Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...

Detalları yerli və beynəlxalq ictimaiyyətdən son dərəcə gizli saxlanılan müqavilənin məbləğinin 450 milyard olması və yeni geosiyasi şərait yaratması blefdirmi?

Əsasını İmam Xomeyninin qoyduğu 42 ildir davam edən “Nə Qərb – Nə Şərq” siyasətinin olduğu İranda müxalif qüvvələr 25 illik anlaşmaya şübhəylə yanaşırlar. İran və Çinin uzun zamandır müzakirə etdiyi ticarət, investisiya, müdafiə və təhlükəsizliklə bağlı imzalanan, strateji mahiyyət kəsb edən anlaşma rəsmi Tehranın dərindən nəfəs almasını müəyyən qədər təmin edib. Çünki bu İslam ölkəsi hazırda ABŞ-ın təzyiqlərindən yayınmağa çalışır və hansısa ön şərtlər olmadan Vaşinqtonun nüvə anlaşmasına qayıtması üçün dəridən-qabıqdan çıxır.  Ancaq bununla bərabər, xüsusi olaraq qeyd edək ki, Pekin və Tehran arasında imzalanan 25 illik müqavilənin, düşünüldüyü kimi, dərhal konkret dəyişikliklərə gətirib çıxaracağı barədə söylənənlər də hələlik qaranlıq qalmaqda davam edir.

Şübhəsiz, bu tip geosiyasi və geoiqtisadi anlam daşıyan proseslərdə anlaşma çox vacibdir, ancaq ondan da mühümü zamanlamadır. Bu mənada ehtimal etmək olar ki, dünyada bütün sahələr üzrə gərginliyin və çətinliklərin davam etdiyi indiki sıxıntılı dövrdə belə, İran dövləti təklənmədiyinin və hələ tərəfdaşlarının olduğu barədə mesaj verirmiş kimi görünməyə çalışır. Paralel olaraq, bu, cənub qonşumuzun digər ölkələrlə rəqabəti uduzmadığı, əksinə, onlara çatmaq səyidir desək, yalan olmaz. Yəni, 25 illik anlaşma hələlik İran və Çinin analoqu olmayan dərinlikdə və miqyasda əlaqələrə sahib olacaqları barədə tələsik nəticələr çıxarmağa əsas vermir.

Təsadüfi deyil ki, İran və Çin arasında münasibətlərin dərinləşdiyi barədə ABŞ-ın yeni prezidenti Co Baydenə ünvanlanan suala, o, bir az etinasız formada “...illərdir bundan narahatıq” cavabını verib. Unutmayaq ki, cənub qonşumuzla, demək olar, bütün ticarət sahələri üzrə embarqo qoyan ABŞ-ın sanksiyalarına qarşı enerji daşıyıcılarına ac olan, o cümlədən pandemiya sonrası iqtisadiyyatını yenidən ayağa qaldırmağı hədəfləyən Çinin hal-hazırda dünyada ən çox neft aldığı ölkə İrandır.

Xatırladaq ki, İran və Çin tez-tez birgə hərbi təlimlər də keçirirlər ki, bunlardan ən sonuncusu bu ilin fevral ayında Hind Okeanı sahillərində Rusiya ilə birlikdə gerçəkləşdirdikləri hərbi təlimlərdir. Bundan başqa, bu ölkələr arasında kəşfiyyat məlumatlarının qarşılıqlı mübadiləsi sahəsində də uzun illərdir sıx əməkdaşlıq müşahidə olunur. Belə ki, İranın ABŞ-a aid pilotsuz uçuş aparatları və yerüstü kəşfiyyat hərəkətləri haqqında Pekinə məxfi informasiyalar ötürdüyü barədə məlumatlar var.

Dünyanın siyasi və iqtisadi güc mərkəzləri üçün bir anlıq soyuq duş effekti yaradan İran və Çin arasındakı strateji əlaqələri dərinləşdirəcək sözügedən müqavilənin hədəf aldığı bir sıra məsələlər mövcuddur. Onlardan ən önəmlisi, İslam ölkəsini yanına çəkməklə, planetin ən böyük iqtisadiyyatı olmaq üçün ABŞ-la qlobal miqyasda rəqabət aparan Çinin öz təsir dairəsini daha da genişləndirmək hədəfidir. Pekinin hesablamalarına görə, Şərqin ən iddialı və neft-qaz ehtiyatlarıyla zəngin ölkələrindən biri olan İranla bağlanan bu cazibəli anlaşma dünyanın digər onlarla ölkəsini də real investisiyalar əldə etmək baxımından ciddi qərarlar qəbul etməyə təşviq edə bilər. Çinin son illər irəli sürdüyü və reallaşdırmağa başladığı “Bir Kəmər - Bir Yol” meqalayihəsi bu planda Qərbi narahat edən ciddi bir siqnaldır. İxtiyarında olan böyük maliyyə gücü borc içində üzən yeni-yeni 3-cü Dünya ölkələrini özünün təsiri altına alması üçün Çinə ideal imkanlar açmaqdadır.

