Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya və İran Qarabağda kimə qarşı birləşib...
Xankəndi

Qarabağda İran və rus özbaşnalığı “Azad İran” “Telegram” kanalında bu ölkənin Ermənistan vasitəsilə Qarabağa “yardım”ların çatdırılmasını əks etdirən görüntülər yayılıb.Görüntülərlə bağlı Azərbaycan XİN hələlik münasibət bildirməyib. Sorğumuzu İran səfirliyindən verilən məlumatda qeyd edilib ki, görüntülər barədə məlumatları var, araçdırma aparılıb, rəsmi açıqlama veriləcək.

Siyasi şərhçi Bəybala Mirzəzadə bizimyol.info-ya verdiyi açıqlamada qeyd edib ki, əslində hər hansı bir rəsmi xəbər gəlməmiş kimisə və ya hansısa ölkəni ittiham etmək düz deyil:

Bəybala Mirzəzadə Bəybala Mirzəzadə

“Çünki bu təxribat da ola bilər. Lakin bu da bir acı həqiqətdir ki, biz cənub və şimal qonşularımızın zaman-zaman ölkəmizə qarşı xoşagəlməz davranışlarının şahidi olmuşuq. Bu mənada, Rusiya sülhməramlılarının və İranın Qarabağda qanunsuz əməllərini ortaya qoyan məlum qalmaqallı görüntülərin yayılmasına sözün düzü, hardasa təəccüblənmirəm də. Çünki psixoloji olaraq biz bu kimi əməlləri zatən İrandan da, Rusiya sülhməramlılarından da gözləyirik. Bu iki ölkə sanki özlərinə söz veriblər ki, bizi daim pis mənada heyrətləndirməyə və xoşagəlməz sürprizlərlə qıcıqlandırmağa, təxribatlara çəkməyə davam edəcəklər”,- deyə ekspert qeyd edib.

“Mən sosial şəbəkələrin İran seqmentində bu ölkənin Ermənistan vasitəsilə Qarabağa “yardım”larının çatdırılmasını əks etdirən sözügedən videogörüntüləri diqqətlə izlədim. Bu yüklərin Ermənistandan keçərək, Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə aparıldığı bildirilir. həmin yük avtomobillərində həyat üçün əhəmiyyətli vasitələr - qida, geyim məhsulları, tikinti malları, benzin, qaz, bitum və digər yüklər qanunsuz olaraq daşınır. Həmçinin sözügedən avtomobillərlə əraziyə külli miqdarda narkotik daşındığı da vurğulanır.

Lakin hələlik nə İran tərəfi, nə də Rusiya sülhməramlıları bu qalmaqallı olaya heç bir reaksiya verməyib. Hər iki tərəf susur. Susmaları da anlaşılandır. Çünki bu görüntülərin ortaya çıxması ilə necə deyərlər, tərəflərin ikisi də suç üstündə yaxalanıb. Ancaq onların susqunluğu sonsuza qədər davam edə bilməz. Ən yaxın qonşu saydıqlarımız bu görüntülərə nəsə bir aydınlıq gətirməlidirlər.

Bu görüntülər haqlı olaraq cəmiyyətimiz tərəfindən təpki ilə qarşılanmaqdadır. Eyni zamanda bu görüntülərdən ortaya bir sıra suallar da çıxır ki, istər İran tərəfi, istərsə də Rusiya tərəfi bu sualları mütləq cavablandırmalıdır.

Necə olur ki, İran günün günorta çağı və Rusiya sülhməramlılarının gözləri qarşısında Azərbaycanın bəlli bir ərazisinə “humanitar yardım” adıyla qaçaqmalçı yüklər daşıyır? İrana bu səlahiyyəti kim verib? Bəllidir ki, rəsmi Bakı İrana belə bir səlahiyyət verməyib. İranla Azərbaycan arasında bu barədə hər hansı bir anlaşma imzalanmayıb. Bəs o zaman İran tərəfi hansı hüquqi bazaya əsaslanaraq Azərbaycan dövlətinin başı üzərindən bu cür özbaşınalıqlara yol verir? Görəsən, Rusiya sülhməramlıları hara baxır? Sülhməramlıların bu işdə marağı nədir? İran və Rusiyanın bizim Xankəndi üzərindən şübhəli işbirliyi qurması geosiyasi maraqlardanmı irəli gəlir? Yoxsa söhbət narkotrafik təşkil etməklə külli miqdarda “çirkli pullar” əldə etməkdən və sonra da bu pulları digər qanunsuz işlərin icrasına yönəltməkdən gedir?

Rusiya sülhməramlıları nə üçün öz birbaşa missiyalarının icrası ilə məşğul olmaq əvəzinə, bu cür kriminogen işlərə əl qoyurlar? Sülhməramlıların bu davranışı açıq-aşkar saxtakarlıq, riyakarlıq deyilmi? Onlar nəhayət nə zaman öz vəzifələrinin icrasına vicdanla yanaşacaqlar? Rusiyanın sülhməramlılığı nə üçün birtərəfli xarakter daşıyır? Rus sülhməramlıları yalnız erməniləri himayə etmək, onları bəsləmək üçünmü bölgəyə gəlib?

Göründüyü kimi ortada bir yığın suallar və mübahisəli məqamlar var. Ancaq bütün hallarda görünən budur ki, faktiki olaraq İran da, Rusiya da beynəlxalq hüquq normalarını və sülhməramlılıq prinsiplərini pozaraq separatçıları ayaqda saxlamaq üçün birgə səylərini davam etdirirlər. Bu, separatizmə açıq-aşkar dəstək verilməsinin təsdiqidir. Deyəsən, İran və Rusiya koordinasiyalı şəkildə Dağlıq Qarabağda erməni separatizmini yaşatmağa və canlandırmağa qərar veriblər. Onların Azərbaycanın razılığını almadan “Laçın dəhlizi”ndən Xankəndinə “yardım” daşınmasını təmin etmələri ölkəmizin suverenliyinə qarşı sayğısızlıqdır. İran bu hərəkəti ilə 44 günlük müharibədən əvvəl olduğu kimi indi də Azərbaycanın ərazi bütövlüyünü pozmağa davam edir. Əvvəllər də İran “TIR”larının Xankəndinə silah, yanacaq daşınmasını təsdiqləyən videogörüntülər yayılırdı. Hazırkı yüklərin arasında da silah-sursatın daşınması ehtimalı kifayət qədər yüksəkdir”,- deyə Bəybala Mirzəzadə qeyd edib.

“İndi İran izahat verməlidir ki, nəyə görə bölgədə qaçaqmalçılığa rəvac verir. Çünki İranın bu addımı bütün regionda davamlı sülhün təmin edilməsinə qarşı yönəlib və eyni zamanda belə bir hərəkət dostluq və mehriban qonşuluq siyasətinin də ruhuna ziddir. İranın bu siyasəti birmənalı şəkildə qınanılmalıdır. Çünki bu qeyri-səmimi siyasətdir, ikibaşlı siyasətdir. Bu hərəkətin adı bölgədə sülhün və təhlükəsizliyin gələcəyinin altına məqsədyönlü şəkildə bomba yerləşdirməkdir. İran istər sözdə, istərsə də əməldə erməni separatçılığını və Ermənistanın işğalçı-revanşist siyasətini pisləmək əvəzinə, əksinə, göz görəsi şəkildə separatçılığı dəstəkləyir, körükləyir. Yəni ən azından əlimizdə olan bu videogörüntülər belə düşünməyimizə əsas verir.

Düzdür, İran tərəfi böyük ehtimalla bu faktları inkar edəcək və təkzib verəcək. Bu ölkənin Bakıdakı səfirliyi yəqin ki, bir neçə gündən sonra diplomatik ibarələrdən, ifadələrdən ibarət “növbətçi” açıqlama ilə çıxış edəcək və deyəcək ki, bu görüntülər uydurmadır, İrana qarşı böhtandır və s. Çünki əvvəlki epizodlarda da təxminən bu cür təkziblərin, açıqlamaların şahidi olmuşuq. Eyni stil, eyni şablon yəqin ki, bu dəfə də təkrarlanacaq. Lakin bütün bu davranışlar, diplomatik jonqlyorluqlar onsuz da əsl həqiqəti ört-basdır edə bilməz. Fakt hər zaman öz faktlığında qalır, faktı inkar etmək çox çətin məsələdir. Sözügedən videogörüntülər də acı bir həqiqətdən bəhs edir. Təki yalan olaydı, təki həqiqətən də montaj-flan olaydı.

Bizim üçün Rusiya tərəfinin də bu məsələyə necə münasibət bildirəcəyi çox maraqlıdır. Çünki bu son qalmaqallı görüntülər Rusiya sülhməramlı heyətinin İranın yük maşınlarını tamamilə qeyri-qanuni olaraq Azərbaycan ərazisinə buraxmaqla 10 noyabr Bəyanatının müddəalarını açıq-aşkar pozduğunu təsdiqləyir. Rusiya sülhməramlı kontingentinin İranın erməni separatçılarına lojistik dəstək verməsinə göz yumması bağışlanmaz və qəbuledilməzdir. General Muradovun sülhməramlı sayılan əsgərləri bu özbaşınalığa, bu qanunsuzluğa göz yummamalıydılar. Onların bu hərəkəti ümumiyyətlə, sülhməramlılıq missiyasını gözdən salır və Azərbaycan cəmiyyətində Rusiyanın sülhməramlılığına ciddi şəkildə inamsızlıq yaradır. Bu çox ciddi məsələdir və Moskvanı düşünməyə vadar etməlidir. Rusiya sülhməramlılarının imici onların öz günahları üzündən bu sayaq zədələnməyə davam edərsə, o zaman sülhməramlılar bu gedişlə missiyalarını vaxtından xeyli erkən yekunlaşdırıb burden getməli olacaqlar. Nə rəsmi Bakı, nədəki Azərbaycan cəmiyyəti sülhməramlıların sülhməramsızlığına göz yummayacaq.

Sözügedən videogörüntülərlə bağlı bir an öncə araşdırmalara başlanılmalıdır. Əgər bu görüntülərdəki faktlar rəsmi şəkildə öz təsdiqini taparsa, o zaman İranın ölkəmizdəki səfiri XİN-ə çağrılmalı, bu hadisəyə qəti şəkildə etiraz bildirilməli və qonşu ölkədən bu cür hallara son qoyulması tələb edilməlidir. Biz İranla səmimi dostluğun, mehriban qonşuluğun tərəfdarıyıq. Hazırda İranla kifayət qədər sıx iqtisadi əlaqələrimiz var. Və əməkdaşlığımızın bundan sonra daha da inkişaf etdirilməsində, genişləndirilməsində maraqlıyıq. Bu heç kəsə sirr deyil. Hətta “Altılıq platforması”nda da İranın yaxından iştirakı nəzərdə tutulur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də dəfələrlə öz çıxışlarında İranla sərhədimizi dostluq sərhədi kimi dəyərləndirib. Bunun qarşılığı olaraq biz də İrandan özümüzə qarşı eyni münasibəti gözləyirik. Bizim buna haqqımız çatır.

Biz ən yaxın qonşularımızın bizə qarşı hansısa gizli oyunlar çevirməsini, “ikili standartlar”dan çıxış etməsini istəmirik və qəbul etmirik. Azərbaycan hər kəsdən özünə qarşı dürüst münasibət və səmimi davranış tələb edir. Çünki biz özümüz də hamıya qarşı eyni münasibəti sərgiləyirik. Biz hansısa güclərin maraqlarına xidmət edib, öz qonşularımıza qarşı geosiyasi oyunlar oynamırıq, “hibrid müharibə” texnologiyalarından istifadə etmirik. Biz üzdə qonşularımıza gülümsəyib, altdan-altdan isə onlara zərər yetirə biləcək kirli işlərin altına əl qoymuruq. Bir sözlə, biz yaxın qonşularımıza, strateji müttəfiqlərimizə qarşı heç vaxt ermənilik etmirik. Qonşularımızdan da bizə qarşı ermənilik etməmələrini umuruq”,- deyə Bəybala Mirzəyev vurğulayıb.

İlhamə Rəsulova

Paylaş »
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ter-Petrosyan: “Robert Koçaryanı dövlət maraqlandırmır, o, yalnız Paşinyandan qisas almağa susayıb”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
Son xəbərlər
Bütün xəbərlər »