Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Məğlub ölkənin xəritə təxribatı qayıdış müddətini uzatmağa hesablanıb"
"Məğlub ölkənin xəritə təxribatı qayıdış müddətini uzatmağa hesablanıb"

Prezident İlham Əliyev Hacıqabul rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində çox mühüm məsələlərə toxundu, bugünkü reallıqlar və gələcək strateji istiqamətlərlə bağlı əhəmiyyətli mesajlar verdi.

Dövlət başçısı azad edilmiş ərazilərdə infrastruktur layihələrinin icra olunması məsələsinə xüsusi diqqət yetirdi. Əlbəttə, həmin ərazilərdə yeni infrastrukturun yaradılması, şəhərlərin baş planının hazırlanması, hava limanlarının inşası və digər istiqamətlərdə görülən işlər strateji əhəmiyyətə malikdir. Çünki bu, həm mühüm sosial-iqtisadi önəm daşıyır, həm də yeni regional idarəetmə modelinin formalaşdırılması baxımından əlamətdardır.

“Xüsusilə də, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirilməsi innovativ seçim və kreativ addımdır. Yaşayış, istehsal, sosial xidmətlər, ağıllı kənd təsərrüfatı və alternativ enerji sahələri kimi komponentləri özündə ehtiva edən bu konsepsiyanın tətbiqinin məqsədi budur ki, sakinlər üçün rahat həyat şəraiti yaradılsın, həmçinin onlar çoxşaxəli xidmətlərlə təmin olunsun. Burada nəzərdə tutulan əsas prinsiplər əlçatanlıq və vətəndaş məmnunluğudur”. Bu fikirləri “Bizim yol”a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.

Nurlan Qələndərli Nurlan Qələndərli

Politoloq qeyd edib ki, azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin ləngiməsinə səbəb olan neqativ faktor Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə verməməsidir: “Ümumiyyətlə, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəalarını icra etmək əvəzinə, hələ də sənədin şərhi ilə məşğul olan Ermənistan siyasi təxribatlarını həm də "xəritə oyunu" üzərindən aparır. Reallıq budur ki, azad edilmiş ərazilər minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla çirklənmiş sahələrdir. Təbii ki, məğlub ölkənin "xəritə oyunu" vasitəsilə həyata keçirmək istədiyi plan aydındır: əvvəla, maksimum surətdə çoxlu canlı itkiyə nail olmağa çalışır. İkincisi isə, azərbaycanlıların bu ərazilərə qayıdışına müvəqqəti də olsa, mane olmaq, müddəti mümkün qədər uzatmaq istəyir. Əlbəttə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə bütün imkanlardan maksimum yararlanmaqla minatəmizləmə prosesini davam etdirir. Amma ərazinin geniş olması, minalanmış sahələrin miqyasının kiçik olmaması, yəni yüzlərlə kvadrat kilometr ərazini əhatə etməsi, üstəlik, Ermənistanın "xəritə təxribatı" işi çətinləşdirir. Birmənalı olaraq Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməlidir. Bu, beynəlxalq hüquq normaları əsasında qəbul edilmiş müvafiq konvensiyaların tələbidir. Azad olunmuş ərazilərimizdə mülki və hərbi şəxslərin minaya düşməsi məhz bu təxribatın nəticəsidir və hərbi cinayət hesab olunur. Eyni zamanda, bu cür qeyri-konstruktiv mövqe regional təhlükəsizliyə ciddi təhdid yaratmaqdır ki, bunun da qarşısını almaq üçün beynəlxalq təşkilatlar adekvat addımlar atmalı - məcburedici tədbirlər görməlidirlər".

N.Qələndərli ümumiyyətlə, Ermənistanın revanşist iddialardan əl çəkərək üçtərəfli bəyanatın icrası istiqamətində öz üzərinə düşən öhdəlikləri yerinə yetirmək məcburiyyətində olduğunu deyib. Onun sözlərinə görə, bu gün Ermənistanda istər hakimiyyətdə təmsil olunan bəzi siyasi dairələrin, istərsə də özünü klassik müxalifət adlandıran fiqurların revanş haqqında fikirlər səsləndirmələri manipulyasiya cəhdindən başqa bir şey deyil. “Çünki özləri də yaxşı bilirlər ki, Azərbaycanın qarşısında əzici məğlubiyyətə uğrayan Ermənistanın revanş üçün hər hansı potensialı və gücü yoxdur. Zatən sosial-iqtisadi tənəzzülə uğrayan Ermənistan çox ciddi demoqrafik və iqtisadi itkilərə məruz qaldı. Beləliklə, bu gün məğlub ölkənin həm iqtisadi gücü, həm demoqrafik potensialı yeni bir savaşa başlamaq imkanını istisna edir. Digər tərəfdən, Ermənistan regional və beynəlxalq proseslərə təsir etmək, yeni geostrateji reallıqları dəyişdirmək iqtidarında olan dövlət deyil. Biz bilirik ki, bu ölkə 30 ilə yaxın davam edən işğalçılıq siyasəti səbəbindən regionda təcrid vəziyyətinə düşüb, bütün layihələrdən kənarda qalıb, hər hansı bir geosiyasi və geoiqtisadi üstünlüyə malik deyil. Digər tərəfdən, Ermənistan beynəlxalq münasibətlər sistemində müstəqil aktor kimi təmsil olunmur. O, forpost adlandırılır və bəzi güc mərkəzlərinin diktəsi ilə hərəkət edən zəif geosiyasi fiqurdur. Ona görə də Ermənistandakı bəzi siyasi dairələrin revanş haqqında absurd iddialarla çıxış etməsi reallıqlara uyğun deyil, cəfəngiyyatdır və sadəcə olaraq həm daxili, həm də beynəlxalq müstəvidə ictimai rəyi yanıltmağa hesablanmış müvəqqəti taktiki gedişlərdir”,- deyən politoloq əlavə edib ki, Ermənistan tarixi reallıqlardan və siyasi gerçəkliklərdən dərs almalı, müvafiq nəticələr çıxarmalıdır”.

Politoloq Hərbi Qənimətlər Parkının yaradılmasının da reallıqların obyektiv dərk edilməsi, milli-tarixi yaddaşın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu deyib: “Bu unikal və universal məkanın yaradılması Azərbaycan xalqının Ermənistan tərəfindən törədlmiş vəhşiliyi və faşizmi heç vaxt unutmaması üçün önəmlidir. Eyni zamanda, Azərbaycan üçün Zəfər simvolu, qələbənin əbədiləşdirilməsi vasitəsi olan bu Park Ermənistan üçün acınacaqlı və rəzil məğlubiyyətin əyani ifadəsdir. Revanş haqqında düşünənlər bu reallığı nəzər salıb müvafiq nəticə çıxarsınlar”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »