Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan Zəngəzur dəhlizinin açılmasına nail olacaq”
Zəngəzurun Mehri şəhəri

“Azərbaycan Qarabağda qələbə qazanmaqla regionda yeni geostrateji reallıqlar yaradıb. Bu gerçəkliklərin fonunda Azərbaycan bölgədə təhlükəsizlik, sabitlik, inteqrasiya və əməkdaşlıq mühitini gücləndirmək üçün strateji təşəbbüslərlə çıxış edir. Xüsusilə də, Zəngəzur dəhlizinin yaradılması ilə əlaqədar geosiyasi iradə nümayiş etdirilməsi mühüm əhəmiyyətə malikdir. Bu, qədim Azərbaycan torpağı olan Zəngəzurun Asiyadan Avropaya doğru uzanan geniş bir coğrafiyada kommunikasiya və inteqrasiya mərkəzinə çevrilməsini şərtləndirəcək amildir”.

Bu fikirləri “Bizim yol”a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.

Nurlan Qələndərli Nurlan Qələndərli

Politoloqun sözlərinə görə, yaradılacaq infrastruktur nəticəsində Zəngəzur nəqliyyat dəhlizi işbirliyində, sülh və təhlükəsizlikdə maraqlı olan dövlətlərin yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gəlməsini, mühüm iqtisadi mənfəət və siyasi dividend qazanmasını təmin edəcək: “Əminliklə söyləmək olar ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasına nail olacaq. Ermənistan bunu istəsə, məsələ daha tez və daha asan həllini tapmış olacaq. Əgər məğlub ölkə bəhs olunan geostrateji kommunikasiyanın yaradılmasına süni əngəl törətməyə çalışacaqsa, istəyinə nail ola bilməyəcək. Çünki Azərbaycan bu strateji hədəfi reallaşdırmaq gücündədir”.

Nurlan Qələndərli indiki mərhələdə Ermənistanın revanşist iddialardan əl çəkmək məcburiyyətində olduğunu bildirib. O qeyd edib ki, məğlub ölkənin alternativ şansı – imkanı yoxdur, ona görə də tarixi reallıqlardan və siyasi gerçəkliklərdən dərs almalı, müvafiq nəticələr çıxarmalı, öz üzərinə düşən öhdəlikləri zamanında və qeyd-şərtsiz yerinə yetirməlidir. “Ermənistan siyasi dairələri xüsusilə nəzərə almalıdır ki, bu ölkə regional və beynəlxalq proseslərə təsir etmək, yeni geostrateji reallıqları dəyişdirmək iqtidarında deyil. Ermənistan 30 ilə yaxın davam edən işğalçılıq siyasəti səbəbindən regionda təcrid vəziyyətinə düşüb, bütün layihələrdən kənarda qalıb, hər hansı bir geosiyasi və geoiqtisadi imkanlara malik deyil”,- deyən politoloq əlavə edib ki, məğlub ölkədəki bəzi siyasi dairələrin revanş haqqında absurd iddialarla çıxış etməsi reallıqlara uyğun deyil, həm daxili, həm də beynəlxalq müstəvidə ictimai rəyi yanıltmağa yönəlik müvəqqəti taktiki gedişlərdir.

Ermənistan daxilindəki ictimai-siyasi gərginliyə toxunan politoloq N.Paşinyanın bölgələrə səfərinə etiraza görə 20 nəfərə yaxın şəxsin, o cümlədən Meqri şəhərinin merinin tutulmasının bu ölkədəki antidemokratik mühitin göstəricisi olduğunu deyib: “Paşinyanın demokratiya imitasiyası çoxdan iflasa uğrayıb, ağılsız diktatorun “demokrat” maskası artıq yırtılıb. Ümumiyyətlə, Ermənistanda hakimiyyət olimpində cinayətkar hərbi xuntanı əvəzləyən indiki oxlokoratiya (küçə - kütlə hakimiyyəti – red.) ilk vaxtlar populist və demaqogiya ritorikası ilə çıxış etsə də, qısa müddət ərzində diktatura mahiyyətini nümayiş etdirməyə başlamışdı. Paşinyanın rəhbərlik etdiyi antidemokratik hakimiyyət sistemi öz vədlərini istisna və inkar edən davranışlarla çıxış etməyə başlamışdı. Daha dəqiq desək, ilk vaxtlardan etibarən legitimlik problemi yaşayan, siyasi xaos və kataklizmlərə qarşı-qarşıya olan Paşinyan yeni tiraniya formasında mövcud olan öz hakimiyyətinin dayaqlarını gücləndirmək məqsədilə “demokratiya” görüntüsü altında diktatura sistemi formalaşdırmışdı. Bu gün Ermənistanda mövcud olan siyasi xaos fonunda baş verən proseslər bu reallığı tam təsdiqləyir. Həqiqət budur ki, vaxtilə siyasi qəsb vasitəsilə hakimiyyəti ələ alan Paşinyan rəqibləri ilə mübarizə prosesində, eləcə də vətəndaş itaətsizliyi aksiyalarına münasibətdə zor – güc amilinə üstünlük verir. Ona görə də hüquq, demokratiya, sivil dəyərlər və qanun anlayışları bu hakimiyyət üçün xarakterik deyil. Biz bu gün konkret olaraq Sorossayağı “demokratiya”nın Ermənistan nümunəsini görürük. Ermənistanda ifadə azadlığı tam ləğv edilib, baş nazirə qarşı etiraza görə kütləvi həbslər həyata keçirilir”.

İlhamə RƏSULOVA

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »