Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
“Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”

Azərbaycan Prezident İlham Əliyev qədim Azərbaycan torpağı Zəngəzurun indi türk dünyasının birləşməsi rolunu oynayacağını dəfələrlə bildirib. Prezident Hacıqabula səfəri zamanı da qeyd edib ki, Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq və biz bu dəhlizin açılmasına mütləq nail olacağıq.

Bu dəhliz 1.1 trilyon ümumi daxili məhsulu olan türkdilli ölkələri birləşdirməklə yanaşı, qaz satışında qiymətlərlə bağlı, İran-Naxçıvan, İran-Türkiyə, Ermənistan-İran münasibətlərinin tənzimlənməsində də rol alacaq. Bütün bunları bu gün Ermənistan da anlayır və əzlində bizdən çox özlərinə faydalı olacaq bu kartdan bizə qarşı istifadə etməyə, dəhlizin açılmasına əngəllər törətməyə çalışırlar.

“Zəngəzurun Ermənistana verilməsi Azərbaycana, türk dünyasına vurulmuş ən böyük zərbə idi. Ermənistana xəritədə baxanda onun Azərbaycanın, türk dünyasının ürəyinə saplanmış bir bıçaq olması təəssüratı yaranır. Başqa dövlətlərin maşası olan Ermənistanın hər zaman fəaliyyəti və rolu bundan ibarət olub”. Bunu Bizimyol.info-ya Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, siyasi şərhçi  Mübariz Göyüşlü deyib.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“1990-cı illərdə torpaqlarımızın itkisi bizi, digər türk dövlətlərini Türkiyədən bir az da uzaq məsafəyə saldı. Qarabağ, Zəngəzur, Naxçıvan vasitəsilə rahat bir şəkildə gedə biləcəyimiz Türkiyəyə Gürcüstan üzərindən, daha uzaq məsafəylə getmək məcburiyyətində qaldıq. Zəngəzurun itkisi bizi çox geri saldı, bizə çox böyük problemlər yaratdı və yaratmaqda da davam edir. Ermənistanın kapitulyasiyası ilə nəticələnən birgə Bəyanatdan sonra Zəngəzur mövzusu çox aktuallaşıb. Prezident İlham Əliyev bu məsələni müntəzəm olaraq gündəmə gətirməklə Azərbaycan xalqının öz tarixi torpaqlarından əl çəkmək fikrində olmadığını göstərməkdədir. Zəngəzur dəhlizi Azərbaycanın maraqlarına tam şəkildə cavab verən bir məsələdir. Onun açılması Azərbaycanın Türkiyə ilə, Türkiyənin türk dünyası ilə qovuşması deməkdir. Bu dəhliz iqtisadi fayda deməkdir. İqtisadi fayda ilə yanaşı mədəni, mənəvi, tarixi bağlarımızın genişlənməsi, daha da möhkəmlənməsi deməkdir. Amma mən Zəngəzur məsələsinə ancaq dəhliz kimi baxılmasının əleyhinəyəm. Zəngəzur, İrəvan, Göyçə və digər yerlər tarixi Azərbaycan torpaqlarıdır. Onlar Qarabağda yaşamaq hüququ əldə etdikləri kimi, bizim də oradan qovulan soydaşlarımız, onların törəmələri həmin yerlərə qayıtmaq, yaşamaq hüququ əldə etməlidirlər. Zəngəzur və digər yerlər bizlər üçün namus məsələsidir. Bu mövzuda qətiyyən güzəşt etmək olmaz. Qarabağa necə qayıtdıqsa, Zəngəzura və digər tarixi torpaqlarımıza da o cür qayıtmalıyıq”,- deyə o bildirib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »