Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
“Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”

1995-2000-ci illərdə ölkənin Baş prokuroru, 2001-2020-ci illərdə isə Azərbaycanın müxtəlif dövlətlərdə səfiri olmuş Eldar Həsənovun həyatının təhlükə altında olduğu bildirilir. Onun vəkillərinin sözlərinə görə, həbsdə olan sabiq səfirin vəziyyəti çox ağırlaşıb.

Bizimyol.info xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında Eldar Həsənova baş çəkiblər. Vəkil Valeh Mehralıyevin veridiyi məlumata görə, sabiq səfir haqqında tibbi sənədlər onlara təqdim edilib. Həmçinin onun saxlanma şəraiti ilə tanış olublar:

Valeh Mehralıyev Valeh Mehralıyev

“Eldar Həsənovun tibbi sənədlərini və qəbul etdiyi dərmanları nəzərdən keçirəndə təəccübləndilər. Bildirdilər ki, koronavirusa yoluxmada yüksək risk qrupuna daxil olan 66 yaşlı bir adamın səhhətinin bu dərəcədə kritik olmasına baxmayaraq, xəstəxanaya aparılmaması normal deyil. Komitə əməkdaşları məsələ ilə bağlı mandatları çərçivəsində dəstək olacaqlarını bildirdilər”.

Vəkilin sözlərinə görə, Eldar Həsənovun səhhətindəki problemlərin kəskinləşməsi, onun vəziyyətinin ağırlaşması və həyatı üçün təhlükə yaranmasıyla əlaqədar təcili tibbi müdaxiləyə ehtiyac var. Buna görə istintaq qarşısında bir neçə dəfə vəsatət qaldırılıb, onun xəstəliyi üzrə ixtisaslaşmış həkimlərin sabiq səfirin yanına buraxılmasına icazə istənilib. Lakin prokurorluqdan “yox” cavabı alıblar: “2020-ci il sentyabrın 20-də Eldar Həsənovun ürək əməliyyatı planlaşdırılmışdı. Eldar Həsənovu 10 ildən artıq müayinə edən həkimin tibbi göstərişi vardı ki, əməliyyat olunsun. Lakin Eldar müəllimin avqustun 13-də saxlanılması ilə əməliyyat təxirə düşdü. Ürəyi ilə yanaşı, bağırsağında ciddi problemlər var. Bağırsaqda davamlı qanaxma müşahidə olunur. Eyni zamanda, onurğa sümüyündə böyük ölçülərdə bir neçə yırtıq var. Otura, bəzən dura bilmir, çəliklə hərəkət edir. Dəfələrlə yıxılıb. Ayaqlarında tutulmalar var, sağ ayağını hərəkət etdirə bilmir. Təcili xəstəxana şəraitində müayinə, müalicə və əməliyyat olunmalıdır”.

Sabiq səfirin işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Buna baxmayaraq, o, DTX-nın istintaq təcridxanasında saxlanılır. Çünki Eldar Həsənov ötən ilin avqustunda DTX əməkdaşları tərəfindən saxlanmış və bu qurumun İstintaq Baş İdarəsində Xarici İşlər Nazirliyinin vəzifəli şəxslərilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınmışdı. Sonradan onun işi DTX-dan prokurorluğa göndərildi. Eldar Həsənovun öz istəyilə o, DTX-dan köçürülmədi.

Vəkili deyir ki, Eldar Həsənov DTX-nın istintaq təcridxanasındakı münasibətdən razıdır: “Özü deyir ki, əgər DTX təcridxanasında yox, başqa saxlanma yerində olsaydım, həyatımı itirərdim. Ona xüsusi diqqət və qayğı göstərirlər. Çox ağır dərman preparatları qəbul edir. Bu dərmanlar orqanizminə pis təsir edir. Ailə üzvləri, övladları çox narahatdırlar, təcrid vəziyyətində olduğuna görə görüş imkanı məhduddur. Onun həbsinin ev dustaqlığı ilə əvəzlənməsi iə bağlı verdiyimiz vəsasətlər də rədd edilib”.

Sabiq səfirin vəkilləri onun səhhətindəki problemlərlə əlaqədar ev dustaqlığına buraxılması üçün bir neçə dəfə məhkəməyə müraciət etsələr də, onların bu barədə vəsatətləri təmin olunmayıb.

Eldar Həsənov 2020-ci il avqustun 13-də DTX tərəfindən saxlanılıb. Avqustun 14-də Bakının Səbail rayon Məhkəməsi hakim Azər Tağıyevin sədrliyi ilə onun barəsində həbs qərarı verilib. Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb. Amma o, ittihamlarla razılaşmır və özünü təqsirli bilmir.

Eldar Həsənov 2013-cü ildən 2020-ci ildə həbs olunana qədər Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri idi. O, bundan öncə 2001-2013-cü illərdə Rumıniyada səfir olub.

Son xəbərlər
Bütün xəbərlər »