Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Heydər Əliyev liderliyinin qalibiyyət və zəfər rəmzi!
Heydər Əliyev liderliyinin qalibiyyət və zəfər rəmzi!

İlham Əliyev: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”

Dünyada elə bir xalq tapmaq olmaz ki, milli tarixinin ən mürəkkəb mərhələsində onun taleyində müstəsna rol oynamış, dövlətçilik ənənələri formalaşdırmış milli lideri olmasın. Çünki liderlərin mənalı və zəngin həyat səhifələrini vərəqləyərkən, addımlarının təhlillərini apararkən onların mənsub olduğu xalqların da dövlətçilik ənənələri, tarixi, inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranır. Bu dahi şəxsiyyətlər yüksək mənəvi aləmləri ilə, ali bəşəri və milli ideallara, ümummilli mənafelərə ürəkdən bağlılıqları ilə milyonların qəlbində özləri üçün möhtəşəm abidə ucaldırlar. Bu mənada, xoşbəxt xalqıq ki, bimiz də əbədiyyət abidəmiz var – ULU ÖNDƏR HEYDƏR ƏLİEV!

Uca Tanrının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər xalqlarının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaradırlar. XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin siyasi portreti də Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Məhz Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində müstəqil Azərbaycan xarici siyasətində etibarlı tərəfdaşlıq və sabitlik mərkəzi kimi çıxış edən, iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, “dövlət-vətəndaş” birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrilib.

Heydər Əliyev həmin ilin iyulunda Bakıya gəlir və Onu qarşılayanlardan biri kimi Ulu Öndərimizlə ilk tanışlığımız olur

Dünya siyasət arenasında unudulmaz şəxsiyyətlərdən olan Heydər Əliyevin rəhbərliyi altında uzun müddət işləməyim, eləcə də Onunla şəxsi tanışlığım isə həyatımın böyük şərəfidir. Məhz bu məndada daim xatirələrimdə yaşayan ən mühüm məqamları da qeyd etmək istərdim. Daha dəqiq desəm, ən böyük xoşbəxtliyim və ömrüm boyu unutmayacağım hadisə dahi şəxsiyyət Heydər Əliyevlə yaxından tanış olmaq imkanının mənə nəsib olmasıdır. Ulu Öndərlə ilk görüşüm isə məhz tarixi məqamlara söykənir. Belə ki, sovet rəhbərliyinin 1990-cı ilin yanvarında xalqımıza qarşı qanlı faciə törətdiyi ən ağır vaxtda Heydər Əliyev həyatını təhlükə altına ataraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib, 20 Yanvar faciəsinə siyasi qiymət verərək, mərkəzin və respublika rəhbərliyinin hüquqazidd əməllərini ifşa etmişdi. Tarixin məsuliyyətli və çətin, lakin şərəfli dövründə xalqı ilə olmağı, ona kömək etməyi vacib bilən Heydər Əliyev həmin ilin iyulunda Bakıya gəlir və Onu qarşılayanlardan biri kimi Ulu Öndərimizlə ilk tanışlığımız olur. Lakin həmin çətin vaxtlarda qardaşı Cəlal Əliyevin evində qalan Heydər Əliyevə qarşı təhdidlər səngimir, xəyanətkar qüvvələr isə Onu Bakını tərk etmədiyi təqdirdə istənilən hadisənin baş verə biləcəyi ilə hədələyir, təhdid edirdilər. Nəticədə Heydər Əliyev Naxçıvana getmək məcburiyyətində qalır. Yaxşı xatirimdədir, Cəlal Əliyevlə görüşümüzdən sonra ertəsi gün Heydər Əliyevi Naxçıvana yola salmaq üçün aeroporta apardıq və Onu təyyarənin salonunadək ötürdük. Həmin anda mən əmin idim ki, bu gediş deyil, tarixi dönüşün başlanğıcı idi və bu an - bilavasitə Heydər Əliyev dühasının qətiyyətli varlığı artıq müstəqil Azərbaycanın tarix salnaməsinə qızıl hərflərlə həkk olunmağa başlamışdı.

