Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəstəxanaların can bazarı – Çalış ölmə!
Xəstəxanaların can bazarı – Çalış ölmə!

Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Yeni klinikasının direktoru Pərviz Abbasov koronavirus xəstələrinin xəstəxanaya yerləşdirilməsi üçün rüşvət aldıqlarına görə saxlanılıblar. Baş həkimlər hər çarpayını 3000-3500 manata sataraq can bazarı açıblarmış.

Yəqin araşdırmalar zamanı oksigen balonlarının hər saatının satılması, pulsuz verilməli olan dərmanların pulla verilməsi, xəstəyə hansısa dərman verilmədiyi halda verildi deyib xəstə yaxınlarından əlavə vəsaitlərin mənimsənilməsi faktları da nəzərdən qaçmaz. Belə xəstəxanalarda statistika ilə oynanılmadığına da zəmanət varmı? Ürəyindən ölən adamın da koronavirus adıyla qeydiyyata salınma səbəbi də dövlətdən yeyinti olmasın? Bu kimi faktları bu camaat bir ildir bar- bar bağırır axı. Xaos və müharibələrin öz bayquşları, öz qazananları var. Bu iki baş həkim də onlara nümunə.

FHN xəstəxanasında aylar öncə oksigen balonlarının partlaması sayəsində çoxlu sayda insan ölməsi barədə gəzən söhbətlər və bu hadisənin üzərindən xəstəxana rəhbərliyinin sükutla keçməsini də unutmazlar ümid edirik. O hadisə yaşandımı, yaşanmadımı, sirr pərdəsinə büründü. Od olmayan yerdən tüstü çıxmaz deyiblər. Ən azından araşdırılmalı, xalqa inandırıcı bir açıqlama verilməliydi. Günlərlə qapılarda gözləyən insanların qabağına yalnız əsgərlər çıxdı, personaldan bir nəfər gözə dəymədi, verilən açıqlamalarda isə necə deyərlər gah nala vurdular, gah mıxa. İkinci ilinə qədəm basan pandemiya dövründə Səhiyyə Nazirliyi və onun mətbuat xidməti media ilə gizlənpaç oynadı. Nə üzə çıxdılar, nə səsləri gəldi. Özlərini ölülüyə vuranda belə klinika rəhbərlərinin də əlinə fürsət düşdü.

Bu kimi faktlar Azərbaycanın koronavirusla mübarizə sahəsində görülən böyük işlərə kölgə salır, bütün həkimlərin əməyini gözdən düşürür, insanlarda olan inamı, güvəni qırır. Bu savaşda canından olan, günlərlə evinə gedə bilməyən həkimlərimiz də oldu, Onları unutmadıq. Amma bir pis adamın elədiyini min yaxşı əməllə düzəltmək çətin olur. Koronavirusla mübarizəyə milyonlarla vəsait yönəldiyi bir vaxtda insanların sağlamlığı bahasına belə oyunlar oynayıb xəstəxanaya sifarişlə xəstə qəbul etmək heç bir insanlığa, həkim şərəfinə sığışmaz. Bəs bu cinayətə görə hansı cəza düşür? Sualımızı hüquqşünas Turqay Hüseynov cavablandırır.

“Həmin şəxslərin hərəkətlərinə hüququ qiymət verilməlidir. Aradşrmalardan sonra onların əməllərində cinayət tərkibinin olması təsdiqlənsə hüquqi prosesin başlanması qaçılmaz olacaq.Xüsusilə pandemiya şəraitində bu faktın baş verməsi daha ağır nəticələrə gətirib çıxara bilər və bu göz önünə alınmalıdır”.

Ən pisi də budur ki, bu faktı sıravi bir həkim törətməyib. Yəni tək bir həkimin etdiyi işin miqyası böyük olmazdı.Bu şəkildə cinayətə klinikanın rəhbəri yol veribsə, demək bir il ərzində həbsxana divarları kimi keçilməz olan xəstəxana divarları arxasında bilmədiyimiz çox şey yaşanıb. Bəlkə çoxusunu heç bilməyəcəyik də. Çünki onların qurbanlarının bir çoxu yəqin artıq həyatda yoxdular. Əslində hüquq mühafizə orqanları media tərəfindən dəfələrlə yazılan, dilə gətirlən bu tipli şikayətləri zamanında izləyib araşdırsalar bir çox yaramaz halların qarşısını almış olarlar. Çünki, xalqın sözü əvvəl axır düz olur.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »