Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qaqauziya - Türkiyə-Rusiya qarşıdurmasının yeni mərkəzi!
Qaqauziya - Türkiyə-Rusiya qarşıdurmasının yeni mərkəzi!

Türkiyə bu türk torpağından Rusiyanı sıxışdırıb çıxara biləcəkmi?

Son beş ildir regional miqyasda baş verən qarışıq, bir az da böhranlı ictimai-siyasi, iqtisadi, humanitar proseslər fonunda Yaxın Şərq, Qara Dəniz hövzəsi, Aralıq dənizi, Cənubi Qafqaz və Mərkəzi asiya bölgəsində Türkiyə və Rusiyanın geosiyasi və geoiqtisadi, hətta hərbi-siyasi planda toqquşan maraqları bəzən mehriban düşmənçiliklə, arabir isə kövrək iqtisadi əməkdaşlıqla əvəz olunsa da, bu iki ölkənin strateji hədəflərinin tamamən fərqli olduğu kimsədə şübhə doğurmur. Onu demək kifayətdir ki, hər nə qədər müstəqil siyasət yürütsə də, Türkiyə, artıq xeyli on illiklərdir ki, rəsmi Moskvanın ciddi başağrısına çevrilən NATO adlı təşkilatın üzv ölkəsidir, həm də hərbi qüdrətinə görə ABŞ-dan sonra ikinci real güc mərkəzidir. Putin administrasiyası bu xüsusu nəzərdən keçirməyə bilməz.

Qərbdə bir çox siyasətçi və müşahidəçi Türkiyə Cümhuriyyəti başbakanı ilə Rusiya Federasiyası prezidentinin tez-tez birlikdə işlədiyini, bir-birləri haqqında publikaya mövzu olacaq təriflər yağdırmalarını görməyə meylli olsalar da, tarix sübut edir ki, Türkiyə ilə Rusiya arasındakı təbii vəziyyət, sadəcə, acımasız regional rəqabətdir. Son geopolitik hadisələr bunu bizə bir daha xatırlatdı desək, yalan olmaz. Xüsusilə də, Suriya, Liviya və Azərbaycanın ötən il zəfərlə başa vurduğu II Qarabağ müharibəsində, ən son isə Ukrayna böhranında Ankara ilə Moskvanın qarşılıqlı siyasi tutumunu buna misal çəkə bilərik. Bütün bunlarla yanaşı, Türkiyə və Rusiya arasında geosiyasi rəqabət planında tarixi və mədəni bir qırılma xəttinin olduğu, müəyyən qədər gözdən qaçmış daha bir meydan var: Moldovanın cənubunda yerləşən Qaqauz Muxtar Ərazi Vahidi!

İnzibati mərkəzi Komrat şəhəri olan, təxminən 160 min qaqauz türkünün yaşadığı Qaqauziya coğrafi olaraq elə də böyük bir ərazi deyil, etnik və linqvistik olaraq əhalinin 92 faizi türkdür. Qaqauzların mənşəyi ilə bağlı fərqli fikirlər olsa da, ümumi olaraq qəbul olunan tezis budur ki, onlar türk Oğuz boyuna aid toplumdur. Qaqauz adının da Göy Oğuzdan və ya Keykavusdan gəldiyi ilə bağlı informasiyalar var. Buna baxmayaraq, digər türk xalqlarından fərqli cəhəti onların provoslav xristian olmalarıdır. Özləri də etiraf edirlər ki, bəlkə də yeganə türk xalqıdırlar ki, provoslav xristianlığına etiqad edirlər. Türk olsalar da, məişət həyatlarında rus çalarları da yetərincədir. Elə buna görə də, bölgədə qaqauz-türk dili ilə yanaşı ünsiyət baxımından rus dili də ən işlək dildir. Ümumiyyətlə, qaqauz dili slavyan, yunan, roman dil qruplarının təsirinə məruz qalmış bir türk şivəsidir. Konkret olaraq, Türkiyə, Azərbaycan və Türkman türkcəsinə çox yaxın dilləri var. 1991-ci ildə Sovet imperiyası dağıldıqdan sonra müstəqillik qazanan Moldova hökuməti 1994-cü ildə qaqauzlara muxtariyyət verdi. Bununla belə, paytaxt Kişinyovdakı ölkə parlamentində əhalisinin sayı müqabilində təmsilçisi olan və daxili idarəetmə Qaqauz hökuməti tərəfindən həyata keçirilsə də, maliyyə, xarici siyasət, polis, kəşfiyyat, iqtisadiyyat, milli müdafiə məsələləri mərkəzə bağlıdır. Muxtar vilayətdə rəsmi dil modovan, rus və qaqauz dilidir, məktəblərdə dördüncü sinfin son rübünə kimi ana dilləri olan qaqauz türkcəsində dərslər keçilir.

Qaqauziya TİKA

Bu gün Qaqauz Muxtar Vilayəti Moldovanın ən kasıb bölgələri sırasında bəlkə də ən birincisidir. Ən ciddi faktor isə Rusiya faktorudur. Rusiyaya meyllilik qaqauzları hökumətin bir çox iqtisadi və sosial layihələrindən, investisiya proqramlarından kənarda qoyub. Qaqauzlar prinsip etibarilə loyal toplumdur, bununla belə, Moldovanın müstəqillikdən imtina edib Rumıniyaya birləşməsinə qarşı dirəniş göstərirlər. Açıq deyirlər ki, belə bir hadisə baş versə, öz gələcək taleləri barədə təkbaşına qərar verməli olacaqlar. Qaqauziya artıq 200 ilə yaxındır ki, böyük ölçüdə Rusiyanın təsiri altındadır. Ana dilindən çox rus dilində danışan əhali dolanmaq və ayaqda qalmaq üçün son illərə qədər üzünü Şimal qonşumuza tutmuşdu. Ancaq son vaxtlar Rusiya ilə bağlı da ümidləri puç olmaqdadır, çünki dövlət səviyyəsində real dəstək sıfırdır. Məsələnin ən qəribə tərəfi budur ki, ruslar qaqauzların sosial-iqtisadi, məişət həyatında heç bir müsbət dəyişiklik yaratmadıqları halda, onların bütün məsələlərinə burun soxurlar. Hətta hakimiyyət dəyişiklikləri belə, rəsmi Moskvanın direktivləri əsasında müəyyənləşir. Təbii ki, burada yerli idarəetmə orqanlarında möhkəmlənən pulla ələ alınmış ruspərəst qaqauzlar da az rol oynamırlar. Onlarla millətçilər arasında soyuq savaş bu gün də davam edir. Rusiya təsiri qaqauzlara, az qalsın, öz milli kimliklərini, tarixi-mədəni mənşələrini yadırqamaları baxımından da mənfi təsir etməkdədir. Bir sözlə, Qaqauziya ilə yanaşı bütövlükdə Moldovada Rusiya amili, əslində, yeni xəbər deyil. Təkcə Dnestryanı bölgədəki separat rejimi xatırlatsaq, kifayət edər. Artıq 30 ilə yaxındır ki, Rusiya hərbi bazaları oradadır və mərkəzi hakimiyyətin davamlı tələblərinə rəğmən, ərazini tərk etməyi düşünmürlər belə.

Deyir, şər deməsən xeyir gəlməz. Bütün bu neqativ fonun içində qardaş qaqauzlar üçün bir ümid işığı da yox deyil əlbəttə. Uzun müddət Türkiyənin geosiyasi maraqlarından uzaqda qalmış türk torpağı Qaqauziyanın artıq Rus orbitindən çıxmasından ötrü son illər həyata keçirilən davamlı işlər diqqət çəkir. Belə desək, Türkiyənin bölgənin, əsasən biznes-təsərrüfat, elm-təhsil, mədəni mühitini canlandırması səbəbindən Qaqauziyada Rusiya təsiri tezliklə sonlana bilər. Türk dünyasının lider ölkəsi kimi Türkiyə artıq xeyli vaxtdır Qaqauz Muxtariyyətinə hər cür köməklik göstərir. Bunun real işartıları da artıq görünməkdədir. Region Ankara və Moskva arasında bütün sahələr üzrə ciddi rəqabətin ola biləcəyi növbəti geosiyasi meydan olmağa hamilədir. Bu arada prezident Rəcəp Tayyib Ərdoğanın da, nə vaxtsa dünyanın Osmanlı İmperiyasının hökmranlığı altında olmuş hissələrində Türkiyənin təsirini maksimallaşdırmaq istiqamətindəki siyasətini müşahidəçilər hər fürsətdə nahaq qabartmırlar, çünki bu, zaman-zaman özünü bütün çılpaqlığı ilə büruzə verir. Qaqauziya da belə regional təsir zonalarından biridir. Qısa desək, Türkiyənin “arxa qapısı” Qaqauz Muxtar Vilayətində Rusiyanın bu səviyyədə rahat mövcudluğu rəsmi Ankarada təəccüb doğurmaya bilməz və strateji olaraq ciddi əndişə mənbəyi sayılmaqdadır.

Bununla belə, Türkiyə istər Moldova, istərsə də Qaqauz Muxtariyyəti ilə münasibətlərinin möhkəmləndirilməsi üçün bir sıra təşəbbüslər göstərməkdədir. Qeyd edək ki, 2016-cı ildə Türkiyə və Moldova arasında sərbəst ticarətin aparılmasına dair Razılaşmanın imzalanması bu qəbildəndir. Məhz bu anlaşma sayəsində Türkiyə ilə Qaqauz Muxtariyyəti arasındakı əlaqələr də keyfiyyətcə və mahiyyətcə yeni mərhələyə qədəm qoyub. Tarixi-mədəni simsarlığını əsas götürən Türkiyə dövlətinin xüsusi dəstəyi nəticəsində türk iş adamlarının Moldovanın bu cənub bölgəsinə marağı artmaqdadır və ildən ilə yeni layihələrin gerçəkləşdirilməsi üçün imkanlar açılmaqdadır. Yeri gəlmişkən bildirək ki, son beş ildə Qaqauziyadan qardaş Türkiyəyə ixrac üç dəfə artıb. Bölgədə Türkiyə sərmayəli 95 şirkət rəsmi qeydiyyatdadır və bu, hələ başlanğıcdır. 2020-ci ildə Türkiyədən Qaqauziyaya 40 milyon dollara yaxın idxal gerçəkləşdirilib. Qaqauz Muxtar Vilayətindən isə Türkiyəyə yerli məhsulların ixracı son 5 ildə 62,7 faiz artıb. Sənaye və elmi-texnoloji sektoru inkişaf etdirməyi hədəfləyən yerli rəhbərlik Türkiyə şirkətlərinin bu istiqamətlərə investisiya yatırmalarını asanlaşdırmaq üçün yeni iqtisadi qanunlar qəbul edəcəyi gözlənilir. Xarici investorlara vergi məsələsində güzəştlərin tətbiq edildiyi Qaqauziyada sənaye sahələrinə yatırım edəcək Türkiyə şirkətləri üçün ən münbit şəraitin yaradılacağı siyasi hakimiyyətin qarşısında dayanan əsas işlərdəndir. Bununla bağlı mərkəzi hökumətlə danışıqların aparıması ilə bağlı məlumatlar var.

