Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mal əvəzinə naz satan qızlar: “Almasanız, müdir məni qovacaq”
Manat - Maaş

İftara yarım saat qalmışdı. Həyətin qapısı açıqdır deyə iki qəşəng qız soruşmadan içəri girdi. Məndən heç nə soruşmadan gülə-gülə qardaşıma yanaşdılar.

- Su filtrlərimiz var. İcazə verin təqdim edək. Həm  də suyunuzun təmizliyini test edəcəyik. Elə şirin dillə, işvə-nazla danışırlar, olmayan kimi. Qardaşım “iftara az qalıb, indi olmaz” desə də, biz “5 dəqiqə vaxtınızı alacağıq” deyib israr edirlər.

Bizim həvəssiz olduğumuzu görüncə başladılar duyğu istismarına. “Siz ona baxsanız, bizim də maaşımıza üstünlük gələcək, xahiş edirik. Nə olar, eləcə baxın bir də kağıza qol çəkin gedək. Belə yaraşıqlı kişi indi bizi qapısından boş qaytaracaq?” dedilər. Sonra da inadla yapşdılar ki, evdə nə qədər  adam var, hamısı təqdimatda iştirak etməlidir. Gəlinbacı ərinə naz satan bu iki qıza əsəbiləşmişdi deyə qapını necə çırpdısa, şüşələr şaqqıldadı, biri qopub düşdü yerə.

Hər şey elə bu birinci yalanla başladı. Beş dəqiqə dönüb oldu bitmək bilməyən saatlar.

Evə “buyur” etdik. Dərhal qapının arxasında gizlənmiş əlində böyük çantası olan cavan oğlanı çağırdılar. Oğlan da evə girən kimi qızlar “işimiz bitdi” deyib aradan çıxdılar. Keçdik bu cavan uşağın çənəsinə.

“Öncə malımı təqdim edim” deyərək başladı, yarım saat qoşulmuş maqnitafon kimi aramsız və tez-tez danışdı. Bu arada  azan da oxundu. “Bala qısa elə, iftar vaxtıdı” desək də, “yox, mən hamısını danışmasam, maaşımı kəsəcəklər” deyir. İftara dəvət edirik, ona da razı deyil, biz onu dinləməliyikmiş. Nə bəlaya keçdik?!

- Ay bala, sən danışmasan da olar, biz gördük malı, qiyməti nədir?

- Onu sonda deyəcəm.

- Əşi nə son, qısa elə, hövsələm çatmır, qiyməti nədir axı?

- Yox, öncə izah edim sonra.

Qısası qapıya girdiyi andan 10 dəfə qiymət soruşsaq da, cavan oğlan elə malını tərifləyir.

İftardan bir saat da keçib hələ mövzu uzanır. Birtəhər yarıda kəsib dava edirmişcəsinə qiyməti öyrəndik. 1700 manatmış. Hələ yenə davam edcəkdi, birtəhər yola saldıq getdi. Gedəndə də üzündə narazı ifadə: “Niyə almadınız, maaşıma mükafat gəlməyəcək”.

Sözüm o filtrdə deyil. İşçisini belə  pis vəziyyətə salan işəgötürənlərdə, sahibkarlardadır. Bir az da qanunları bilməyib əmək müqaviləsinə diqqət etmədən işləyənlərdə. Yəqin küçələrdə qarşınıza az çıxmayıb gənclər. Sizi zorla mağazaya dəvət edirlər, girməsəniz, müdirin onu  işdən qovacağını deyirlər.

Onlarla küçədə salfetka satıb balasının xəstəlikdən öləcəyini deyənlər arasında fərq elə də böyük deyil. Belə qapılara göndərdikləri əməkdaşlara da reklamı öyrədiblərsə də, səhv formada öyrədiblər. Onların öncədən planlı şəkildə tərtib etdiyi o 3 saatlıq nitqi dinləməyə kimsədə hövsələ olmaz. Qabağa iki dənə qızı salırlar, onlar da gözəlliklərindən, işvələrindən istifadə edib ailənin kişisinə yaxınlaşırlar. Sonra da yaxanı verirlər malı satan əməkdaşın əlinə,  düşürlər yeni ov arxasınca. Ümumiyyətlə, kadr seçiminə, işin aparılmasına, ən önəmlisi də idarəçiliyə peşəkarları dəvət eləməyəndə uğur əldə etmək şansa  bağlı olur. Alacaqdıqsa da, məhz elə o  təqdimata görə almadıq. Allah eləməmiş, malı alandan sonra da 3 gün evdən çıxmayıb moizə oxusaydılar, nə olacaqdı?  Qısası, bizə iftara gecikmək qaldı , bir də gəlinin sındırdığı pəncərə şüşəsi.

İlhamə Rəsulova

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› Azərbaycan 44 saata Qarabağın dağlıq hissəsini terrorçulardan təmizləyə bilər
››› Hansı bizə daha yaxındır: Fələstin, yoxsa İsrail...
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Ermənistanda vəzifəli şəxslər həbs edilib
››› Ceyhun Bayramov və Lavrovun görüşünün təfərrüatı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »