Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 7, 8 və 9 saylı köməkçi yardım stansiyasının işçiləri dünən axşam radələrində tətil elan edərək işi dayandırıblar.
Öz həyatını, ailəsini təhlükə qarşısında qoyaraq, alın təri ilə qazandıqları əmək haqqını ala bilməyən işçilər çağırışlara getməkdən imtina etmək məcburiyyətində qalıblar.
Səhiyyə işçiləri özlərinin virusdan qorunması üçün lazımı mühafizə vasitələri ilə vaxtında təmin olunmadıqlarından ailə üzvlərini də yoluxdurduqlarından şikayətləniblər. Onlar bildiriblər ki, dəfələrlə rəhbərliyə müraciət etsələr də, məsələ öz həllini tapmayıb. Səhiyyə işçiləri məcbur qalaraq səslərini eşitdirə bilmək üçün kütləvi formada işi dayandırmaq qərarına gəliblər.
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev etirazçıların qarşısına çıxsa da onları sakitləşdirib, iş başına qaytara bilməyib.
Qeyd edək ki,“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarının 1.2. maddəsinə görə təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində müddətli əlavə müəyyən edilib.
Deputat Razi Nurullayev Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Covid xəstələri ilə işləyən həkimlərin əmək haqlarına kifayət qədər böyük artımlar edilib və onlar vaxtı- vaxtında verilməlidir ki, insanların işləmək üçün stimulu, mativasiyası olsun.
“Həmin həkimlər öz həyatlarını riskə ataraq pasientlərlə işləyirlər. Əgər doğurdan da təcili yardım həkimləri belə bir tətilə çıxıblarsa, problem demək ki, çox kəskin və məşəqqətlidir. Çünki Azərbaycanda bu şəkildə etiraz etmək o qədər də yaxşı qəbul olunmur. Demək ki, bu insanlar son çarəni tətilə çıxmaqda görüblər. Bu məsələ tezliklə həllini tapmalı və həkimlər onlara çatacaq bütün məbləğləri son qəpiyinə qadər almalıdır”.
Leyla Mirzə