Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...

Qaraçılar dünyanın bütün dövlətləri ərazisində heç bir siyasi maraq güdmədən, torpaq iddiaları sürmədən yaşayan tək millətdir.

Onlara Türkiyədə roman, çingənə, İspaniyada gitano, Rusiyada sıqan, İtaliyada ciqano,bizdə qaraçı deyirlər. Qaraçıların ilk kiçik dəstələri XV əsrin əvvəllərində Avropanın şərq hissələrində görünmüşdü. Qaraçıların özləri də öz adət-ənənələri və mənşələri barədə indiyə kimi heç nə qoruyub saxlamamışlar və əgər onların əksəriyyəti Misiri birinci vətənləri hesab edirsə, bu da onların ta qədimdən indiyə qədər öz aralarında yayılmış bu uydurmaya əsaslanmalarıdır. Elə indi də Macarıstan, Yunanıstanda da onlara “firon tayfası”, “firon övladları” deyirlər.

Hind-Avropa mənşəlidirlər. Bütün dünyada romanlar dedikdə dilənçilik, cibgirlik, falçılıqla məşğul olan tayfa yada düşür. Qədim qaraçı ənənələrinə görə torpaq əkmək, becərmək torpağı yaralamaq deməkdir və böyük günahdır. Odur ki, onlar dilənib yaşamağa üstünlük verirdilər. Ailəni əsasən qadınalr saxlayır və söz sahibi də qadınlar olurdu. Erkən evlənirlər. Qaraçı ailəsində doğulub böyümüş qızların elə lap balacalıqdan beyninə ərə getmək ideyası doldurulur. 13-14 yaşlarda evlilik qaraçı ailələrində adi haldır. Oğurluğa isə onlar oğurluq kimi baxmırlar. Deyirlər lazım idi götürdüm. Tanrı o əşyanı öncə sənə verdi, sonra mənə.

Yer üzündə 10 milyon qaraçı yaşayır. Daha çox Hindistan, Bolqarıstan, Şimali Makedoniya və Rusiyada məskunlaşıblar. Rusiyada yaşayan qaraçılar öz kimliklərini gizlətmədən sosial həyata qaynayıb qarışır, var-dövlətləri, qızılları ilə öyünürlər. Elə qardaş Türkiyədə də çingənələr qürurla kimliklərini sərgiləyirlər. Sibel Can, Kibariye, Sadri Alışık, Kerem Alışık, Tarık Mengüc, Demet Akalın, Sezen Aksu, dünyanı gözəl gözlərinə heyran buraxan Türkan Şoray, klarnet ustası Hüsnü Şənləndirici, Adnan Şenses, Muazzes Ərsoy, yüksək mədəniyyti ilə fərqlənən Orhan Gəncəbay, Seda Sayan, Ebru Gündeş qaraçı xalqının nümayəndələridirlər.

Qaraçılar Azərbaycana ötən əsrin 60-70-ci illərində Qazaxıstandan kütləvi şəkildə köçürülüb. Onların sayı zamanla dəyişıb. Elə sonuncu əhalinin qeydiyyata alınması prosesində onlar hasaba alınmayıb. Başqa sözlə, “havada qalan” bu təbəqə daxili miqrant olduğundan qeydiyyata düşməyib. Amma yenə də onların 10 minə yaxın olduğu deyilir.

Azrbayanda Ağdaş və Yevlaxda daha çox məskunlaşıblar. Ağdaşda qaraçılar 1950-ci illərdən yerləşdiriliblər. Hər bir ailəyə torpaq sahəsi ayrılıb və ayrıca qaraçılar məhəlləsi yaradılıb. Hazırda Məşhəd kəndində və şəhərin Vaqif küçəsində sıx yerləşiblər. İndi Ağdaşda 250 ailə olmaqla 1500 nəfər qaraçı yaşayır. Təhsil, tikinti, qədim xalça alqı-satqısı, kiçik sənətkarlıq və heyvan alveri ilə məşğuldurlar.

Əsasən ibtidai siniflərdə oxuyurlar, sonra oxumağa həvəs göstərmirlər. Son siniflərə barmaqla sayılacaq qədər qaraçı uşaq gedib çıxa bilir. Ümumilikdə bütün Azərbaycanda orta məktəblərdə 657 qaraçı uşaq qeydiyyata alınıb.

Qaraçı oğlanlar əgər yaşadıqları ərazidə rəsmi qeydiyyata düşürlərsə, hərbi xidmətə gedirlər. Məsələn, Gündüz Süleymanov 1990-cı illərin əvvəllərində Qarabağda qəhrəmancasına şəhid olub. 44 günlük əməliyyatlarda da qaraçı gənclər iştirak ediblər.

1971-ci ildə London konqresində qaraçılar milli bayraqlarını təqdim etdilər. Bayrağın üzərindəki araba təkəri təsviri qaraçıların köçəri həyatına işarə edir. Himnləri də qəbul edilib. “Qalx ayağa və azad yaşa!” Əsas qayələri budur. Əsasən fars və kurmanc dillərindən istifadə edirlər.

Ağdaş sakini, qaraçı Əhmədiyyə Rzayevin 98 yaşı var. Deyir ki, 45 il hökumətə fəhlə işləyib. Ustalıqla məşğul olub.

12 nəvəsi, bir kötükcəsi var. Hazırda Vaqif küəsində yaşayır. Həmişə sərin və gözəl yerlərə köç elədiklərini xatırladır. “3 gün toy edərdik, şənlənərdik. Bir gün toy toy deyil ki... Qəbələ, Yevlax, Göyçay camaatı ilə qaynayıb qarışmışıq, qohum olmuşuq”- deyir qoca qaraçı. Uzunömürlü və sağlam olması barədə isə çox maraqlı fakt açıqlayır. “Elə olub ki 3-4 stəkan ərinmiş kərə yağı içmişəm. Bu yaşa qədər iynə dərman görməmişəm”.

Allah Yer üzündə hər cür nemət və canlılar yaradıb. İnsan irqi də müxtəlif formalarda özünü göstərir. Asiyalısı, qaradərilisi, ağ irqi, buzlar içində yaşamağa üstünlük verən eskimoslar və hələ də qəbilə, icma quruluşunda yaşayan cəngəllik tayfaları... Qaraçılar da vətənsiz, lidersiz, qoyulan çərçivələrə sığmayan azad ruhlu, bir çoxlarının anlamadığı, lakin özlərini sevən xalqdır. Sirləri ilə maraqlıdırlar. Amma ən azından bədnam qonşularımız kimi pis niyyətli, xəbis və təcavüzkar deyillər. Elə buna görə də qəbul edilməyə, rast gələndə dinləməyə, tanımağa dəyən insanlardır. Özlərinə dünya sakinləri deyirlər. Çünki bu dünyada onlara məxsus, vətənim deyə biləcəkləri bir parça torpaqları yoxdur. Heç istəmirlər də...

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »