Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa deputatları ermənilərə... "əsir" düşdü
AŞPA - Avropa Şurası Parlament Assambleyası

Və ya Qərb siyasətçilərinin anlamaq istəmədiyi gerçəklər haqqında

Avropa Parlamentinin 121 deputatı Avropa Komissiyasının sədrinə və Avropa İttifaqının sədrinə müraciət göndərib. Erməni "əsir"lərin qaytarılmasının Azərbaycandan tələb olunmasını istəyib.

Mənim həmkarlarım haqlı olaraq sual edir: Birinci Qarabağ müharibəsində erməni tərəfin əsir və girov götürdüyü 4000 azərbaycanlı Avrodeputatların yadına düşməyib?! Həm də 27-30 il boyunca. Bu sual ritorikdir; cavabı bəllidir.

Beynəlxalq Qırmızı Xaç Komitəsindən tutmuş ayrı-ayrı missiyalara qədər, BMT-dən ATƏT-ə, Avropa İttifaqından Avropa Şurasına... qədər bütün Qərb təsisatları bu 4000 civarında insanın əsir və girov olduğunu bilirdi. Və susurdu. O insanların ən amansız işgəncələrə məruz qalmasından tutmuş ən ağır, zərərli və alçaldıcı işlərdə işlədilməsinə qədər, daxili orqanlarının çıxarılıb satılmasından tutmuş fiziki və mənəvi təhqir olunmasına qədər məlumatları var idi. Ancaq özlərini görməməzliyə vururdular. Və hələ də buna davam edirlər.

Azərbaycan bu illər ərzində əsir və girovların "hamının hamıya" prinsipi ilə dəyişdirilməsini təklif və təkid edirdi. Avropanın bundan da xəbəri var idi; bu məsələ rəsmi danışıqlar masasında, beynəlxalq təşkilatlarda qaldırılırdı. Ancaq Qərb siyasətçiləri bunu "eşitmirdi".

Fikir verdinizsə, söhbət minlərlə azərbaycanlı əsir və girovdan gedir. Girov qisminə ayrıca diqqət edək: əsir hərbi qulluqçulardan olur, girov isə mülki şəxslərdən. Həm də minlərin tam çoxluğu girovlardır. Yəni dinc əhali. Deməli, erməni tərəf (arxasındakı güclərlə birlikdə) Azərbaycan ordusundan da daha çox Azərbaycan xalqına qarşı müharibə aparıb. Avrodeputatların görməli olduğu birinci gerçək budur.

İkinci gerçək: girov götürmək terrorçuluğun əsas əlamətidir. Yəni Ermənistan dövləti terror təşkilatı kimi davranıb. Onu dəstəkləyənlər isə terroru və terrorçuluğu dəstəkləmiş olublar. Terrorçu ilə eyni zehniyyəti bölüşüblər. Bu arada Ermənistan tərəfi minalanmış ərazilərin xəritələlərini verməkdən yayınır. O ərazilərdə o minalardan təkcə hərbçilər zərər çəkmir; orda mülki şəxslər, təbii ki, hərbi kontingentin sayından qat-qat daha çox olacaq. Avrodeputatlar erməni "əsir"lərin hayına qalmaqdansa, əvvəlcə bu minalanmış xəritələri Ermənistandan tələb etməli, Azərbaycana verilməsində israrlı olmalı idilər.

Üçüncü gerçək: müharibə Azərbaycanın ərazisində gedib. Ermənistan əsgəri Azərbaycan ərazisində nə gəzirdi ki, onu "əsir" götürələr?! Bu sual da ritorikdir. İşğalçı əsgərin başını kim sığallayır ki?!

Bunlardan Avropa deputatlarının xəbərsiz olması da mümkün deyil.

Avrodeputatlar "əsir"lərin buraxılmasını istəyir. Ancaq müharibə dayanandan, Ermənistan kapitulyasiya edəndən sonra Azərbaycan ərazisində Azərbaycan ordusu və əhalisi əleyhinə təxribat-diversiya əməliyyatları aparmış Ermənistan əsgərlərini "əsir" adlandırmaq ən azı savadsızlıq, əslində isə riyakarlıqdır. Belə çıxır ki, Avrodeputatlar özləri erməni məkrinə, erməni yalanına, bir sözlə, erməni terroruna ƏSİR düşüb.

Hazırda ABŞ və Avropa ölkələri Rusiyanın diplomatlarını dəstə-dəstə qovur. Niyə?! Həmin ölkələrin əleyhinə kəşfiyyat əməllərinə yol verməkdə şübhəli bilinirlər. Necə olur ki, kəşfiyyat əməllərində ŞÜBHƏLİ bilinən diplomat cəzalandırıla bilər, amma kəşfiyyat-diversiya əməliyyatı aparan silahlı erməni hərbçilərinə "gözün üstündə qaşın var" deyilməz?! Hətta buna da baxmayaraq Azərbaycan onsuz da bir neçəsini özü təhvil verib. Və bunu Avrodeputatların müraciətindən əvvəl edib. Bu arada Avrodeputatlar erməni hərbçilərin taleyindən belə narahatdırsa, yaxşı olar ki, hazırda Qarabağın dağlıq hissəsində qalmış və ya gizli, yarımgizli yollarla gəlmiş Ermənistan əsgərlərinin oradan tez bir zamanda və tam heyətdə çıxarılmasını da tələb etsin. Bir müraciəti də Ermənistan rəhbərlərinə yazsınlar. Bir zəhmət!

Bahəddin Həziyev Bahəddin Həziyev

Bahəddin Həziyev

Paylaş »
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »