ildə avtodayanacaq kimi istifadə olunur: “Mülkiyyət sənədilə mənə məxsus olan ərazidə, dağıdılmış əmlakımın yerində 5 ildir ki, pullu dayanacaq yaradıblar. O dayanacağı da cavabdeh Xatirə Salahzadə və deputat olan əri Əliabbas Salahzadə işlədir. İl ərzində mənim özəl mülkiyyətimdə pullu dayanacaq işlətməklə onlar 90 min manata qədər pul qazanırlar. Orada gündə azı 150-200 maşın saxlanılır. Təkcə yay ayları üzrə hər maşına görə 5 manatdan hesablayanda 1 günə 1000 manat və daha artıq pul qazanırlar. Aya 30 min manat, bir ilə - təkcə yay aylarına 90 min manat edir. Bu isə 5 il ərzində 450 min manat deməkdir”.

Daxili İşlər Nazirliyində keçmiş deputat Qalib Salahzadə haqqında araşdırma aparılıb, onun hərəkətlərində Cinayət Məcəlləsinin 186.2.1 (özgə əmlakını məhv etmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 188.4.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma təkrar törədildikdə), 308.2 (vəzifə səlajiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə törədildikdə) və 222-2.1 (müvafiq icazə almadan suların mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddələrinin tərkibi müəyyənləşdirilib.

Seymur Quliyev, deputat Əliabbas Salahzadə

Cinayət işinin materialları 2020-ci ildə prokurorluğa göndərilsə də, bir ilə yaxındır ki, icraat dayandırılıb.

Paylaş »
››› Ağdamın mina xəritəsinin yanlış çıxması ilə bağlı məlumata aydınlıq gətirilib
››› Cavuşoğlu: “Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”
››› Gənc müəllim özünü asaraq öldürüb
››› Ukraynada separatçılar tankları təmas xəttinə yığır
››› Bu gün Ermənistanda seçki keçirlir: Məğlub ölkə yeni böhran qarşısında...
››› Prezidentin təsdiqlədiyi qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur
››› Gürcüstanda Hindistan ştammına yoluxanların sayı artıb
Son xəbərlər
Bütün xəbərlər »