Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...

İctimai fəal, 26 yaşlı Bayram Məmmədov Türkiyədə vəfat edib. Onun meyitinin İstanbulda dənizdən tapıldığı bildirilir.

Bizimyol.info xəbər verir ki, İstanbuldakı dostları mayın 2-dən ondan xəbər ala bilməyib. Bu üzdən mayın 4-də axtarış üçün polisə müraciət ediblər. Polis əməkdaşları dostlarından birinə dənizdən tapılmış meyitin fotosunu göstərib. Dostu fotodakının Bayram Məmmədov olduğunu təsdiqləyib.

Bayram Məmmədovun dostlarından biri Bizimyol.info-ya bildirib ki, hazırda İstanbul polisi ictimai fəalın dənizə hansı şəraitdə düşdüyünü, hadisənin intihar, qəsd, yoxsa ehtiyatsızlıqdan baş verdiyini araşdırır.

Bayram Məmmədov Bayram Məmmədov

Dostları onu da bildirib ki, Bayram Məmmədovun intihar etməsi inandırıcı deyil. Çünki o, təhsilini Avropada davam etdirmək imkanı qazanmışdı. Türkiyədə də təhsillə bağlı hazırlaşırdı. Ailəsilə bağlı da heç bir problemi olmayıb. Aprelin sonunda anasıyla telefonla danışarkən yaxın günlərdə Bakıya gələcəyini deyib.

Bayram Məmmədov 2016-cı ildə narkotik ittihamıyla həbs edilmiş, ona 10 il azadlıqdan məhrumetmə cəzası kəsilmişdi. Lakin o, ittihamın saxta olduğunu, ona böhtan atıldığını bildirirdi. Prezident İlham Əliyevin 2019-cu ilin martında imzaladığı əfv sərəncamıyla azadlığa buraxılan Bayram Məmmədovu “Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı “vicdan məhbusu” elan etmişdi. Ötən il Avropa Məhkəməsi də Bayram Məmmədovun haqsız həbs olunduğunu təsdiqləyib.

İstər yerli məhkəmə instansiyalarında, istərsə də Avropa Məhkəməsində Bayram Məmmədovun hüquqlarını müdafiə etmiş vəkil Elçin Sadıqov bildirib ki, ictimai fəalın nəşinin ölkəyə gətirilməsində ciddi problemlə üzləşiblər: “Bayram Məmmədovun ailəsi və mən Bayram Məmmədovun nəşinin ölkəyə gətirilməsində çox çətinliklə üzləşmişik. Xarici İşlər Nazirliyi, Azərbaycanın İstanbuldakı Konsulluğu və Prezident Adminstrasiyası zənglərə cavab vermir...”

Azərbaycan Xarici İşlər Nazirliyi isə Bayram Məmmədovun nəşinin Azərbaycana gətirilməsi ilə bağlı araşdırma aparıldığını açıqlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Mikroskop”a bu barədə açıqlama verərək bildirib ki, hadisədən xəbərdardır, amma nəşin ölkəyə nə vaxt gətiriləcəyi məlum deyil: “Bu, elə bir məsələdir ki, hazırda heç nə deyə bilməyəcəm. Çünki araşdırılmalı, yerli qurumlarla əlaqə saxlanılmalıdır. Nəşi dənizdən tapıldığı üçün cinayət elementləri varsa, araşdırılmalıdır. Bütün bu prosedur xarakterli məsələlər, təbii ki, tərəfimizdən ilk növbədə səfirliklə əlaqə yaradılıb öyrəniləcək. Daha sonra məlumat veriləcək”.

Son xəbərlər
Bütün xəbərlər »