Beləliklə, Türkiyə dövləti son illər Oğuz eli Qaqauzda müxtəlif sosial layihələr reallaşdırmaqdadır, bunlardan yeni xəstəxanaların, məktəblərin, liseylərin, universiterlərin, mədəni-tədris mərkəzlərinin, kitabxanaların inşasını, mətbuat-media quruluşlarının yaradılmasını qeyd edə bilərik. Hələ 2018-ci ildə prezident R.T.Ərdoğan işgüzar səfər çərçivəsində Moldovada olarkən Qaqauziyanı ziyarət etməyi də unutmamışdı. Bu, əslində bir türk dövlət başçısının soydaşlarının yaşadığı başqa bir türk torpağına tarixi səfəri kimi də qiymətləndirilməlidir. Bu səfərdən sonra rəsmi Ankara ilə Qaqauziya rəhbərliyinin təmasları daha sıx xarakter almağa başladı. Nəticədə 2020-ci ilin avqustunda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Qaqauziyaya birbaşa səfər etdi və orada Türkiyə Konsulluğunun qırmızı lentini kəsdi. Qaqauziya o muxtar vilayətlərdən oldu ki, onun ərazisində dünyada ilk dəfə bir ölkənin konsulluğunun açılışı gerçəkləşdi. Bu yaxınlarda isə, konkret fevral ayında Qaqauz Muxtar Vilayətinin başqanı İrina Vlah Ankarada rəsmi səfərdə oldu və maraqlıdır ki, birbaşa prezident Ərdoğanla təkbətək görüş keçirdi. Səfər çərçivəsində mətbuat önünə çıxan başqan Vlah Türkiyənin qaqauzların həyatında artan rolunu yüksək qiymətləndirib: “Türkiyənin qaqauz xalqına dəstəyinin dəyəri-qiyməti yoxdur. Biz bütün qəlbimizlə qardaş Türkiyənin dəstəyini yüksək qiymətləndiririk. Prezident Ərdoğan sayəsində Türkiyə hökumətilə əlaqələrimiz çox istidir, səmimi dostluq və qarşılıqlı hörmətə söykənir”.

Hər nə qədər də xanım Vlah “Moskvanın uşağı” kimi qələmə verilsə də, bir türk qanı daşıdığını hər halı ilə nümayiş etdirməkdən çəkinmir. Qulağındakı sırğadakı “Boz Qurd” və yaxasındakı “Xarı Bülbül” nişanı həmin vaxt gözüaçıq müşahidəçilərin diqqətindən qaçmadı. Elə Türkiyədə səfərdə olarkən verdiyi açıqlamalardan da hiss olunur ki, xanım Vlah rəhbərlik etdiyi bölgənin Rusiya asılılığından qurtulması və milli kimliyin özünüdərki prosesinin başlanması üçün tək nicat yerini Türkiyə və başqa Türk dövlətləri ilə əməkdaşlıqda görür. Hələlik Türkiyənin yaratdığı imkanlardan maksimum yararlanmağa çalışan Qaqauziyanın “dəmir ledi”sinin fikirləri bu planda çox maraqlıdır. Sənaye təmayüllü məktəblərin inşaat layihəsini gerçəkləşdirmək üzərində çalışdıqlarını deyən xanım Vlah, sözügedən layihələrin mühəndislərə təhsil vermək kimi unikal imkanlar açacağını və regiondakı sənaye sahələrinin inkişafına təkan verəcəyini bildirib. “Bu cür layihələr qaqauzların xaricə axınının və bölgədə doğum səviyyəsinin aşağı düşməsi kimi problemlərin həllinə şərait yaradacaq. Gənclərin xarici ölkələrə köçməmələri, öz gələcəklərini öz vətənlərinə bağlamaları, burada işləyib ailə sahibi olmaları üçün bölgəmizdə lazımi şəraiti və şərtləri yaratmalıyıq. Bu mənada Türkiyənin xalqımıza etdikləri ölçüyəgəlməzdir”, - deyə İrina Vlah deyib. Vlah paytaxt Komratda türk sərmayəsilə inşa edilən idman mərkəzinin açılışını da həyəcanla gözlədiklərini dilə gətirib. Qaqauz türkcəsi probleminə də toxunan xanım Vlah, bu dilin qaqauzların milli kimliyini bəlli edən ana faktor olduğunu vurğulamaqla, Qaqauz Türkcəsinin tədrisinin genişləndirilməsinə dair 2018-ci ildən bu yana xüsusi proqramlar tətbiq etdiklərini xatırladıb. Sirr deyil ki, baş verən bu hadisələr Türkiyə-Qaqauz münasibətlərinin artıq fərqli mərhələyə qədəm qoymasının bariz nümunəsi kimi, qonşu dövlətlərin hakim dairələrinin də narahat baxışlarını cəlb etməyə başlayıb. Türkiyə ilə Qaqauz Muxtar Vilayətinin isti münasibətlərindən ən çox qıcıqlanan isə, bölgədə öldürücü təsiri olan Rusiyadır.

Vlah Qaqauzun Bozqurd sırğası və Xarıbülbül nişanı Vlah Qaqauzun Bozqurd sırğası və Xarıbülbül nişanı

Prosesləri diqqətlə təhlil edəndə aydın olur ki, Türkiyə və Rusiya Qaqauziyada təsir dairələrini müxtəlif platformalar üzrə yaymağa çalışırlar və yanaşmalarda fərq nəzərə çarpır. Rusiya daha çox alt səviyyələrdə siyasətə üstünlük verir, belə ki, siyasi partiyalara və namizədlərə maliyyə dəstəyi bu qəbildəndir. Eyni zamanda rəsmi Moskva öz maraqlarının təmin edilməsi üçün regionla olan keçmiş tarixi əlaqələrindən də məharətlə istifadə etməkdə davam edir. Digər yandan, Türkiyə isə hələlik Qaqauziyada yumşaq gücə daha çox yer verməyə üstünlük verir. Belə ki, Ankara Qaqauziya ilə mədəni əməkdaşlığın dərinləşməsinə, o cümlədən iqtisadi əlaqələrin genişlənməsinə böyük diqqət ayırır. Atılan bu addımlar, uzun müddət tamamilə Rusiyanın apardığı ruslaşdırma siyasəti və təbliğatı fonunda bölgədə yaşayan insanların xüsusi rəğbətini qazanmaq baxımından önəmlidir və alınan nəticələr qənaətbəxşdir. İnsanlar hər gün daha yaxşı başa düşməyə başlayıb ki, məhz Türkiyə faktoru yaşadıqları bölgənin inkişafı, sosial vəziyyətlərinin yaxşılaşması, rifah hallarının yüksəlməsi, tarixi-mədəni özünüdərk və kimliyə dönməklə yanaşı, qlobal dünyaya açılım üçün də real imkanlar qazandırmaqdadır. Özlərinin də etiraf etdikləri kimi, əvvəlki illərdən fərqli olaraq, Qaqauzda doğma ana dilində danışanların sayı artmaqdadır. Bundan başqa, Türkiyənin Moldovadakı keçmiş səfiri olmuş Hulusi Kılıcın dəstəyi ilə Komrat Dövlət Universitetində fəaliyyətə başlayan Türkoloji qrup soydaşlarımıza Türkiyə türkcəsini öyrədir. Bu səbəbdən yüksək dövlət qurumlarında çalışanlardan tutmuş sadə vətəndaşlara qədər hər kəsin türk dilinə meyli hər gün daha çox müşahidə olunmaqdadır. Elə bu səbəbdəndir ki, Qaqauziyada indi hər kəs Hulusi Kılıcı məhz bu xoşməramlı təşəbbüskarlığına görə xüsusi rəğbətlə xatırlayır. Bununla belə, rus izini bu türk torpaqlarından asanlıqla silməyin mümkün olmayacağını da qeyd edək. Bir gerçək dəqiqdir: türk-rus qarşıdurması bu bölgədə də həfif-həfif qızışmaqdadır və Qaqauziya hər iki dövlətin maraqlarının toqquşduğu yeni bir regiona çevrilə bilər.

