“Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinin çox böyük tarixi, siyasi, ideoloji, mədəni, ictimai əhəmiyyəti var. Şuşa öz qədimliyi, yerləşdiyi strateji mövqeyi, Azərbaycan mədəniyyətinə bəxş etdiyi dahilərlə tanınır. 1992-ci ildə Şuşanın satqınlıq nəticəsində işğalı Azərbaycan xalqı üçün ağır itki oldu. 30 ilə yaxın bu ağrı ilə yaşayan Azərbaycan xalqı müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyilə torpaqlarını, xüsusən də Şuşanı azad etməklə möhtəşəm bir tarix yazdı”.
Bu fikirləri Bizimyol.info-ya Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü səsləndirib.
“Azad edilmiş hər bir qarış torpağımızın böyük əhəmiyyəti var, lakin Şuşanın önəmini xüsusi qeyd etmək lazımdır. Bu şəhərin hansı əhəmiyyətə malik olduğunu görə bilmək üçün erməni media orqanlarının, sosial şəbəkə istifadəçilərinin, siyasi-hərbi-ictimai şəxslərinin bugünlərdə Şuşa ilə bağlı paylaşımlarına, yazılarına baxmaq kifayət edir. 9 mayı Qələbə bayramı ilə yanaşı, Şuşanın işğal tarixi kimi də qeyd edən ermənilər qədim Azərbaycan şəhərinin azad edilməsilə elə bir ağır zərbə alıblar ki, çətin ki, bundan sonra özlərinə gələ bilsinlər. Şuşa zərbəsi o qədər ağır olub ki, Ermənistanın hazırkı rəhbərliyi bugünkü tədbirlərdə iştirak zamanı jurnalistlərdən qaçıb, onların suallarına cavab verə bilməyib. Azərbaycan prezidenti İlham Əliyevin Şuşanı mədəniyyət paytaxtı elan etməsi, sürətli bir şəkildə aparılan quruculuq işləri, məktəb tikintisi üçün çalışmaların başlaması, mədəniyyət ocaqlarının bərpa edilməsi, fasiləsiz su, istilik, işıq və s. təminatı düşmənə, onun havadarların göz dağıdır. Azərbaycan prezidentinin birbaşa nəzarəti altında Şuşa şəhərində aparılan işlər ermənilərə də, onları qızışdıranlara da gözəl bir cavabdır. Heydər Əliyev Fondunun Şuşada keçirəcəyi Musiqi Festivalı Azərbaycana, bölgəyə, dünyaya buranın əsl sahiblərinin qayıtmasını car çəkəcək, qisas hissilə alışan erməniləri yaranmış yeni reallıqla barışmağa məcbur edəcək. Şuşanın mədəniyyət paytaxtı elan edilməsi ATƏT-in Minsk qrupunu, gorbagor olmuş status məsələsini diriltməyə çalışanlara da mesajdır. Mesaj aydın və dəqiqdir: heç zaman ermənilərin və Ermənistanın olmayan Şuşa 28 illik ayrılıqdan sonra Ana Vətənlə birdəfəlik qovuşdu. Yenidən Azərbaycan torpaqlarını işğal etməyə çağırış edən ermənilər, onları həvəsləndirən xaricdəki qüvvələr anlamalıdırlar ki, revanş, yeni bir müharibə onların tamamilə məhvinə gətirib çıxaracaq. Bu həqiqəti başa düşən bəzi ermənilər müharibə çağırışlarında, artıq mövcud olmayan erməni ordusunu deyil Ermənistanda olan Rusiya ordusunu və Xankəndindəki rus sülhməramlılarını qeyd edirlər. Bu Ermənistanın acizliyini, acı məğlubiyyətini etiraf etməsinin göstəricisidir. Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi zəfər, artan nüfuzu, hərbi-siyasi-iqtisadi gücü, işğaldan azad edilən yerlərdə həyata keçirdiyi işlər, Prezident İlham Əliyevin qətiyyəti Ermənistanı, onun aciz və qorxaq rəhbərliyini yeni reallıqlarla barışmağa məcbur edəcək. Çünki xaos içərisində çabalayan Ermənistan Zəngəzur, Göyçə, İrəvan hədəfinə yürüyən Azərbaycanla yenidən qarşı-qarşıya gələ bilməz”,- deyə ekspert qeyd edib.