Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib

Azərbaycanlı ictimai fəal Bayram Məmmədovun Türkiyədə ölümü ətrafındakı müəmma hələ də qalır. Onun nəşi Azərbaycana gətirilməyib. Sosial şəbəkələrdə fəalın qətlə yetirilməsi ehtimalı barədə çox danışılır. İstanbul Kadıköy Polis İdarəsinin ilk açıqlamasında şahid ifadələrinə əsaslanaraq, ehtiyatsızlıqdan suda boğulma versiyası önə çıxarılmışdı.

Bizimyol.info xəbər verir ki, Bayram Məmmədovun meyiti atasına göstərilib. İstanbula gedən Fərman Məmmədov oğlunun dostu Elgiz Qəhrəmanla birlikdə morqda olub. Elgiz Qəhrəmanın bildirdiyinə görə, Bayramın həyatını itirməsi “şübhəli ölüm” kimi qeydə alınıb.

İctimai fəalın dostu meyiti görmək üçün onlara təxminən 15-20 dəqiqə vaxt verildiyini söyləyib. Elgiz Qəhrəman xeyli bürokratik əngəllə üzləşdiklərini deyib: “Bizi çox gözlətdilər. Bayramın kimliyi hələ ölən günü müəyyən edilibmiş”.

Elgiz Qəhrəmana polis idarəsində kamera görüntülərinin əldə edilməsi üçün təhqiqat başlandığını deyilib. Bayram Məmmədovun dostu istintaqın uzun çəkəcəyini ehtimal edir.

Azərbaycanlı ictimai fəalın mayın 2-də günorta saatlarında həyatını itirdiyi bildirilir. Polis ilk açıqlamasında Bayram Məmmədovun suya düşən başmağını götürdüyü üçün dənizə atıldığı, sahil güvənlik xidmətinin əməkdaşlarının fitlə çağırışına məhəl qoymayaraq, batdığı qeyd olunmuşdu. Bu açıqlamadan sonra ictimai fəalın yaxınları və əqidə yoldaşları kamera görüntüləri tələbini səsləndirməyə başlamışdı.

Mayın 4-də Bayram Məmmədovun dostları ondan iki gün xəbər ala bilmədiyinə görə polisə üz tutmuşdu. Onlar təqdim edilən meyit fotosundan ictimai fəalı tanımışdılar.

Bayram Məmmədov axırıncı dəfə ailəsi ilə mayın 1-də əlaqə saxlayıb. Atası ilə söhbət zamanı bir həftəyə Bakıya gələcəyini bildirib.

Bayram Məmmədov Böyük Britaniyada ali təhsil almaq imkanı əldə etmişdi. O, hazırlıq prosesini Türkiyədə keçmək qərarı vermişdi.

Sosial şəbəkələrdə yazılanlardan belə qənaətə gəlmək olur ki, Bayram Məmmədovun yaşadığı ərazidən boğulduğu bildirilən Moda sahilinə qədər xeyli kameralar var. Kamera görüntülərinin həqiqəti üzə çıxara biləcəyinə inananlar çoxdur.

Son xəbərlər
Bütün xəbərlər »