Bir şeyi də unutmayaq ki, bu müqavilə bir anda ortaya çıxmayıb, Çin və İran hökumət yetkililəri düz 5 ildir ki, bunun üzərində işləyirdilər. Sözügedən dövlətlərarası razılaşma, İran və Çin də daxil, dünyanın güc mərkəzlərinin 2015-ci ildə imzaladığı nüvə anlaşmasından sonra təxirə salınmışdı. Ancaq sonradan nə baş verdisə, keçmiş ABŞ prezidenti Donald Tramp siyasətini 180 dərəcə dəyişərək, İranda sabitliyi pozmaq və onu yoxsul bir ölkəyə çevirmək məqsədi güdən mübahisəli sanksiyalar tətbiq etməyə başladı ki, nəticədə məlum 25 illik müqavilənin detalları masa üzərinə çıxmış oldu.

Xatırlayırsınızsa, İran ABŞ-ın razılaşmadan qəfil geri çəkilməsinə qarşılıq olaraq, həm istehsalını, həm də zənginləşdirilmiş uran ehtiyatlarının saflaşdırılmasını qadağan olunmuş miqdarın üzərinə çıxarmaq surəti ilə, nüvə proqramını dayandırmayacağı, əksinə, işi sürətləndirəcəyi barədə bəyanat vermişdi. Bayden isə prezident seçiləcəyi təqdirdə nüvə anlaşmasına dönəcəyi barədə söz vermişdi, ancaq bununla belə, hələ də eyni israrla tələb edir ki, İran anlaşmanın şərtlərinə əməl etsin. Ancaq hər şey göründüyü qədər asan deyil, çünki İran ona qarşı tətbiq olunan bütün sanksiyaların aradan qalxmasını ilkin şərt kimi masaya qoymaqla, ABŞ prezidentinin bu tələbini rədd edir.

Göründüyü kimi, Çinlə əldə olunan anlaşma ABŞ-a az qala meydan oxuyan İranın əlini xeyli gücləndirib. Belə olduqda, rəsmi Tehranın məhz bu özgüvəni qazanması nəticəsində baş verəcək kritik siyasi qarşıdurmalardan bəzi siyasi dividentlər əldə edəcəyini də proqnozlaşdırmaq olar. Çünki Çinlə bağlanan bu müqavilənin bir başqa mesajı da budur ki, hər iki ölkə, xüsusi ilə də İran sanki sübut etməyə çalışır ki, heç də təcrid olunmuş bir ölkə deyil, hətta sanksiyalar ləğv edilməsə belə, bir “B” planına malik olduğunu göstərmək üçün anlaşmanı daha da şişirtməkdə fayda görür. Məsələnin Çinə aid hissəsi də maraqsız deyil. Belə ki, rəsmi Pekin sanki ABŞ-a meydan oxuyurmuşcasına deməyə çalışır ki, biz öz işimizi istədiyimiz şəkildə görürük, sizin regional siyasi planlamalarınız heç vecimizə də deyil, “...hətta İranla daha güclü əlaqələr qurmaq istəsək, bunu edərik” mesajı var sözügedən 25 illik müqavilədə.

Təsadüfi deyil ki, Çin Xalq Respublikasının İrandakı keçmiş səfiri olmuş Hua Liminq deyib ki, Çinin rəsmi Tehranla münasibətlərində “çox böyük bir dəyişimə” qədəm qoymuşuq. “South China Morning Post”a verdiyi müsahibədə diplomat, “...hələ Cim Karter dövründən bu yana ABŞ rəsmiləri, ABŞ-Çin münasibətlərinə ciddi əngəl olaraq gördükləri Çin-İran münasibətini biz çinlilərə tez-tez xatırladardılar”, deyə vurğulayıb. Ancaq qeyd edək ki, Çin-ABŞ siyasi-işgüzar əlaqələrində son vaxtlar baş verən köklü dəyişikliklərlə yanaşı, o dönəmin də başa çatdığı açıq-aşkar hiss olunmaqdadır. ABŞ-ın yeni xarici siyasət doktrinasında Çini düşmən yox, məhz iqtisadi rəqibi kimi tövsif etməsi körpüləri tamamən yandırmamaq niyyətindən irəli gələ bilər. Ya da, bu, rəsmi Vaşinqtonun Çinə münasibətdə zaman qazanmaq üçün atdığı siyasi addım da ola bilər.

Bütün hallarda, İran rəsmilərinin çox sevindiyini sezməmək də mümkün deyil. Çünki 25 illik strateji ticarət anlaşması ABŞ sanksiyalarının, az qalsin iflic etdiyi İran iqtisadiyyatının yenidən dirçəlməsini nəzərdə tutur. Ancaq demək olmaz ki, dünyanı siyasi mənada təəccübləndirən sözügedən müqavilə İranda bütün siyasi qüvvələri məmnun edib. Əslində, belə deyil. Çinlə 25 illik anlaşmanın ölkənin milli maraqlarına zərbə olduğunu düşünənlər də az deyil qonşu ölkədə. Bu kimi mülahizələrə əsas verən səbəblər isə çox ciddidir. Belə ki, məlum anlaşmanın bəzi detallarının hələ də yerli və beynəlxalq ictimaiyyətdən gizli saxlanılması, həm İrandakı müxalifləri, həm də bölgə ölkələrini ciddi narahat edir. Obrazlı ifadə etsək, həm iranlı şahinlər, həm də müxalif sürgünlər görüntüdə bir dəlilin olmadığı müddətcə, bu anlaşmanın İranı sözün bütün mənalarında Çinin himayəsi altına atacağını proqnozlaşdırırlar.

Bu arada, Çinin xarici işlər nazirliyinin sözçüsü Sao Lisiyenin açıqlaması müəyyən sərinləşdirici effekt yarada bilər. O, məsələylə bağlı açıqlamasında bildirib ki, İranla bağlanan müqavilə hansısa ölkənin bölgədəki təsirinə qarşı yönəlmək məqsədi daşımır, xüsusilə, ticarət və investisiya məbləğləri üzrə konkret müqavilələri və hədəfləri özündə ehtiva eləmir. “Plan iki ölkə arasında iqtisadi, bəşəri və başqa sahələrdəki işgüzar əlaqələrin potensialını ələ almağa və uzunmüddətli layihələrlə ticarətin yol xəritələrini planlaşdırmağı nəzərdə tutur”, -  deyə Sao Lisiyen deyib. Uzun sözün qısası, diplomatın danışığından belə anlaşılıb ki, məlum müqavilə Çinin hal-hazırda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İraqla imzaladığı anlaşmaların tam eynisidir.

Doğrusu, biz də Çin diplomatı kimi sadə və xoşməramlı düşünmək istərdik, ancaq İran rəsmilərinin məsələyə tamamən fərqli, təəccüblü don geyndirmə cəhdini nəzərə alsaq, o qədər də sadəlövh olmamaqda fayda görürük. Çünki iranlı bəzi yüksək səviyyəli rəsmilər belə hesab etməyə başlayıblar ki, bu Şərq ölkəsilə bağlanan müqavilə İran və Çinin, o cümlədən Rusiya və Türkiyənin də daxil olduğu gücün timsalında, ABŞ hegemoniyasına meydan oxuyan Avrasiya ölkələrinin şəkillənməkdə olan yeni geosiyasi ağırlığının artması fonunda daha təsirli bir həmlə olub.

Elə bundan xüsusi ilham alan İranın güclü Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmhaninin, müqavilənin ABŞ və Qərb güc mərkəzlərini tamamilə rədd etdiyini nəzərdə tutduğunu ifadə etməsi maraq doğurmaya bilməz. Şəmhani sosial şəbəkə hesabından etdiyi paylaşımda “Baydenin narahatlığı doğrudur” deyə vurğulayıb. Onun fikirlərinə inansaq, Şərqdə ölkələrarası strateji münasibətlərin dərinləşməsi ABŞ-ın bölgədə siyasi enişini və məğlubiyyətini sürətləndirəcək. Co Baydenin ABŞ ordusunu uzun illərdən sonra Əfqanıstandan tamamən çıxarması barədə sənəd imzalaması məhz bu kontekstdə maraqlı nəticə doğurur əslində.

İran rəsmilərinin açıqlamalarından belə aydın olur ki, sözügedən müqavilənin ərsəyə gəlməsində Ali Dini Lider Əli Xameneyi ilə yanaşı, keçmiş Məclis Sədri Əli Laricaninin böyük əməyi olub. Hərçənd ali dini lider sənədə imzasını atmaqdan yayınıb. İranda böyük siyasi nüfuza malik Laricaninin sözçülərindən biri Mənsur Həqiqətpur anlaşmanın tam mətninin məxfi saxlanmasını təhlükəsizliyə dair narahatlıqla izah edib. Həqiqətpur “Jamaran” adlı xəbər saytına verdiyi müsahibədə, “ABŞ-a bəslədikləri düşüncələrindən dolayı, çinlilər bizdən razılaşmanı yaymamağı istəyiblər” şəklində açıqlama verib. Məsələ burasındadır ki, müqavilədə hərbi planda müdafiə və təhlükəsizliklə bağlı müddəaların da geniş təsvir edilməsi ehtimal olunduğundan, Çin və digər ölkələrin ABŞ-la ciddi problemlərin yaşandığı indiki vaxtda müqavilənin detallarının açılmasını İran rəsmiləri də məqsədəuyğun hesab etmirlər. Müqavilədə Rusiyanı narahat edəcək xüsusların olması da istisna edilmir.

Bir çox media quruluşları müqavilə əsasında Çinin 25 illik müddətdə İrana 450 milyard ABŞ dolları məbləğində investisiya qoyacağını iddia edir. Bu xəbərlər sanki bir mətbəədə hazırlanaraq dövriyyəyə buraxılır. Ancaq müəyyən qisim ekspertlərin də fikirlərinə qatılmamaq olmur, belə ki, söhbətin mövzusu olan məbləğin böyük ehtimalla şişirdildiyini və çox az, konkret sahələri əhatə etdiyini ifadə etmək olar. Nəzərə alsaq ki, Çinin bu günə qədər heç bir sanksiyaya məruz qalmayan və sərhədsiz miqyasda neft məhsulları sata bilən Səudiyyə Ərəbistanındakı bütün investisiyalarının illik həcmi, sadəcə, 5 milyard ABŞ dollarına yaxındır, o zaman, nə demək istədiyimiz aydın olar. Bu mənada, müqavilə dəyərinin ağlasığmaz məbləğdə göstərilməsinin İran sarıdan şişirdilmiş təbliğat oyunu və siyasi blef olması şübhələri də var.

Buna baxmayaraq, iranlı rəsmilər, xüsusilə bu planda seçilən Mənsur Həqiqətpur, Çinlə bağlanan müqavilənin geosiyasi eyforiyasından qopa bilmir və hesab edir ki, 25 illik razılaşma ABŞ və Avropanın embarqolarının “tabutuna çalınmış bir mıxdır”. İranlı müşavir sonda daha irəli gedərək vurğulayıb ki, dünya çox böyükdür və biz göstərdik ki, ABŞ ilə Avropa heç nəyə qadir deyillər.

Bu arada Çinlə İran arasında bağlanan müqavilə fonunda İranın nüvə proqramı ilə bağlı son vaxtlar artan siyasi hərəkətlilik və əldə olunması çətin görünən razılaşmalardan sonra ehtimal olunan qarşıdurmalar bir başqa regional gərginliyə qapı açmış olur. Ən son aldığımız informasiyalara görə, Çin, Rusiya və İran nüvə anlaşmasını canlandırmaq üçün  “yol xəritəsi” və “təqvim” barədə fikir mübadiləsi aparıblar. Xatırladaq ki, bu geosiyasi hərəkətlilik, məhz ABŞ və Avropadan olan üç müttəfiqinin (Fransa, Böyük Britaniya və Almaniya) nüvə anlaşması ilə əlaqədar olaraq etmək istədikləri və İrandan icrası dondurulmuş müqaviləni canlandırmaq üçün təklif gözlədiklərini söylədikdən sonra baş tutub.

Ancaq bunun İranın tutumu olub-olmadığı barədə konkret söz demək də çətindir və hələ təsdiqini tapmayıb. Bununla belə, İranın nüvə siyasəti ilə bağlı son sozü deyəcək olan İran Ali Dini Lideri Əli Xameneyi 21 mart tarixindəki açıqlamasında “Tehran nüvə müqaviləsinə dönməmişdən qabaq, ABŞ bütün embarqoları ləğv etməlidir. Əgər embarqo və sanksiyaların düzgün bir şəkildə aradan qaldırıldığını görsək, biz də problemsiz bir formada nüvə anlaşması çərçivəsindəki öhdəliklərimizi icra etməyə başlayarıq. Çox səbrliyik və tələsən yerimiz yoxdur” demişdi.

Xarici mətbuatdan öyrəndiyimiz isə budur ki, rəsmi Vaşinqton, bütün tərəflərin 2015-ci ildə imzalanan nüvə anlaşmasına dönmə arzusunu açıq şəkildə ortaya qoyduğu bir vaxtda, “P5+1” ölkələri ilə (BMT TŞ-nın 5 daimi üzvü ABŞ, İngiltərə, Çin, Fransa, Rusiya ilə Almaniya) müzakirələrə açıq olduğunu ifadə edib. Bəyanatda, ayrıca bir sıra qabaqcıl və qarşılıqlı addımlar da daxil olmaq surətilə, başqa istiqamətlərdə buna nail olmağın ən yaxşı yolu ilə əlaqədar da səylərin olacağı bildirilib.

ABŞ xarici işlər naziri Antoni Blinken avropalı həmkarları ilə artıq hər kəs tərəfindən bilinən səylərə işarə vuraraq, “Avropalı tərəfdaşlarımız vasitəsilə keçirilən müxtəlif görüşlər də daxil olmaqla bunu həyata keçirmək istiqamətində qarşımızda duran real seçimləri müzakirə etdik” fikrini bölüşərkən xatırladıb ki, Vaşinqton hər zaman sözünə sadiqdir, İranın isə müqavilədəki öhdəliklərinə geri dönməsi vacibdir və “top artıq onun meydançasındadır”.

Ancaq gəlin razılaşaq ki, İran artıq ötən illərdəki ölkə deyil. Xüsusilə də Çinlə bağlanmış 25 illik strateji müqavilədən sonra. Cənub qonşumuzun Çin ilə son dərəcə strateji məna kəsb etdiyi bildirilən iqtisadi anlaşmanı imzaladığı tarixi zamanlamanın proseslərin gedişatında xüsusi bir çəkisi var. Məhz bu zamanlama iki ölkənin Bayden isteblişmentini “nisbi güc” mövqeyindən çıxış edərək müzakirə masasına əyləşməyə məcbur etməsi, rollarını müəyyənləşdirməsi, bir çox regional və beynəlxalq sənədlərdə paylarını qoruyub saxlaması üçün təzyiq göstərməyə hazır olduqlarını nümayiş etdirdi. Nəzərə alaq ki, Co Bayden və komandası İranla Çin arasındakı müqavilə ilə əlaqədar xəbərlərdən məlumatlıdırlar və sözügedən anlaşmanın detalları ilə bağlı incələmələrin aparıldığı kimsədə şübhə doğurmur. Bununla belə, ABŞ-ın özündə də bəzi çevrələr Vaşinqtonun bu müqavilə ilə maraqlanmadığını, çünki müqavilənin bəndlərinin bir çoxunun bəlli olmadığı səbəbindən həyata keçə biləcəyi mövzusunda böyük şübhələr yaratdığını söyləyirlər. Xüsusilə keçmiş ABŞ prezidenti Donald Tramp hökuməti tərəfindən tətbiq edilən və Bayden administrasiyasının davam etdirdiyi sərt sanksiyaların müqavilə çərçivəsindəki layihələrin çoxunu təhlükəyə ata biləcəyi istisna edilmir. Çünki Ağ Ev sözçüsü Yen Psaki ötən həftələrdə verdiyi bir açıqlamasında  ABŞ-ın Çin ilə İran arasında bağlanan strateji müqaviləylə bağlı mövqeyini belə ifadə demişdi: “Sırf iki ölkə arasında bağlanan müqavilə olmasından ötəri deyil sadəcə, İrana tətbiq olunan sanksiyalara, embarqolara əməl edilməsi və bunlara hörmət edilməsini təmin etmək baxımından, bu məsələ diqqətimizdə olacaq”.

Göründüyü kimi, İran rəsmilərinin guya çinli həmkarlarının sözünü qırmamaq üçün əldə etdikləri anlaşmanın detallarını yaymaması, bununla əlaqədar olaraq, prezident seçkilərinə gedən İranın öz daxilində müxalif qüvvələrin sözügedən anlaşma ilə bağlı şübhələrinin getdikcə daha da çoxalması, mümkün ehtimal, bu xüsusdan seçkiqabağı təbliğat-təşviqat prosesində hökumət əleyhinə istifadə edəcəyi barədə məlumatların olması, ABŞ-ın sanksiyalarından və embarqolarından dolayı müqavilədəki bir çox layihələri, hətta Çin şirkətlərinin həyata keçirməkdə çətinliklərlə üzləşəcəyi barədə söylənənlər və olaya təsir edəcək fərqli geosiyasi-geoiqtisadi qarşıdurmalar Çinlə İran arasında bağlanan 25 illik müddəti əhatə etdiyi və 450 milyard ABŞ dolları məbləğində olduğu iddia olunan müqavilənin icrasını indidən şübhə altına salır.

Şübhələr tək bununla bitmir. Məlumdur ki, bu nəhənglikdə dövlətlərarası müqavilə dövlət rəhbərləri arasında yox, qəribədir ki, məhz xarici işlər nazirliklərinin rəhbərləri səviyyəsində imzalanıb. Ali Dini Lider Əli Xameneyi və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin imzasını atmadığı, hətta İran parlamentinin belə, hələlik ratifikasiya etməyə tələsmədiyi bu sürpriz müqavilə ətrafında yaradılan hay-küy və ajiotajın siyasi blef olma ehtimalı daha çoxdur, nəinki ciddi bir akt olmağı. İran nüvə proqramı və Çinlə bağlamış olduğu müqavilədən istifadə edərək ABŞ və Avropaya “dirsək göstərməklə” onun üçün həyati vacib olan sanksiyalardan və embarqolardan qurtulmağın hesablarını qurmaqdadır. Əslində, bu sanksiyalar qalxdıqdan sonra İranın ayağa durmaq üçün başqa dövlətlərə ehtiyacının qalmayacağını Şərq də bilir, Qərb də. Çinin bu mənada İranın əlini gücləndirən “450 milyardlıq” həmləsinin ABŞ-ı və Qərb dairələrini ciddi narahat etdiyi, təbii, sirr deyil. O da aydındır ki, Çinin də mövcud geopolitik şəraitdə Qərbdən öz alacaqları yox deyil və şahmat taxtasında rəqiblərinə qarşı İranla birlikdə hərəkət etməsi başadüşüləndir. Bu konteksdə dərhal qalxıb da Çin Xalq Respublikasının mövcud olduqları Avrasiya regionunda o qədər də zəif olmayan zəngin İranı ayağa qaldırıb onu gücləndirəcəyi ilə bağlı çeşid-çeşid geosiyasi mülahizələr açmağa tələsməyi lüzum görmürəm. Çünki hələ zamanında İmam Xomeyni İranın xarici siyasət doktrinasına belə bir identifik ifadə yazdırmışdı: “Nə Qərb, Nə Şərq”. Yəni İran özü böyük imperialist bir dövlətdir və onun mövcud olduğu regionda koalisiyalara ehtiyacı yoxdur. Bu geosiyasi xətti dəyişdirmək isə İran kimi qarışıq və mürəkkəb siyasi sistemi olan ölkədə o qədər də asan deyil. Bu mənada inanmıram ki, İran dövləti hansısa milyardlar və şirnikləndirici meqalayihələr qarşılığında bu qədər asanlıqla özünü tamamilə Çinin qucağına atmış olsun.

Hadisələrin bizimlə sərhəd olan bir ölkə ilə bağlı baş verdiyini nəzərə alsaq, 44 günlük Vətən Savaşı sonrası İranla sərhədlərini tam bərpa etmiş Azərbaycan dövlətinin, onun xalqının və cəmiyyətinin bu planda son dərəcə həssas olması həyati vacib bir zərurətdir. 40 milyona yaxın soydaşımızın yaşadığı İrandakı mövcud siyasi və iqtisadi, humanitar vəziyyət istər-istəməz Azərbaycana öz müsbət və mənfi təsirini göstərir. Bu baxımdan geosiyasi və geoiqtisadi proseslərin gedişatını diqqətlə izləməkdə fayda var.

Mirzə Rəşad Bakuvi Mirzə Rəşad Bakuvi

Mirzə Rəşad BAKUVİ

Son xəbərlər
Bütün xəbərlər »