Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bizim... tələviziyalar
Bahəddin Həziyev

Yadımdadır, 90-cı ilin əvvəlləri idi. Rayon yerində bir balaca məclisdəydim. Adamlar ölkədəki, dünyadakı vəziyyətdən danışırdı. Qızğın mübahisə gedirdi; hər kəs bir-birinin sözünü kəsərək öz "həqiqət"lərini bir-birinə qəbul etdirməyə çalışırdı.

Bir ağsaqqal kişi üzünü mənə tutdu:

- Sən niyə danışmırsan?"

- Dinləyirəm.

Çox israrla fikrimi soruşdular. Bir neçə cümlə dedim. Ağsaqqal qayıtdı ki:

- Belə baxanda düz deyirsən. İntəhası sən gərək çıxıb bunları o qutudan deyəsən ki, camaat inansın.

"Qutu" deyəndə otağın baş tərəfindəki köhnə Sovet istehsalı olan televizoru göstərdi.

Bəli, insanlar "o qutu"dan deyilənə daha çox inanırdı, nəinki canlı insana. Yəqin elə indi də hələ bir az inanırlar. İnsanlar düşünür ki, adam əgər gedib "o qutu" deyilənin içərisinə daxil ola bilibsə, danışdığı da düz olar. Bir də elə bilirdilər ki, adam hər gün efirlərdədirsə, deməli, çoxlu pulu, imkanı da var. Ümumiyyətlə, kənddə yaşayanlar elə bilirdilər ki, şəhərdəki qohumları hər səhər süpürgə ilə pul süpürüb toplayır. "Filankəs televizora çıxmışdısa, çox imkanlıdır" düşüncəsi hələ də var.

Qərəz, bir çox insanımızın arxa şüurunda "televiziya kultu" var. Bu televiziya kultu televizorun pultu üzərində ailədaxili savaşlara da yol açır. Yarızarafat deyimlər də var. Deyir: "Televizorun pultu kimin əlindədirsə, evdə hakimiyyət də ondadır" və sair. Bəlkə də bunun səbəbi ölkənin, hətta dünyanın efirdən idarə olunmasından gəlir. Siyasət də əslində aktyorluq, rejissorluq, prodüsserlik... bacarıqları tələb edir. Dünya böyük bir televizordur; Baydenindən Kim Çen Inına qədər, Putinindən Qurbanqulusuna qədər hamısı bu televiZORrun aktyorları, aparıcıları, ya da qurbanlarıdır. Müharibələr də bir növ tamaşa, reality-şou formatında gedir; əsərin müsbət qəhrəmanları... axırda ölür, qələbə şərbəti də, şöhrət çələngi də hər zaman sağ qalan sərkərdələrin "qismət"idir. Siyasi fiqurların "aktor", döyüş meydanlarının isə "hərbi əməliyyatlar teatrı" adlandırılması da bəlkə burdan qaynaqlanır. "Dil yanılar, düzünü deyər" misalı bir növ.

İmperator Neron da teatr səhnəsində aktyorların yandırılmasını əmr etmişdi; tamaşaları daha inandırıcı və daha təsirli olsun deyə. Neronun televiziyası yox idi; o zaman telepatiya əsriydi. Adamlar öz fikir və emosiyalarını bir-birinə telepatik kanallarla ötürə bilirdi. Bir də ki şəhər balaca, adam az. Bir amfiteatrlıq ictimai rəy vardı o zaman.

Bəs indi?

İndi Dünya böyükdür, telepatiya yerini televiziyaya verib. İntusiyaya da yer yoxmuş artıq; xəbər var, şərh var, araşdırma və də təhlil var. Bir sözlə FAKT. Dünyanın üzünü dana dərisindən elektron daşıyıcılara köçürmüşük. Dünya müdrikləşməyib, sadəcə, daha çox savadlanıb və vizuallaşıb. Demirik, pisdir. Sadəcə, belədir: dünya efirdədir. Yaxşısı da, pisi də.

Bəs bizim efir necədir? Həmin o başda xatırlatdığım 90-cı illərin əvvəlində, daha dəqiq, 1995-ci ildə Ramiz Rövşən hamilə qadınlara çağırış etmişdi: "Azərbaycan televiziyasına baxmayın, körpələriniz eybəcər doğular". İndi Ramiz Rövşən bütün efirlərdədir; bu da bəlkə yeni körpələrin daha gözəl doğulacağına etibarlı şair sığortasıdır, ya da...

Yox, şairin o çağırışına o illərin analarının heç də hamısı qulaq asmadı; eybəcər doğulanların bir çoxu böyüyüb canlı efirə çıxdılar. Özlərindən əvvəlki efir Kvazimodolarına bənzədilər bir çoxu. Bu estetikası eybəcərlər və etikası gicbəsərlər toplanıb-toparlanıb bir zamanlar Qulu Məhərrəmli, Zeynal Məmmədli kimi televiziya idollarını sıxışdırıb efirdən çıxardılar. Öz toxqarın və acgöz-şorgöz "mürşid"lərindən təlimat alaraq bir auidiovizual terror şəbəkəsi yaratdılar. Təbii ki, söhbət namuslu, istedadlı və peşəkar tv cameəsindən getmir.

Söhbət kimlərdən gedir, bilirsiniz?!

...Məkkəyə - ömrü boyu arzuladığı, niyyətləndiyi Kəbə ziyarətinə gedib gələn bir mömin: "Kaş gedib gözümlə görməyəydim" demişdi mənə. Nə imiş məsələ?! Hacılar milyonlarla qoyunu qurban kəsdirir, heyvanın içalatı Məkkənin ətrafına - o dağlara, çölə səpələnir. Qalaq-qalaq toplanıb Səudiyyənin qovurucu istisində iylənir. Ətrafı üfunət iyi basır. Bir çoxları da televiziya adlı "qutu"ya soxulub, cəmiyyətin üfunətini, intimini, məhrəmini - içalatını o müqəddəs efirlərə səpələyir. Və hamının bir zaman (bəlkə elə indinin özündə də) inandığı "o qutu"dan ətrafa antisanitariya, mənəvi çirkab yayırlar. Bəlkə buna görə Zamin Hacı bir köşəsində belələri haqda "telekanalizasiya" ifadəsini işlətmişdi.

Daha reytinqli "içalat" axtarışı gedir. Nəticədə özlərindən başqa heç kimə xeyri olmayan SOSial "proyektlər", qaraqışqırıq debatlar, "dartma yaxam cırıldı" tok-şoular meydan sulayır. Və ciddi, maarifçi, gerçəkçi, mötəbər verilişlər də bu total bayağılığın və televələddüzinalığın tozanağında görünməz qalır.

Doğrudur, AzTV-nin özündən, ARB24-dən İTV-yə qədər kreativ layihələr, maraqlı verilişlər də var. Hər səhər ən az 2 saat canlı yayımda xəbər, şərh, müsahibələr təqdim edən istedadlı və çalışqan məsləkdaşlarımız da var. Onların zəhmətinə rəğbətimiz də böyükdür. Ancaq bu da faktdır ki, çox efirlər ara müğənnilərinin, zəvzək aparıcıların, ayarsız aktyorların, düşük səviyyənin işğalından qurtulmalıdır. Elza Seyidcahanı xalqa şair kimi sırıyan bir zehniyyət növü ilə, zövqsüzlük və dənsizlik fəlakəti ilə üz-üzə qalmışıq. Efiri vulqarlığın tüğyan etdiyi söyüş meydanına, rüşvət mənbəyinə, pul tələsinə çeviriblər. Dəyərli İradə İsaq da bu haqda yazıb, doğru da yazıb. Televiziyanı bir çoxları TƏLƏviziyaya çeviriblər; milləti bir mənəviyyatsızlıq burulğanına, böyük bir tələyə salıblar.

...Bu yaxınlarda bir-birinin ardınca verilişlər bağlandı, kanal dayandı-filan. Yəni telemenecerlər arasında da həmin o rəzalətin fərqinə varanlar hər halda var. Buna son qoymağın zamanı, məqamı çoxdan çatıb da ötür belə. Bir yerdən başlasınlar artıq...

Bahəddin Həziyev

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »