Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham

Ermənilər onsuz da RF XİN rəhbəri S.Lavrovun İrəvana gəlməsinə etiraz edirdilər, hətta bir gün əvvəl etiraz nümayişi də keçirdilər. Amma, ermənilər onu da bilirlər ki, Rusiyasız mövcud olmaları böyük suallar altındadır.

Yəqin Lavrovun erməni kolleqası Ara Ayvazyan çıxışının əvvəllində “Rusiya ilə ittifaq Ermənistanın təhlükəsizliyinə kömək edir” ifadəsini də bunu yaxşı bildiyindən dilə gətirmişdi. Səbəb də iddialarındadır, Türkiyə və Azərbaycana olan torpaq iddialarında. Yüz ildən çox belə bir iddiaya qapandıqlarından həmişə Rusiya və başqa güclər üçün alət olublar. Ona görə də, Rusiya sərt üzünü göstərəndə də, bir az gileylənib yenidən ayaqlarına düşürlər. Lavrovun indiki gəlişindən də narazı qaldıqlarını rəsmi olmasa da , rəsmilərə yaxın media orqanları açıq bildirdilər.

Artıq ermənilər üçün “genosid” dəbdən düşüb, onların aləmində Birləşmiş Ştatların prezidenti Bayden “genosid” zirvəsini fəth edib və ondan sonra kiminsə bu ifadəni işlətməsi və yalançı soyqırımı tanımasının əhəmiyyəti qalmayıb, necə ki, Lavrovun da bu sözü deməsi ermənilərdə xüsusi bir reaksiya doğurmadı. Səbəb məlumdur, erməniləri bu saat yalnız Dağlıq Qarabağ düşündürür və Lavrovun Qarabağ probleminin nizamlanması ilə bağlı İrəvanda söylədikləri onları qəzəbləndirib. Erməni mətbuatı yazır: “Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, bölgədəki bütün rabitə əlaqələri açılmayana və ermənilərlə azərbaycanlılar "on illər və yüzillər boyu olduğu kimi" sülh içində yaşamayana qədər, Qarabağ probleminin nizamlanmasında siyasi məsələlərin müzakirəsini istisna etdi. Ermənistanın əsas müttəfiqi tərəfindən İrəvanda bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir. Bu o deməkdir ki, Artsaxın statusu və ərazi bütövlüyü məsələsi qeyri-müəyyən olaraq qalacaq”. Ardınca bizi “əbədi düşmən” adlandırıb, Risiya diplomatiyasının başçısını qınayırlar ki, birgəyaşayışın mümkün olmayacağını o dərk etmir. Olsun. Törətdikləri cinayətləri yaxşı bildiklərindən bunun qeyri-mümkünlüyünü etiraf edirlər.

Görünən tərəfdən baxdıqda Lavrovun İrəvan səfəri zamanı Azərbaycanın maraqlarına zidd ola biləcək açıqlamalar, bəyanatlar vermədiyinin şahidi olduq, amma görünməyən tərəflərin bəzi detalları Bakı səfərində üzə çıxa bilər. Bunun da bizim maraqlarımıza zidd olacağı inandırıcı deyil.

Rusiya XİN rəhbərinin Minsk Qrupunun fəaliyyətini önəmsəmədiyi də verdiyi cavablardan hiss olundu və bu onu göstərir ki, Qarabağ probleminin həllində Rusiya açarları kiminləsə bölüşmək niyyətindən uzaqdır, sadəcə yeri gələndə manevrlər edir. Məsələn, həmsədrlərin son bəyanatlarına imza atmaqla.

Yeri gəlmişkən, həmsədrlərin son bəyanatında Azərbaycanın azad etdiyi torpaqlar “ münaqişə bölgələri” ( conflict regions) adlandırılıb. Diplomatiyada terminlərin vacib rol oynadığı, bu və ya digər problemin mahiyyətinin terminlərlə həm təsdiq, həm də başqa istiqamətə yönəltmək kimi priyomlardan istifadə edildiyi gizli məsələ deyil. Yaxşı olardı ki, Azərbaycan Xarici İşlər Nazirliyi Minsk Qrupuna bu barədə irad və tövsiyyələrini xatırlatsın.

Sergey Lavrov iki gündən sonra Bakıya gəlir. 10 noyabr 2020 bəyanatından irəli gələn bəzi bəndlərin Ermənistanın, həm də Rusiya sülhməramlıların günahından yerinə yetirilmədiyi Rusiya XİN rəhbərinin diqqətinə çatdırılacağına ümid etməklə, digər məsələlərin, o cümlədən Laçın dəhlizi istiqamətində sərhədə sülhməramlılarla birgə nəzarətin həyata keçirilməsinin mümkünlüyünün də müzakirə olunacağına inanmaq istərdik. Ən azı 20 iyunda İrəvan seçkilərindən sonra qeyd olunan məsələlərin reallaşacağı istiqamətində indidən şərtlərimizi irəli sürməliyik. Lavrovun Bakıya hansı şərtlərlə gəlməsindən asılı olmayaraq təməl maraqlarımız toxunulmazdır.

Ilham Ismayıl İlham İsmayıl
Son xəbərlər
Bütün xəbərlər »