Sonralar da Naxçıvanda olarkən, Ulu Öndərlə görüşlərimiz oldu. Yaşının çox və səhhətində müəyyən problemlərin olmasına baxmayaraq, hər zaman qamətli duruşu, daxili gücə və özgüvənə sahib olması, simasında ifadə olunan möhkəm iradə və qətiyyət, səsindəki amiranəlik Ümummilli Liderin bundan sonra da xalqına xidmət etmək iqtidarında olduğunu kifayət qədər əks etdirirdi. Bu gerçəklilərdən həm də belə bir nəticə hasil olunurdu: Təbiətən çox təmkinli olsa da, baş verən haqsızlıqlara qarşı hər zaman barışmaz mövqedə idi. O, güclü siyasi fəhmə, taleyüklü məsələləri həll etmək bacarığına, dəmir iradəyə və zəngin idarəçilik təcrübəsinə malik şəxsiyyət idi!

Heydər Əliyev

Uğurların təməlində Heydər Əliyev məktəbinin, uzaqgörənliyinin əsasları dayanmaqdadır

Artıq biz kifayət qədər əminliklə, inamla vurğulaya bilərik ki, tükənməz Azərbaycançılıq məfkurəsinin parlaq mücəssəməsi olan Heydər Əliyev faktoru öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasına, dünyaya örnək olaraq təqdim olunmasına nail olub. Hadisələrə şahidlik edən tariximiz də bunu mərhələlərlə sübut edir.

Tarixi mərhələləri vərəqləyərkən biz qeyd edilən faktorları bir daha nəzərdən keçirməli oluruq: 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa edən xalqımız çox çətin sınaqlardan keçmiş, qanı bahasına qazandığı müstəqilliyi yenidən itirmək təhlükəsi ilə üzləşmişdi. Həmin dövrdə Azərbaycanda müstəqil dövlətçilik maraqları ilə üst-üstə düşməyən, bir çox hallarda isə onlara zidd olan qeyri-ardıcıl, səriştəsiz siyasətin aparılması, silahlı birləşmələrin özbaşınalığı, xaos və vətəndaş qarşıdurması, erməni təcavüzü bu təhlükəni daha da dərinləşdirirdi. Məhz belə bir ağır dövrdə - 1993-cü ildə xalqımızın təkidi və iradəsi ilə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıdaraq müstəqilliyimizi məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli missiyanı öz üzərinə götürdü. Hətta o dövrdə təsəvvür etmək çətin idi ki, ömrünün müdrik çağında olan və çoxsaylı təhdidlərə məruz qalan Heydər Əliyev yenidən hakimiyyətə qayıtsın. Lakin buna rəğmən, O güclü şəxsiyyətin heç nədən çəkinmədən, öz həyatını belə təhlükəyə ataraq meydana atılması xalqı və dövləti qarşısında misilsiz fədakarlığı idi.

Şübhəsizdir ki, Ulu Öndərin apardığı müdrik siyasət nəticəsində müstəqilliyimiz qorunub, atəşkəsə nail olunub, dövlətlə xalqın birliyi təmin edilib. Və əgər bu gün Azərbaycan qalib ölkə olaraq dünyadakı nüfuzunu daha da artırıbsa, 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarını düşmən tapdağından azad edibsə, bütün uğurların təməlində Heydər Əliyev məktəbinin, uzaqgörənliyinin əsasları dayanmaqdadır. Bu əsaslar Azərbaycanı ötən onilliklərdə güclənməsinə, iqtisadi, diplomatik, hərbi sahədə irəliləməsinə şərait yaratdı və əlbəttə ki, Ulu Öndərin siyasət mücəssəməsi məhz bu günlər yaşadığımız Zəfər tariximizə hesablanmış uzun, çətin bir yolun keçidi idi...

Onun hər zaman xalqının yanında olduğuna, onu böyük bir izdihamın müşayiət etdiyinə, hər bir vətəndaşa qayğı ilə yanaşdığına şahid olmuşam

Məhz həyatımın 10 ilə yaxın müddətində Heydər Əliyev kimi dünya şöhrətli dahi şəxsiyyətlə birgə çalışmağım, Onun rəhbərliyi ilə keçirilən tədbirlərdə iştirak etməyim mənə həmin hissləri yaşatmaqdadır. Ümummilli Liderimizin müvafiq qərarı ilə 1993-cü ildən uzun müddət Bakı şəhəri Baş Polis İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərmişəm. Müstəqilliyini itirmək təhlükəsindən yenicə xilas olmuş ölkəmizdə həqiqətən də gərginlik müşahidə olunurdu. 1993-1998-ci illərdə paytaxt Bakı kimi böyük bir şəhərin təhlükəsizliyi, sözsüz ki, təmin olunmalı idi. Xaricdən təlimatlandırılmış qaragüruhçu qüvvələr demək olar ki, günaşırı mitinqlər, aksiyalar, küçə yürüşləri keçirir, müxtəlif sifariş və təxribat xarakterli addımlar atılırdı. Bütün bunların öhdəsindən gəlmək isə asan iş deyildi. Ancaq dahi rəhbərin qarşımızda qoyduğu tapşırıqları yerinə yetirmək ən ümdə vəzifəmiz idi. Biz dövlətçiliyimizin qorunması, müdafiəsi, vətəndaşlarımızın mühafizəsi, təhlükəsizliklərinin qorunması, ən nəhayəti isə, ölkəmizin inkişafı naminə dönməz mövqe sərgiləməyi məhz Ulu Öndərimizin qətiyyətindən öyrənmişdik, bəhrələnmişdik. Ümumiyyətlə, Heydər Əliyevin böyüklüyü, dövlətçilik səriştəsi həm də onda idi ki, o, hüquqi dövlət quruculuğu işində humanizm prinsiplərindən yerində və düzgün istifadə etməyi uzaqgörənliklə, müdrikliklə bacarırdı. Onun hər zaman xalqının yanında olduğuna, onu böyük bir izdihamın müşayiət etdiyinə, hər bir vətəndaşa qayğı ilə yanaşdığına şahid olmuşam. Heydər Əliyev Azərbaycanı Vətən, dövlət olaraq çox sevirdi, azərbaycanlı olması ilə fəxr edirdi. Azərbaycan kəlməsini gözləri yaşara-yaşara söyləməsi Onun Vətənə olan sevgisinin əyani təzahürü idi. Xalqın əbədi sevgisini qazanan Ulu Öndər Heydər Əliyev daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına dövlət müstəqilliyimizi yenidən bərqərar etdi. Azərbaycan dağılmaqda olan ölkədən inkişaf edən ölkəyə, vətəndaş müharibəsi astanasında olan ölkədən vətəndaş həmrəyliyi olan ölkəyə çevrildi.

Burada bir məqamı xüsusilə diqqətə çatdırmaq istərdim. Məhz Ulu Öndər Heydər Əliyevin atəşkəsə nail olandan sonra bütün gücünü, diqqətini ordu quruculuğuna yönəltməsi artıq bizlərə o anlamı verirdi ki, işğal altında qalan torpaqlarımız gec-tez düşməndən azad olunacaq və bu amil Onun ən ümdə vəzifəsi idi. Heydər Əliyev gecə və gündüz Qarabağın azad olunması üçün fəaliyyət göstərir, iqtisadiyyatı gücləndirir, bu sahənin sayəsində ordu quruculuğunun formalaşdırılması istiqamətində mühüm qərarlarını verirdi. O, bilirdi ki, Qarabağın azadlığı güclü ordudan, bacarıqlı əsgər və zabit heyətindən keçir. Bu baxımdan da hər an, hər dəqiqə belə məqamları dərindən təhlil edir, nəticələrə gəlir və qərarlarını verirdi. Bu, Onun uzaqgörən siysətinin tərkib hissəsi idi. Məhz belə bir məqamlarda Heydər Əliyev şəxsiyyətinin rəhbərliyi altında çalışmaq mənə, mənimlə çalışan əməkdaşlara davamlı stimul verirdi. Bütün bunlar unudulmayacaq qürur, yaddan çıxmayacaq fərəh və şərəf gerçəkliyidir!

