Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir sabah Füzulidə, bir sabah Şuşada...
Bir sabah Füzulidə, bir sabah Şuşada...

İllər öncə canımızdan bir parça kimi qopardılan, adını səsləyərkən səs tellərimizin titrədiyi Füzulidə bir sabah oyanmaq necə olardı - bilməzdik. Amma o sabah çox yaxındır, daha əlçatandır artıq.

Yazıya bacardığım qədər nikbin notlarla başlamaq istədim. Bir igid ömrü deyilən illəri ayrı ötürdüyümüz, amma bir igid ömrü qədər vaxtı daha keçməsin deyə canından keçən igidlərimizin sayəsində təkcə Füzulidə deyil, bütün Qarabağda günəş sabah şəfəqləriylə üzümüzə sığal çəkir. Qarabağda artıq səma da gülümsəyir. Ya da səmadan bizi izləyən şəhidlərimizin təbəssümüdür. Bunu düşünəndə, hiss edəndə qəlbimizin sarı simi dillənir.

Bakının yuxulu səhər mehindən ayrılıb gəldik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin təşkilatçılığıyla "Zəfər Yolu"nun inşasıyla yerində tanış olmaq məqsədiylə media nümayəndələri olaraq yola çıxdıq. Qarabağdan gözümüzə ümid işığı salan bu yol, tezliklə ayaq basacağımız, əyilib öpəcəyimiz, toxunacağımız torpaqlarımıza qovuşduracaq. "Xarı bülbül", "Ay Laçın", "Qarabağ" mahnı sədaları altında illərdir həsrətindən gözümüzün yol çəkdiyi Qarabağa, indi vüsal yolu çəkirik. İndi adı "Zəfər yolu" olan bu yol şəhidlərin qanı bahasına təmizlənib, onların ruhuyla qorunur. Düşmənin nifrətiylə viran qoyduğu torpaqlarımızda indi gələcəyimizə yol çəkirik. Qarabağı qəfəsdən azadlığa qovuşdurduq, indi də qaranlıqdan aydınlığa çıxardırıq.

“Zəfər yolu”

Ömrümün başlanğıcında körpə uşaq gözüylə gördüyüm, tam dərk etmədiyim Füzuli torpağına illər sonra onu yenidən tanımağa başlayan bir gənc kimi ayaq basıram. Elə bil yenidən ayaq açıram. Məhəmməd Füzulinin şərəfinə adı dəyişdirilmiş Qarabulağın ağ suyundan içib, saf havasından öpmək üçün addımlayıram. Doğma babalarımın, ulu babalarımın illər öncə üzərində baldan dadlı üzüm bağları saldığı, atlarla yaylaqlarına yol getdiyi, Arazın sahilində ömür keçirdiyi və ömür bitirdiyi bu torpaqlara bir baba ömrünün ortasında səfər edirəm.

Uşaqlığımda tərifini eşitdiyim bu qara torpaqlarda gəzəcəyimi yuxumda belə görməzdim. Uşaqlıq caxtlarımda qarğıdan "silah" düzəldib çiynimə asıb babamın həyətində oyndığımı xatırladım. Nənəm: "Nə edirsən?" deyə soruşanda: "Vətəni qoruyuram" dedim - bunları xatırlayıram. İndi Vətəni öz müqəddəs ruhları ilə qoruyanların son nəfəsini Qarabağın havasında hiss edəcəm.

Bizi dərin yuxudan oyadan şəhidlərimizin ruhu şad olsun, qazilərimizin canı sağ olsun. Ki, sabah görməyə ümidlərimizin azaldığı bu torpaqlarda bizə sabah görmək üçün canlarını sipər edib ruhlarını bölüşdülər.

İllər öncə bizim idi, illər sonra yenidən Qarabağ bizimdir. Bugünlər də bizimdir, sabahlar da bizim. Bir sabah Füzulidə, bir sabah Şuşada oyanacağımız günü görmək həyəcanıyla.. Bir Qarabağ sabahı arzusuyla..

O. Musa

Son xəbərlər
Bütün xəbərlər »