Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BNA və Yol Polisi büdcəni doldurur, sürücülərin dərdinə şərik olan yoxdur
Bakı - Sumqayıt  -  tıxac

Bakıda küçələrə demək olar ki, hər addım başı Bakı Nəqliyyat Agentliyinin kameraları quraşdırılıb. Üstəlik, durma-dayanma qaydalarının pozulmasına görə hazırda bir yox, iki qurum cərimə yazmaqla məşğuldur - Bakı Nəqliyyat Agentliyi və Dövlət Yol Polisi. Soruşsanız, deyəcəklər ki, dünyanın heç bir ölkəsində maşını küçənin ortasında saxlayan sürüclər yoxdur, bizim sürücülər küçələrin birinci, ikinci, hətta bəzən üçüncü zolağını da zəbt edirlər. Ümumi qaydalar var və kameralar da sürücülər qarışıq bütün vətəndaşların təhlükəsizliyi üçün quraşdırılıb...

Lakin məsələnin başqa tərəfi də var. Axı günahkar həmişə sürücü deyil. Çünki sürücülər maşınları qaydasız şəkildə parklama yerləri olmadığı üçün saxlamalı olurlar. Bu sürücülərlə BNA arasında narazılığın yaranmasına səbəb olur. Məcbur olub maşını bir neçə dəqiqəlik saxlayanda gələn cərimələr isə bir başqa problemdir. Cərimə var, yol göstərən yoxdur. Maşın sahibi avtomobilini saxlamaq üçün bir küçəni bir neçə dəfə dövrə vurmalı olur. Sürücünün iki seçimi qalır - ya kameralara hər gün tuş gəlib cərimələnmək, ya da ümumiyyətlə sürməmək.

Taksi sürücüləri deyirlər ki, aralarında bir aya 300 manata qədər cərimələnənlər var. Bir xətalı parklama bərabərdir 18 manat. Sürücü soruşur “qanuni yer haradır, onu göstərsinlər, orada saxlayaq”. Onların da ən çox şiakyət etdiyi ərazi metronun 20 yanvar stansiyası tərəfdədir. Deyirlər, BNA-nın əməkdaşları adamların arasında gizlənib, xəlvətcə çəkirlər, həm də gün içində bir neçə dəfə. Sonra cərimələyirlər.

Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, birinci şəraiti yaratmaq, sonra cərimələmək barədə düşünmək lazımdır. “Kameralar vasitəsilə ucdantutma cərimə eləməklə, problem həll etmək olmur. Ürəyi sıxılıb maşınını saxlayan adama da dərhal cərimə gəlir. Adam ya maşında ölməlidir, ya qəza törətməlidir ya da cərimələnməlidir. Bu kimi problemlər sosial narazılıq yaradır. Hər gün avtomobili saxladığın yerdə səhər durursan ki, kamera quraşdırılıb. "Daha dayanmaq olmaz" deyilir. Bəs alternativ hanı? Dayanacaq sayı azdır , olanlarda yer yoxdur. Son 5-10 ildə tikilən obyektlərin heç birinin qarşısında dayanmaq imkanı yoxdur. Çünki parklama yerlərində də yeni binalar tikilib”,- deyə ekspert qeyd edir.

“Avtomobili düzgün park etməsən, mütləq cərimələnəcəksən” deyən yol polisindən bildirilir ki, bizim vəzifəmiz mövcud infrastrukturda təhlükəsizliyi təmin etməkdir. Dayanacaq və parkinq yaratmaq bizim vəzifə səlahiyyətimzdə deyil. “Hərəkətin təhlükəsizliyini təmin edirik. Mövcud infrastrukturdakı təhlükəsizliyə cavabdehik. Sürücü də mövcud təhlükəsizlik nişanlarına riayət etməyə borcludur”. Halbuki DYP-nin bu mövqeyi də tam yanlışdır. Yol Polisinin vəzifəsi qayda pozuntularının çoxluğundan yararlanıb daha çox cərimə toplamaq yox, qayda pozuntularının sayınn azalmasına çalışmaqdan ibarətdir. Buna görə də Yol Polisi durma-dayanma ilə bağlı problemlərin həll olunması üçün müvafiq qurumlar qarşısında məsələ qaldırmağa borclu olan bir qurumdur. Bu cür təqdimatlarla çıxıxş etmək Yol Polisinin hüququ yox, vəzifəsidir. Amma belə görünür ki, hazırkı vəziyyət yol polisini sadəcə, sevindirir...

BNA deyir ki, parklama paytaxtda məhdud resursdur, bol sayda parkinqin olması normativ öhdəlik deyil. Yalnız mümkün olan yerlərdə təşkil edilir. “Dayanacaqda bir dəqiqə dayanmaya cərimə yazılmır. 3 dəqiqədən sonra dayanma olursa, cərimə tətbiq edilir. Son iki ildə cərimələrin sayı artırılıb deyə, dayanma-durma qaydalarının pozulması sayı azalıb. Məqsəd avtobusların maneəsiz hərəkətini təşkil etməkdir”,- deyə agentlik qeyd edir.

Hələlik yollarda parklama məsələsi sürücü-piyada təhlükəsizliyindən çox BNA ilə yol polisinin cərimə yazaraq büdcə doldurmaq işinə xidmət edir. Xüsusən də Yol Polisinin büdcəni doldurmaq vasitəsi kimi istifadə olunmasıbu sahədə vəziyyəti ağlamalı həddə gətirib çıxarıb. Nəticədə Yol Polisi qayda pozuntularının azalmasında deyil, artmasında maraqlı görünür və maraqlarının təmin olunması üçün də "lazım olanı" edir.

Çarəni isə bu işə məsul olanlar tapmalıdırlar. Problem dönüb olub fil boyda. Di gəl ki, heç kim bu ölmüş fili yerindən qaldırmaq istəmir. Biri deyir mən quyruğuna cavabdehəm, o biri deyir xortumuna. Bax belə.

İlhamə Rəsulova

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Paşinyan: “Ermənistanda Azərbaycana işləyən qüvvələr var və onların adını da çəkmək olar”
Son xəbərlər
Bütün xəbərlər »