Azərbaycan xalqının Dahi Oğlu Heydər Əliyev məktəbinin, irsinin müdavimi olan cənab Ali Baş Komandanımız İlham Əliyevin “Qarabağ Azərbaycandır!” kəlamı və Onun “Dəmir Yumruq”u hesabına yağı düşmənin başını əzildi

Bu gün Azərbaycan xalqı 200 illik tarixini bərqərar edib – Ulu Öndər Heydər Əliyevin siyasi və layiqli varisi, Ali Baş Komandan, Prezident İlham Heydər oğlu Əliyev cənablarının qətiyyəti, dönməz iradəsi, Liderliyi və Sərkərdəliyi sayəsində. Bəli, Azərbaycan xalqının Dahi Oğlu Heydər Əliyev məktəbinin, irsinin müdavimi olan cənab Ali Baş Komandanımız İlham Əliyevin “Qarabağ Azərbaycandır!” kəlamı və Onun “Dəmir Yumruq”u hesabına yağı düşmənin başını əzildi. Azərbaycan Ordusu bütün dünyaya nümayiş etdirdiyi Qarabağ zəfəri ilə yeni hərb tarixini də yazmış oldu. Yeni hərb tarixinin yazılması isə çox çətin, hətta deyərdim ağır işlərin, zəhmətlərin sayəsində əldə eidlib. 44 gün ərzində qazanılan qalibiyyət yürüşü enişli-yoxuşlu yolların aşılmasından sonra baş tutdu. Mənfur düşmən üzərində 2016-cı ildə qazanılmış Aprel zəfəri, eləcə də 2018-ci ildəki Günnüt qalibiyyəti məhz 2020-ci ilin 10 noyabr qalibiyyətinə doğru aparan şərəf yolu olaraq tariximizə yazılıb. Bu, eyni zamanda, Xalq-Dövlət-Ali Baş Komandan gerçəkliyinin məntiqi nəticəsi idi. Bu vəhdət, bu birlik dünyanın bütün ölkələrindən heyrətlə izlənildi, Azərbaycan dövlətinin nə qədər dərin əsaslara, təməllərə söykənməsi faktının şahidi oldu.

44 günlük haqq savaşı adlarını tariximizə əbədi həkk etdirən qəhrəman şəhid və qaziləri tanıtdı. Azərbaycanımızın məğrur, vətənpərvər, cəsur oğullarını nəsillərimiz tanıdı və daim gələcək irsimizə tanıdacaq. Vətən uğrunda qanını canını fəda edən şəhidlərimiz, sağlamlığını qurban verən qazilərimizin vətən borcu ödəndi. Hər qarış torpaqlarımızın azad olunmasına görə onlara borcluyuq və heç zaman unutmamalıyıq.

Təbii ki, artıq Azərbaycan dünyanın ən güclü orduları sırasında yer alır və bunu 5-ci nəsil müharibə uğurları ilə isbatlayıb. Ən müasir hərbi texnologiyalardan tutmuş zirehli texnikalara, PUA-lara, tank və helikopterlərə, qırıcı təyyarələrə və s. Aresnallara sahib olan Silahlı Qüvvələrimiz bundan sonrakı müddətdə də gücləndirilməkdə davam etdiriləcək. Cənab Prezident öz çıxışlarında bu məqamlara da toxunub və bəyan edib ki, Azərbaycan Ordusu davamlı şəkildə gecləndirilmək məqsədini reallaşdıracaq.

İlham Əliyev və birinci xanım Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar İlham Əliyev, Mehriban Əliyeva

Ali Baş Komandanımız iki cəbhədə öz "Dəmir Yumruğ"unu göstərdi - Qarabağda və mediada və hər iki cəbhədə də qətiyyətli qələbə qazandı

Yeri gəlmişkən, daha bir mühüm məqama da toxunmaqla qeyd etmək istərdim ki, 44 günlük Vətən müharibəsi dövründə cənab Prezident İlham Əliyev eyni zamanda Ali Baş Komandan kimi demək olar ki, dünyanın 30-dan çox aparıcı və nüfuzlu media qurumlarına geniş tərkibli müsahibələr verdi və yüksək maraqla izlənən bu müsahibələrin hər biri, həmçinin düşmənlə aparılan informasiya müharibəsində qalibiyyət simvoluna çevrildi. Təsəvvürünüzə gətirin, müharibə aparan bir ölkənin dövlət başçısı ağır iş rejimi və qrafiki olmasına baxmayaraq, mediaya xüsusi diqqət göstərdi. Belə ki, düşmənə cəbhədə verilən layiqli cavablar media məkanında da verilirdi. Deyərdim ki, Ali Baş Komandanımız iki cəbhədə öz "Dəmir Yumruğ"unu göstərdi - Qarabağda və mediada və hər iki cəbhədə də qətiyyətli qələbə qazandı. Söz yox ki, dövlətimizin başçısı buna qədərki dövr ərzində, daha dəqiq desək, 10 noyabr Bəyanatından sonrakı atəşkəs müddətində də azad olunmuş ərazilərimizə etdiyi çoxsaylı səfərləri zamanı düşmənə xatırlatdı ki, əgər hər hansı bir təxribata, pozuntulara yol verilərsə, cavab əvvəlkindən də ağır olacaq.

Artıq Ermənistanın qarşısında yenilməz, müasir və çevik, qüdrətli Azərbaycan Ordusu dayanıb!

Bu baxımdan, cənab Ali Baş Komandan İlham Əliyev qarşıda dayanan məsələlər barədə verilən suaları da cavablandırarkən vurğuladı ki, Ermənistan tərəfi yeni reallıqlarla barışmalı, bizimlə hesablaşmalı, sülh və əminamanlığı bərpa etməklə regionun inkişafından bəhrələnməlidir. Bu gün Ermənistanın yalnız iqtisadi, soasial deyil, həm də hərbi-siyasi böhran içində olması, ölkə daxilində hərc-mərcliklərin davam etməsi, eləcə də keçmiş hakimiyyətdən olan revanşistlərin yenidən iqtidara can atmaları 10 noyabr Bəyanatının pozulmasına yönəlmiş addımlardır və Ermənistan Bəyanatının müddəalarını icra etməzsə, onlar üçün əvvəlkindən də böyük problemlərin yaranmayacağına kimsə zəmanət verə bilməz! Artıq Ermənistanın qarşısında yenilməz, müasir və çevik, qüdrətli Azərbaycan Ordusu dayanıb!

Ali Baş Komandanın tarixi hesabatı...

Qarabağımızın azad olunmasının ən həssas məqamı isə qədim tarixi mədəniyyət irsimiz Şuşanın düşmən tapdağından azad edilməsi oldu. Cənab Ali Baş Komandan İlham Əliyevin Şuşamızın azad olunması ilə bağlı dediyi fikirləri isə hər bir azərbaycanlının qəlbini riqqətə gətirdi. “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

Bəli, bu, həm də bir tarixi və mənəvi hesabat idi – Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin xalqımızın Ulu Öndəri, Ümummilli Lideri, Əbədiyyət Simvolu Heydər Əliyevə verilən qürur, şərəf hesabatı!

“YAŞAT” Fondu – Azərbaycan dövləti hər zaman öz əsgərinin yanındadır!

Artıq o da məlumdur ki, ötən il dekabrın 8-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – "YAŞAT” Fondunun yaradılması ilə bağlı fərman imzalandı. Belə ki, 44 günlük haqq savaşı adlarını tariximizə əbədi həkk etdirən qəhrəman şəhid və qaziləri tanıtdı. Azərbaycanımızın məğrur, vətənpərvər, cəsur oğullarını nəsillərimiz tanıdı və daim gələcək irsimizə tanıdacaq. Vətən uğrunda qanını canını fəda edən şəhidlərimiz, sağlamlığını qurban verən qazilərimizin Vətən borcu ödəndi. Bizlər hər qarış torpaqlarımızın azad olunmasına görə onlara borcluyuq və heç zaman unutmamalıyıq. Məhz “YAŞAT” Fondunun yaradılması və bu qurumun üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməsi də belə qənaətə gəlməyə zəmin yaradır ki, Azərbaycan dövləti hər zaman öz əsgərinin yanındadır! Şəhid ailələrinə və onların övladlarının təhsillərinə, sosial-məişət həyatlarına göstərilən diqqət və qayğı ilə yanaşı, qazilərimizə, müharibə zamanı ağır yaralanan, əlil qalan hərbçilərimizə tətbiq edilən bütün imkanlar dövlət və ordu birliyinin nə qədər möhkəm dayaqlara söykəndiyini əks etdirməkdədir. Hazırkı dövrə qədər müalicələri yalnız xarici ölkələrdə mümkün olan onlarla hərbçilərimiz sonradan Azərbaycana ən sağlam şəkildə geri qayıtdılar. Həmçinin, onların mülki həyatda işlə təminatları məsələsi də daim dövlətin diqqəti mərkəzindədir.

Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və tapşırığı ilə həyata keçirilən sosial dəstək və dayaq məqsədli yardım aksiyaları, şəhid və qazi ailələrinə xüsusi həssaslıq və qayğı ilə yanaşma xalqımız tərəfindən daim rəğbət və sevgi ilə qarşılanır. Bizlər isə inanırıq və əminik ki, Xilaskarlıq Missiyası xalqımızın həmrəylik və milli birlik ruhunda hər zaman uğurla davam edəcək və ölkəmiz daim qüdrətlənəcək, çünki bu missiyanın təməl prinsipi Qələbə və Zəfər gerçəkliyidir.

Azad olunmuş torpaqlarımızda düşmən izlərini gördükcə, digər əminliyimiz də artır – bu torpaqlarımız bilavasitə cənab Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən dirçəldiləcək, abadlaşdırılacaq, dünyanın ən gözəl cənnət guşələrinə çevriləcək

Məqaləmin sonunda 2021-ci ilin 3-4 may tarixlərində “Qubadlı” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə etdiyim səfər və onun təfərrüatlarını bölüşmək istərdim. Qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyətinin yoxlanılması, son müddətdə bu ərazilədə aparlan işlərlə tanış olmaq üçün reallaşdırılan səfərdə bir daha şahidi oldum ki, yağı düşmən nə qədər mənfur biri olub. Demək olar ki, heç bir salamat bina, ev, tikili və sosial infrastrukturu olmayan bu ərazilərin 30 ilə yaxın müddət ərzində talan edilməsi, dağıdılması da sübut edir ki, düşmənlərimiz heç bir insani dəyərlərə, şərəf və ləyaqətə sahib olmayanlar sırasında yer alırlar. Əlbəttə ki, onlar bu vandalizm akdlarına görə də mütləq cavab verməli olacaqlar. Erməni işğalçılarının “Ohanyan müdafiə xətti” deyilən bufer zonalarından həm də belə nəticəyə gəlmək olar ki, onlar işğalçılıq niyyətlərini uzun illərə bağlayırdılar. Ancaq onların bu istəkləri nəticəsiz qaldı və bu gün azad olunmuş torpaqlarımızda düşmən izlərini gördükcə, digər əminliyimiz də artır – bu torpaqlarımız bilavasitə cənab Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən dirçəldiləcək, abadlaşdırılacaq, dünyanın ən gözəl cənnət güşələrinə çevriləcək.

Səfərimizdən öncə məhz bu ərazilərimizdə Azərbaycan zabitinin, əsgərinin qürurunun, qartal baxışlarının erməni zabitini necə məyis etməsi görüntülərini izləmişdim. Təkcə bu görüntü də sübut edir ki, Azərbaycan Ordusu bundan sonra heç vaxt və əsla düşmənin ayaq açıb-yürüməsinə izn verməyəcək. Bu dədə-baba torpaqlarımız əmin əllərdə, etibarlı nəzərlərdə qorunur, mühafizə olunur.

Eyni zamanda, həmin əraziləri müşahidə edərkən daha bir düşüncəyə daldım ki, zamanında Ulu Öndər Heydər Əliyev bu ərazilərdə mühüm iqtisadi, sosial zonalar yaradaraq həm də təsərrüfatın inkişafı üçün nəhəng işlər həyata keçirmişdi. İndisi isə onlardan əsər-əlamət qalmayıb. Ona görə də əminəm ki, sonrakı proseslərdə bu ərazilərimiz daha da abad vəziyyətə gətirilməsi ilə yanaşı, dünyanın diqqətinə də özünə cəlb edəcək. Bizim xalqa, bizim ölkəmizə və dövlətimizə yalnız qələbə, zəfər yaraşır və bu zəfəri bizlərə yaşadan Ulu Öndər Heydər Əliyevin layiqli siyasi varisi Müzəffər Sərkərdəmiz, Ali Baş Komandanımız cənab İlham Əliyevdir. Bu siyasət yaşadıqca, yaşadıldıqca Azərbaycanı qarşıda daha böyük zəfərlər, qələbələr gözləyir!

Məhərrəm Əliyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi -Prezident Administrasiyası hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik

Son xəbərlər
Bütün xəbərlər »