İndi hər kəsi bir sual daha çox düşündürür: Qaqauz Muxtar Vilayətinin yeni Krım olma ehtimalı nə qədərdir? Doğrusu, qaqauzların bu suala cavabı dəqiq deyil. Məsələn, “Ana sözü” qəzetinin baş redaktoru Todur Zanet “Bizi Moldovanın düşməni kimi göstərməyə çalışırlar. Ancaq biz Moldova dövlətinin ən yaxşı vətəndaşlarıyıq. Çünki Moldovanı müstəqil ölkə kimi görmək istəyirik. Moldovanın Rumıniyanın bir əyaləti olmasını istəmirik. Təəssüf ki, bu gün Kişinyovda oturan moldovan öndərlər ölkələrini Rumıniyanın bir parçası hesab edirlər. Qaqauziya isə buna etiraz edir. Tək arzumuz Moldovanın müstəqil ölkə olmasıdır” deyib. Zanet vurğulayıb ki, özlərini Moldovanın tərkibində görürlər. Başqa bir nüfuzlu ictimai-siyasi xadim, Qaqauz Muxtar Ərazi Qurumunda yüksək vəzifələrdə işləmiş Vadim Çeban da yerli mətbuata verdiyi açıqlamasında bildirib ki, onlar Moldovanın müstəqil ölkə kimi qalmasından yanadırlar. “Biz, sadəcə, Moldovanın müstəqilliyini itirməsi fonunda öz taleyimizi müəyyən etmək haqqına sahib olduğumuzu söyləyirik. Moldova müstəqilliyini itirərsə, biz müstəqil ölkəmi olacağıq, yoxsa başqa bir dövlətəmi birləşəcəyik - bu mövzu hələlik mübahisə predmetidir. Ancaq bu gün mən Rusiyaya birləşmənin mümkün olmadığını düşünürəm”, - deyə Vadim Çeban bildirib. Bölgəni tanıyan ekspertlər isə, əminliklə vurğulayırlar ki, Qaqauz Muxtar Vilayətində qərarverici güc hələ ki, Kremldir. Moskvanın nə vaxt hansı qərarı verəcəyi bəlli olmasa da, indilik bölgə siyasilərinin ortaq qənaəti belədir ki, Qaqauzda Krım və ya Donbas ssenarilərinin təkrarlanması mümkün görünmür. Bununla belə, Putin administrasiyası Moldovanın bütünündə və ya ən azından Dnestryanı bölgədə, Qaqauz Yeri və Beltsı kimi təsir rıçaqlarının güclü olduğu regionlarda “beşinci kalon”u ayıq-sayıq tutmaqda davam edəcək. Bir sözlə, prezident seçkilərindən sonra Qərbə yaxınlığı və Rusiyaya nifrəti şübhə doğurmayan yeni bir namizədin prezident seçilməsindən sonra, Moskvanın Qaqauziyanı özünə birləşdirmək yerinə oradakı təsirli gücünü rəsmi Kişinyova təzyiq üçün istifadə etmə siyasəti yürüdəcəyi şübhə doğurmur. Bütün bu baş verənlər fonunda Türkiyənin də Qaqauz Muxtar Vilayətində artan nüfuzu, genişlənən siyasi, ictimai, mədəni əlaqələri “harda aş, orda baş” olan rusları narahat etməyə bilməz.

Bu mənada, kiçik Qaqauz regional siyasətdə potensial rol almaq imkanını özündə saxlayır. Ukrayna böhranında Türkiyənin birmənalı şəkildə Ukraynanın yanında dayanması, Krımın işğalını pisləməsi, Krım türklərinin haqq mübarizəsinə dəstək verməsi, Moskvanın təzyiqləri fonunda Ukrayna ilə hərbi-sənaye sahəsində əməkdaşlığı dərinləşdirməsi sübut edir ki, Ankara regional siyasi məsələlərdə güzəştə getmir və tarixi köklərlə bağlı olduğu xalqların sosial-iqtisadi, siyasi taleyi onun strateji və milli maraqlarına daxildir. Son Qarabağ müharibəsində rəsmi Ankaranın bölgədə güclü Rusiya faktoru ola-ola ilk gündən Azərbaycanın yanında dayanması, ona hərbi-siyasi dəstəyini əsirgəməməsi və nəticədə son yüz ildən sonra Cənubi Qafqaza hərbi-siyasi dönüşü də bu planda xüsusi vurğulanmalıdır. Beləliklə, Qarabağ münaqişəsi, Ukraynanın təhlükəsizliyi, Qara Dənizdə sabitlik, Cənubi Qafqazda bir-birini izləyən gərgin siyasi proseslər və artan Türkiyə-Rusiya regional rəqabəti fonunda Qaqauziyanın da bölgənin geosiyasi müəmmalarında vacib həlqələrdən birinə çevrilmək ehtimalı, məncə, siyasi dairələr tərəfindən gözardı edilməməlidir.

Mirzə Rəşad Bakuvi Mirzə Rəşad Bakuvi

Mirzə Rəşad Bakuvi

Son xəbərlər
Bütün xəbərlər »