Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Baydenin açıqlaması ABŞ-ın öz maraqları üçün də yaxşı perspektiv vəd etmir"
"Baydenin açıqlaması ABŞ-ın öz maraqları üçün də yaxşı perspektiv vəd etmir"

“ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı səsləndirdiyi bəyanatda “soyqırımı” sözünün əks olunması təkcə tarixin təhrif olunması deyil. Bu, eyni zamanda, ümumbəşəri dəyərlərə və beynəlxalq hüquq normalarına zidd addımdır”.

Bu fikirləri “Bizim yol”a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.

Nurlan Qələndərli Nurlan Qələndərli

Politoloqun sözlərinə görə, Co Bayden “soyqırımı” anlayışından istifadə etməklə ciddi tarixi və strateji səhvə yol verib, siyasi-diplomatik müstəvidə tamamilə yanlış taktiki gediş edib: “Erməni məsələsi” adlandırılan süni gündəm mövzusu qondarma iddialardan ibarətdir. Bəzi geopolitik mərkəzlər tərəfindən “məzlum xalq” obrazında dünya ictimaiyyətinə təqdim edilən ermənilərin “soyqırımı” cəfəngiyyatı üzərindən apardıqları təbliğat timsah göz yaşlarından başqa bir şey deyil. Məsələnin tarixi köklərinə nəzər saldıqda 1915-ci il hadisələrinin məhz erməni cinayətkarlığı ilə bağlılığı, soyqırımına məruz qalan tərəfin isə elə həmin dövrdə Anadoluda və Cənubi Qafqazda yaşayan azərbaycanlılar, türklər olduğu üzə çıxır. Elə sonrakı dövrlərdə də soyqırımı və terror aktları həm Azərbaycan xalqına, həm də türklərə qarşı məhz ermənilər tərəfindən törədilib. Yəni faktlar ermənilərin və onlardan istifadə edən imperialist mərkəzlərin iddialarının tarixi əsaslarının olmadığını göstərir”.

Nurlan Qələndərli deyib ki, ABŞ Prezidentinin bu addımı öz həm ölkəsinin də milli maraqlarına zidd olduğuna görə ciddi strateji yanlışlıqdır: “Baydenin Prezident kimi fəaliyyətə başlamasından sonra verdiyi bəyanatlar, atılan addımlar Birləşmiş Ştatların geosiyasət kursunda paradiqma dəyişikliyinin olduğunu göstərir. Bu dəyişikliklər, təəssüf ki, neqativ kontekstdə özünü göstərir. Ağ Ev yenidən aqressiv xarici siyasət həyata keçirməyə, ikitərəfli münasibətlərdə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərini aşkar surətdə gözardı etməyə başlayıb. Hazırkı strateji kurs konstruktiv əməkdaşlığı istisna edən, təzyiq vasitəsilə milli aktorları güzəştə vadar etməyə çalışan yanaşmanı özündə ehtiva edir. Məhz qondarma “soyqırımı” məsələsinin də bu formada aktuallaşdırılması regional supergüc olan Türkiyəyə qarşı geostrateji pressinq məqsədinə xidmət edir. Görünən odur ki, qardaş Türkiyə Cümhuriyyətinin beynəlxalq münasibətlər sistemində rolunun artması, Şərqi Aralıqda, Yaxın Şərqdə mövqeyinin möhkəmlənməsi, həmçinin Cənubi Qafqazda yaranmış yeni reallıqlar fonunda əməkdaşlıq imkanlarının genişlənməsi Vaşinqton tərəfindən “xoşagəlməz hal” kimi qiymətləndirilir. Rusiya-Türkiyə cəbhəsində müşahidə olunan strateji yaxınlaşmanın regional təhlükəsizliyə müsbət təsirləri ilə bağlı detalları da ABŞ-ın narahatlıqla qarşıladığı bəlli olur”.

