Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gözlənilən bir həbsin tarixçəsi
Alimpaşa Məmmədov

Bu, Alimpaşa Məmmədovdur. Şəmkirin artıq keçmiş icra başçısı. Korrupsiyaya görə tutulub.

Bu adam bir neçə il əvvəl Sumqayıtda Vergi İdarəsinin rəisi işləyəndə toqquşmamız olub. Sahibkarlardan kütləvi şəkildə rüşvət topladığına görə haqqında jurnalist araşdırmaları aparmış, yazılar yazmışdıq. Buna görə də o, əvvəl bizim əməkdaşımıza rüşvət təklif etdi. Nəticə əldə edə bilməyəndə bizə sifariş göndərdi ki, məhkəməyə verəcək. Dedik, getsin, məhkəməyə versin. Sonra xəbər göndərdi ki, MTN-ə şikayət edəcək (onda hələ MTN vardl). Dedik, buyursun. Gördü ki, xeyri yoxdur, gedib himayəçisi o zamankı vergilər naziri Fazil Məmmədova dedi. O da "yuxarı"ya çıxıb: "Bizim Yol" bizi işləməyə qoymur" deyə gileylənmişdi. Bundan da bir şey alınmadı, yazılarımız davam elədi. Bilirsiniz nə oldu?! Alimpaşa Məmmədovun vəzifəsini yüksəltdilər; Sumqayıtdan götürdülər, Bakı şəhəri Vergilər Departamentinə rəis qoydular. Burada da iş adamlarını daha şiddətlə soymaqda davam etdi. O soyğunçuluq etdi, biz yazdıq. Axırda adamı götürüb Şəmkir kimi böyük, indisini bilmirik, o zaman çox varlı bir rayona İcra Hakimiyyətinin başçısı təyin etdilər.

Fazil Məmmədov

Belə çıxdı ki, korrupsioneri nə qədər tənqid, hətta ifşa edirsən, et, cəzalandırılmır, əksinə vəzifəsi yüksəldilir. Guya o, vergidə işləyəndə kim bilmirdi ki, Alimpaşa Məmmədov nazir Fazil Məmmədovun baş pulyığanlarından biridir. İndiki Baş Prokuror Kamran Əliyev o zaman Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi idi. O qədər şikayət vardı Alimpaşa Məmmədovdan. Ona qarşı nəinki hüquqi bir addım atıldı, əksinə, adamın vəzifəsini yüksəltdikcə yüksəltdilər. İndi də "ayılıblar" ki, paho, sən demə, Alimpaşa Məmmədov rüşvətxor imiş.

Əslində Alimpaşa Məmmədovun bir gün həbsə düşəcəyini hamı gözləyirdi. O gün bu günmüş. Ancaq adam bu günə doğru tam sürətlə gələndə də hamı görürdü, heç kim də mane olmadı. Ən qəribəsi də budur. Məsələ Alimpaşa məsələsi deyil. Bu yazı da qisas məqsədi ilə yazılmır. Haşa! Məsələ bir tamadanın hamının gözləri önündə sürətlə (və rüşvətlə) şişərək monstra çevrilməsi, heç kimin də buna öz vaxtında "dur" deməməsidir. Oliqarxlar məgər bir günün içində oliqarx olub?! Yoxsa bu dağıdıcı, sümürücü monopoliyalar bir anda qurulub-qoşulub. Bunlar onillərlə formalaşmış bir sistemin elementləridir. Və, göründüyü kimi, bir günün içində dağıdılması da mümkünsüz kimidir. Əgər dağıdılırsa.

Bizimyol.info

Paylaş »
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› “Azərbaycan qüvvələri geri çəkilmək fikrində deyil” - Aram Melkonyan
Son xəbərlər
Bütün xəbərlər »