Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyadan deportasiya olunan azərbaycanlılar Bakıda evə buraxılmayıb
Almaniyadan deportasiya olunan azərbaycanlılar Bakıda evə buraxılmayıb

Pandemiya dövrü həm də Avropa ölkələri üçün miqrantlardan yaxa qurtarmaq üçün fürsət oldu.

Köhnə qitə dövlətləri bir-birinin ardınca əcnəbiləri vətəninə qaytarır. Danimarka daha suriyalıları saxlamaq istəmir.

Almaniya, ümumiyyətlə, miqrantların sayını kəskin azaltmağı düşünür.

Bizimyol.info xəbər verir ki, Almaniyadan daha 52 azərbaycanlı deportasiya olunub. Onlar aprelin 28-də Bakı vaxtı ilə saat 17.00-da Düsseldorfdan yola salınıb. Bakıya çatan azərbaycanlılar evə buraxılmayıb. “Legat” İnteqrasiya Mərkəzinin məlumatına görə, onlar metronun “Koroğlu” stansiyasının yaxınlığındakı idman şəhərciyinə aparılıb. Almaniyadan gələnlərdən koronavirus testi götürülüb. Testi neqativ çıxanlar evə gedə biləcək. Pozitiv nəticə halında həmin şəxslər karantində saxlanılacaq.

Axırıncı dəfə martın 31-də Almaniyadan Azərbaycana qaytarılanlar olmuşdu. Onda 31 azərbaycanlı vətənə göndərilmişdi. Onlardan 7-nin qoluna qandal vurulduğu bildirilirdi. Səbəb kimi həmin şəxslərin qaçmaq ehtimalı olduğu göstərilmişdi.

Hələ aprelin ilk dekadasında Almaniyadan göndərilənlər olacağı gözlənilirdi. Çünki Avropa dövləti pandemiya dövründə miqrantların sayını kəskin azaltmaqda israrlıdır. Təkcə Azərbaycana yox, postsovet məkanının, Asiyanın başqa ölkələrinə də göndərilənlər olur.

Martın son günündə, əslində, 33 azərbaycanlı vətəninə qaytarılmalıydı. Amma 2 nəfər prosesdən yayınmağı bacarıb. Dörd ildir Almaniyada yaşayan, amma imtiyazlardan imtina edərək əmək fəaliyyəti ilə məşğul olan Rahid Məmmədova güzəşt edilmişdi. Orada azərbaycanlının indiyə qədər qanun pozuntusuna yol verməməsi də nəzərə alınmışdı.

Azərbaycana qaytarılmaqdan yayınan ikinci şəxs barədə geniş məlumat verilməmişdi. Məlum idi ki, azərbaycanlı Avropada əvvəlcə Polşaya ayaq basıb, sonra Almaniyaya üz tutub. Azərbaycan vətəndaşı orada qanunsuz əmək fəaliyyəti ilə məşğul olurmuş. Amma son anda Avropa dövlətindən siyasi sığınacaq istəməsi prosesi yubadıb.

Azərbaycanlılar ölkəyə “Readmissiya haqqında” sazişə əsasən göndərilir. Azərbaycanla Avropa İttifaqı arasında bu razılaşma 2014-cü il fevralın 28-də Belçikanın paytaxtı Brüsseldə imzalanıb.

Paylaş »
››› Köhnə avtomobillərin hərəkəti qadağan ediləcək
››› “Bakı səfəri Lavrov üçün gərgin keçəcək”
››› Avropalılar qadağaların aradan qaldırılmasını bayram edir
››› Rusiyada vilayət naziri itkin düşüb - Navalnının zəhərləndiyi xəstəxanada həkim işləmişdi
››› Ölkəyə avtomobil adı ilə metal qırıntıları daşınır
››› Heydər Əliyev: “Qarabağa muxtariyyət verilməsi Azərbaycanın içinə qoyulmuş bomba idi”
››› "Space" TV-nin yeni rəhbəri istefa verdi
Son xəbərlər
Bütün xəbərlər »