Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
RƏMİŞ. Sənət, zaman, tale üçbucağında
Rəmiş

Ukraynalı jurnalist Dimitro Qordonun Vaxtanq Kikabidze ilə müsahibəsinə baxırdım. Söz Vısotskidən düşdü. Tanımayan gənc oxuculara deyim ki, Kikabidze də sovet dövrünün populyar müğənnisi, aktyoru olub. Amma şair, müğənni, teatr və kino aktyoru Vladimir Vısotski o vaxtın yarıdissident canlı əfsanəsiydi.

Jurnalist soruşur: ”Rusiyanın indiki sənət ulduzlarına baxıram, Putini dəlicəsinə sevirlər, özü də bunu nümayiş etdirməyi xoşlayırlar. Necə düşünürsünüz, bu günlərə qədər yaşasaydı, Vısotski də Putini dəstəkləyərdimi?”

Kikabidze bir qədər düşünüb, ”bilmirəm” deyir. Amma ”yox, dəstəkləməzdi” demir.

Onların bu söhbətinə baxa-baxa Rəmişi xatırlayıram. Yeniyetməlik çağımızın kumirini.

***

“Vısotski azad olmayan sovet insanı üçün necə “azad adam” nümunəsiydisə, SSRİ-nin böyüdüyüm ucqar əyalət şəhəri Ağdamda gitarası ilə məşhurlaşan Rəmiş də eləcə azadlıq simvolu idi.

Səhnəyə uzun saçı, cins şalvarı, hətta “vyetnamka” şəpşəpisiylə çıxaraq sovetin sərt kültür stereotiplərini dağıdan, fərqli ifası, davranışı, həyat tərziylə dövrün standartlarından çox uzaqlaşan biriydi.

Gitara, istedad, xarizma, şöhrət, pul, nəşə. Sözüm bir təhər çıxmasın – adama daha nə lazımdır ki?!

Adama bir də, nəfəs lazımdır!

Rəmişdə bu nəfəs çatmadı, nə Vısotski ola bildi, nə də heç Viktor Tsoy…

Amma o vaxt o cür sənətkarları birləşdirən ümumi bir cəhət vardı – əsl azadlığın nə olduğunu bilməyən insanlara azadlığın üfüqlərindən xəbər vermək, onların qəlbində yeni, əvvəllər tanış olmadıqları duyğular yaratmaq kimi.

Visotskinin 42 illik ömründə tamamladığı yola Rəmiş 70 yaşında belə çata bilmədi. Bilmirəm kimin sözüdü, deyirdi ki, o, bağladığı qalstukla özünü intihar elədi. Ritorik yanaşmadı, razıyam, hər halda özünü Rəmişə oxşatmaq istəyən fanatik çətin tapılar indi”.

Bu sözlər 6 il qabaq yazdığım “Yarımçıqlıq mərəzi” yazısının Rəmişə aid yerindəndir.

Rəmiş, Vısotski, Tsoy Rəmiş, Vısotski, Tsoy

***

1986-cı ilin iyun ayı idi. Əsgər gedirdim. Biləcəri komissarlığında dedilər ki, növbəti göndəriş bir həftədən sonra olacaq. O bir həftəni Bakıda qalmadım, Ağdama getdim.

Qonşumuz Vahid əminin yenə hardansa qonaqları gəlmişdi. Onun belə məclisləri həmişə səsli-küylü keçərdi. Vısotskinin maqnitafon mahnıları, Rəmişin gitara çalğısı məhləmizi başına götürərdi.

Qəlbi sevgiylə dolu əsgər gedən 18 yaşlı xəyalpərəst bir oğlan təsəvvür edin. Bir də, o gecə sübhəcən açıq pəncərədən o oğlanın qulağına süzülən piano pıçıltılarını, gitara nalə-nərə-çığırtılarını dinləyin.

Pəncərənin ağzındakı divanımızda qollarımı başımın altında çarpazlayıb armud ağacının yarpaqları arasından boylanan Aya baxırdım. Xəyalən Ay işığını səmt alıb ona sarı, ondan da o yana – ulduzlu göylərə uçurdum.

Nələr düşündüyümü indi xatırlamıram, bir onu xatırlayıram ki, mən ulduzlara doğru uçduqca gitara siminin dartınıb uzanan dəmir səsi də yanımca gəlirdi. Səsi ulduzlara Yer üzünün sevgi naməsiymiş kimi aparırdım.

Rəmiş idi, yenə “dəli kimi çalırdı”! Onun o gecədəki o dəli çalğısını dinləyən hər kəs mənim sevgi ritmində vuran ürək döyüntülərimi, bir də ulduzların sükunət səsini eşidərdi.

Adaşım Rəmişin o gecəki piano ifalarını ayrıca yazmışdı kasetə, bir nüsxəsini də mənə bağışlamışdı. Əsgər getməyimin şərəfinə. Evimizdə kirayə qalan “muzuçilişa”nın pianoçu tələbə qızları heyrətlə qulaq asırdılar ona. Qayıdanda o kaseti tapmadım, elə heyifsilənirəm ki.

Bu, Rəmişin Leninqrad sərgüzəştləri haqda şəhərdə yeni söhbətlərin dolaşdığı vaxtlar idi. “Ermitajda royal görüb, nətər çalıbsa, xarici turistlər muzeyi unudub onun başına yığılıbmışlar”.

Leninqrad dedim, “Lenfilm” yadıma düşdü. Bir də onu danışırdılar ki, 1982-ci ildə “Lenfilm”in çəkdiyi “Nikkolo Paqanini” filminə baş rola Rəmiş çəkiləcəkmiş. Rejissora şəxsən Müslüm Maqomayev tövsiyyə edibmiş. Rəmiş getməyib, əvəzində erməni aktyor Msryanı çəkiblər.

Belə-belə söhbətlər vardı Ağdamda.

***

”Ruhlar şəhəri” kitabının Ağdamın musiqi dünyasına həsr olunan bölümündən:

”Rəmiş 1960-70-ci, uzağı 80-ci illərdə tez-tez düşdüyü qəzaların birindən sağ çıxmasaydı, indi Azərbaycan mətbuatı ona “vaxtsız ölən virtuoz sənətkar”, “bəxtsiz maestro” kimi epitetlərlə dolu yazılar həsr edərdi. Doğum günündə festivallar təşkil olunardı. El arasında əfsanələr artıb cild-cild olardı: “Yaşasaydı, Zeynəbin yox, Madonnanın ansamblında çalardı”, “Erik Klipton onun yanında əlinə gitara almayıb” kimi. Ya da o vaxt Ağdamda danışılanlar sayaq: “Barmaqlarından qan dama-dama nətəhər çalıbsa, xəbəri olmayıb”, “Moskvada yəhudi toyunda ona qulaq asmırlarmış, qəfildən İsrailin himninə keçib, hamını ayağa qaldırıb”.

Bunların heç biri olmadı, nə qəzetlər onu yazdı, nə də camaat bunu dedi, çünki Rəmiş ölmədi, sağdı”.

***

Kikabidzenin sözü olmasın, mən də bilmirəm, 1980-ci ildə ölməsəydi, bu günə sağ çıxsaydı, Vısotski Putinsevər olardı, ya yox. Amma dəqiq bilirəm ki, Rəmiş də SSRİ epoxasında qalsaydı, onun “qalstuk taxmağı” bir yana, rəhbərin qəbrinə gül qoyması kiminsə ağlına gəlməzdi.

Sənətkar və zaman qəliz mövzudur. Sənətkarın zaman sınağından çıxması da həmçinin. Mən də girişmirəm bu söhbətə, eləcə deyirəm ki, Rəmiş Azərbaycan musiqi zirvəsinə adını yazmış sənətkardı. 1930-cu illər Amerikasının “biq-bənd” estrada ansambllarında həyat vəsiqəsi qazanmış Qərbin elektro-gitarasını milliləşdirən, şərqləşdirən sənətkar.

Vahid Qazi Vahid Qazi
Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
Son xəbərlər
Bütün xəbərlər »