Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden "soyqırım" dedi. Bəs sonra?
Co Bayden

ABŞ Prezidenti Cozef Bayden "erməni soyqırımı" ifadəsini işlətdi. Eyni vaxtda ermənilər Xankəndində Azərbaycanın və Türkiyənin bayraqlarını yandırdılar. Hər iki hadisədən qazanclı çıxan Rusiya və müəyyən mənada İrandır.

Türkiyənin bizim bölgəmizdə güclənməsi, Cənubi Qafqazda və Mərkəzi Asiyasa təsirini, nüfuzunu artırması ilk növbədə Rusiyanı və İranı qıcıqlandırırdı. Ruslar və farslar əslində 3+3 formatına da isti baxmırdılar. Üstəlik də Gürcüstan. Ermənistandakı indiki hökumətin də Türkiyə və Azərbaycanla münasibətlər qurmaq, əməkdaşlıq etmək niyyətinə böyük zərbə dəydi. ABŞ Prezidentinin məlum bəyanatından və rus "sülhməramlılar"ının nəzarətində olan torpaqlarımızda Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasından sonra Azərbaycanda və Türkiyədə Ermənistana, dünya erməni qüvvələrinə qarşı ictimai rəy çalxalandı. Eynilə baş nazir Paşinyanın hökuməti Azərbaycanla və Türkiyə ilə münasibətlərin qurulmasını dilə gətirməkdə çətinlik çəkəcək. Baydenin bu addımı məntiqə sığmır; bu həmin Amerikadır ki, Avropa İttifaqı ilə birlikdə Türkiyəyə təzyiq edərək "Sürix protokolları"nın siyasi sponsorluğunu etmişdi. Türkiyə və Ermənistan xarici işlər nazirlərini masa arxasına oturdub iki ölkə arasında sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması üçün imza atdıran Amerika diplomatiya maşını indi bunun tam tərsini edir. Yaxud götürək Ukrayna məsələsini. ABŞ Krım və Donbas böhranına görə Rusiya ilə tərs düşüb. Türkiyə də Rusiya ilə bir çox məsələlərdə ortaq maraqlarına rəğmən Ukraynaya həm siyasi, həm hərbi-texniki baxımdan tam dəstək verir. Əslində ABŞ Türkiyə kimi müttəfiqə minnətdar olmalıdır. Ancaq biz tam əksini görürük.

Bir də məsələnin başqa yanı da var. Hansısa başqa bir ölkədə 106 il əvvəl baş vermiş hadisələrə indi siyasətçilərin heç bir tarixi fakt və hüquqi əsas olmadan qiymət verməsindən daha absurd bir yanaşma yoxdur. Bu addımlar bölgəmizdə sülh xəyallarını da müəyyən mənada suya atdı. İndi radikal, revanşist erməni dairələri separatçı və işğalçı avantüralara daha çox həvəslənəcəklər. Bu, açıq-aydındır.

Ancaq o məsələ də var ki, Baydenin bəyanatı dünyanın sonu deyil; daha əvvəl Prezident Ronald Reyqan da "erməni soyqırımı" demişdi. Fransa, Rusiya, İtaliya və sair çox dövlət "erməni soyqırımı"nı tanıyıb. İsveçrə və Belçika isə "erməni soyqırımı olmayıb" deyəni həbs edib türməyə salır. Fransa özü də belə qərar vermişdi, ancaq Senatdan keçirə bilmədi. Son anda bir az ağıllarını başlarına yığdılar. Avropa qurumları da "erməni soyqırımı" ilə bağlı sənədlər qəbul edib. Cənubi Amerikanın özündə nə qədər hindu soyqırımları olub, bunları unudub ermənilərin yalanlarına uyublar. Həmin o Argentina. Portuqaliyalıların törətdiyi qətliamların üzərində qurulmuş ölkədir. Misalları artırmaq olar. Ancaq bütün bu güclər Qarabağdakı 44 günlük savaşda erməniləri qalib etdimi?! Yox! Ümumiyyətlə, ermənilərə bunca "siyasi eşq elanları" bu balaca Qafqaz respublikasını kollaps təhlükəsindən qorudumu?! Yox!

8 günlük Rusiya-Gürcüstan müharibəsində ABŞ Dövlət katibi, Fransa başda olmaqla Avropanın bir sıra ölkələrinin başçıları gəlib Tiflisdə Saakaşvili ilə yanaşı dayandılar. Ancaq 44 günlük müharibədə hansı Amerika məmuru və ya Avropa lideri gəlib Paşinyanla şəkil çəkdirdi?! Bayden və Makron o zaman öz ölkəsinin siyasi mətbəxində vurnuxurdu. Əksinə Britaniya, İtaliya başda olmaqla bir çox Avropa ölkəsi Azərbaycanın yanındaydı. O üzdən bu cür bəyanatları nə sərf-nəzər edək, nə də onların əhəmiyyətini olduğundan daha artıq bilib təşvişə düşək. Bir az çox ağıl işlətmək, çox çalışmaq, güclü durmaq lazım gələcək.

Əslində bu "soyqırım" oyunları konkret siyasi maraqlara hesablanıb. Azərbaycanın və Türkiyənin bu hadisələr fonunda dərhal və sinxron mövqe sərgiləməsi təbii idi. Bu baş verənlər bu iki ölkəni daha da birləşdirdi; ən az bir pozitiv var. Bundan sonra bizi daha qızğın siyasi-geosiyasi faza gözləyir.

Bizimyol.info

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
Son xəbərlər
Bütün xəbərlər »