Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"
"Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"

Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin aprelin 12-dən aclıq etdiyi bildirilir. Sabiq deputatın vəkili Elçin Sadıqov “Bizimyol.info”ya deyib ki, aclıq nəticəsində onun səhhətində ciddi problemlər yaranıb.

Vəkil aprelin 16-da 10 saylı cəzaçəkmə müəssisəsində Hüseyn Abdullayevlə görüşüb. Elçin Sadıqovun sözlərinə görə, uzun müddətdir müvəkkili aclıq etsə də, onun sağlıq durumuna nəzarət olunmur: “Onun çəkisini və təzyiqini hələ də yoxlamamışdılar...”

Elçin Sadıqov Elçin Sadıqov

Vəkil deyir ki, Hüseyn Abdullayevin səhhətində indiyə qədər də ciddi problemlər vardı. Aclıq isə durumunu daha da kəskinləşdirib: “Kəskin baş ağrılarından, ürək bulanmadan, mədə və bağırsaq nahiyələrində kəskin sancılardan əziyyət çəkdiyini bildirdi. Dodaqlarında, ağız ətrafında yaralar əmələ gəlib. Quru aclıq edir, yəni su da qəbul etmir. Xahiş etdim ki, heç olmasa, su qəbul eləsin”.

Aprelin 17-də vəkilinə məlumat verilib ki, Hüseyn Abdullayevin vəziyyəti daha da pisləşib, onun bağırsağından qan açılıb.

Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva bildirib ki, oğlu aprelin 12-də aclıq aksiyasına başlayarkən bu barədə həm saxlandığı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə ilə müraciət edib, həm də ictimaiyyətə məktub ünvanlayıb. Ölüm aclığına başladığını bəyan edən Hüseyn Abdullayev bildirib ki, bu addımı atmasının səbəbi BMT-nin Əsassız Həbslərlə bağlı İşçi Qrupunun onun işi üzrə qərarının icra olunmamasıdır.

İşçi Qrupu Hüseyn Abdullayevin müraciətini araşdıraraq belə nəticəyə gəlib ki, həm Türkiyə, həm də Azərbaycan hüquq-mühafizə orqanları onun hüquqlarını pozub, o, azadlığa buraxmalıdır.

İşçi Qrup hər iki dövlətin hökumətlərini keçmiş deputatla bağlı halların tam və müstəqil araşdırılmasını təşkil etməyə, onun hüquqlarının pozulmasına görə məsuliyyət daşıyanlara qarşı tədbirlər görməyə çağırıb.

Rəsmi iş günü olmadığına görə Hüseyn Abdullayevin vəziyyəti barədə deyilənləri Penitensiar Xidmətlə dəqiqləşdirmək mümkün olmayıb. Bundan öncə isə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi Hüseyn Abdullayevin aclıq etməsi barədə məlumatı təkzib etmişdi.

2014-cü ildə Almaniyada siyasi mühacir kimi sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində İstanbulda saxlanılaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib. O, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi əməllərdə ittiham olunub. Bakı Hərbi Məhkəməsinin hökmüylə 6 il azadlıqdan məhrum edilib. Həmin hökmlə onun 70-yaşlı anası Zeynəb Abdullayeva da cəzalandırılıb. Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəldiyi iddia olunan Zeynəb Abdullayeva sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək 4 min manat cərimələnib.

Zeynəb Abdullayevanən ölkədən çıxmasına görə üç sərhədçi də cinayət məsuliyyətinə cəlb olunub.

2007-ci il martın 16-da hökumətin Milli Məclisdə hesabatı zamanı o zaman deputat olan Abdullayevlə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında qarşıdurma baş vermiş, hər iki deputat əlbəyaxa olmuşdu. Bu olaydan sonra Abdullayevin deputat mandatı əlindən alınmış və ardınca o, həbs olunmuşdu. Ancaq elə həmin il məhkəmə qərarı ilə 2 il şərti cəza alan keçmiş deputat azadlığa çıxmışdı. O, 2010-cu il parlament seçkilərinə qatılsa da, namizədliyi qeydə alınmamışdı. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı.

P.S. Hüseyn Abdullayevin digər vəkili Cavad Cavadov aprelin 17-də axşam saatlarında bildirib ki, müvəkkili ölüm aclığını dayandırıb. Vəkilin sözlərinə görə, bu gün 10 saylı cəzaçəkmə müəssisəsində keçmiş deputatla görüşərkən onun həyatının təhlükə altına düşdüyünü görüb və aclığı dayandırmasını israrla xahiş edib:

“Son iki gündə vəziyyəti daha da pisləşib, qanaxma yaranıb. Kəskin arıqlayıb, hərəkət etmədə çətinlik çəkirdi. Hətta anası ilə telefon əlaqəsinə belə, çıxa bilmirdi. Həyati təhlükəsi olduğuna, zəruri həkim nəzarəti olmadığına görə təkidlə aclığı dayandırmasını xahiş etdim. Onu inandıra bildim və bu andan etibarən aclığı dayandırdı”.

Son xəbərlər
Bütün xəbərlər »