Politoloq Baydenin bu addımının həm də erməni ictimai rəyində anti-Rusiya meyillərini artırmağa hesablandığını bildirib. Onun sözlərinə görə, bu, həm Birləşmiş Ştatların “ermənilərin yanında olduğu” görüntüsü yaratmaq, həm də Ermənistanın acınacaqlı məğlubiyyətinin səbəbkarı kimi Kremli göstərmək hədəfinə xidmət edir: “Fakt budur ki, regional təcrid vəziyyətində olan Ermənistan bölgədə hər hansı bir önəm daşımır və geostrateji reallıqlara təsir etmək imkanlarına sahib deyil. Sadəcə, Vaşinqton regionda Rusiyaya təzyiq göstərmək üçün yeni metodlardan istifadə etməyə çalışır, o cümlədən qeyd etdiyimiz kimi, erməni ictimai rəyinə hesablanmış gedişlər edir. Burada məqsəd həm də məğlub ölkədəki qərbpərəst qüvvələrin siyasi manevr imkanlarını genişləndirmək və onları seçkilərdə avantajlı hala gətirməkdir”.

“Baydenin məlum bəyanatının siyasi tərcüməsi həm də onu deməyə əsas verir ki, Vaşinqton Cənubi Qafqaza yeni geostrateji müdaxilə etməyə çalışır. Görünən odur ki, bu bölgədə yeni çoxtərəfli əməkdaşlıq platformasının yaradılması, sülh və təhlükəsizlik şəraitində regional inkişafın təmin olunması Ağ Evi öz məhdud və birtərəfli maraqlarına görə məmnun etmir. Ona görə də həm Türkiyəyə, həm Rusiyaya təzyiq göstərməklə, həm də erməni amilindən istifadə etməklə prosesə müəyyən qədər mane olmağa çalışır. Amma bu, praqmatik yanaşma deyil və ABŞ-ın öz maraqları üçün də yaxşı perspektiv vəd etmir. Nəzərə alınmalıdır ki, regional proseslər məhz bölgə aktorlarının geosiyasi iradəsi əsasında tənzimlənir və Vaşinqtonun hazırda proseslərin gedişinə həlledici təsir etmək imkanları yoxdur”,-deyə politoloq əlavə edib.

Nurlan Qələndərli bildirib ki, Baydenin “soyqırımı” ifadəsindən istifadə etməklə yaratdığı situasiya göstərir ki, Qərb diplomatiyası hələ də “sivilizasiyaların toqquşması” konsepsiyasına əsaslanan siyasi stereotipdən qurtula bilmir: “Əlbəttə, belə addımlar yalnız bumeranq effekti ilə nəticələnə bilər. Baydenin bəyanatı hüquqi qüvvəyə malik deyil, o, sadəcə olaraq siyasi bəyanatdır, beynəlxalq hüquq normaları əsasında hər hansı bir məsuliyyət yaratmır. Bundan sonra ermənipərəst dairələr tərəfindən məqsədli şəkildə ortaya atılan təzminat məsələsi isə ictimai rəyi yanıltmaq və psixoloji təsir göstərmək cəhdidir. Təzminat ödəməli olan tərəf qardaş Türkiyə deyil, məhz 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan, ölkəmizin həmin ərazidəki sərvətlərini bəzi transmilli şirkətlərlə birlikdə qeyri-qanuni şəkildə mənimsəyən və cinayət törədən Ermənistandır. Bu ölkənin vurduğu ziyanın xarici mütəxəssislərin iştirakı ilə hesablanması prosesi davam etdirilir və qiymətləndirmə başa çatdırılandan sonra təzminatın ödənilməsi üçün Ermənistan beynəlxalq məhkəmələrə veriləcək. Amma görünən odur ki, bu məsələ Ermənistan və erməni lobbi-diaspor təşkilatları ilə yanaşı, bəzi ölkələrin ermənipərəst siyasi dairələrini də ciddi şəkildə narahat edir”.

İlhamə Rəsulova

Paylaş »
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən faktiki hava açıqlaması
››› Ömürlük status təklifi və veto hüququ
››› Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi vaxt açıqlanıb
››› Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur dəhlizinin təməlini qoyublar
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
Son xəbərlər
Bütün xəbərlər »