Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır

Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib. Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi konfransda müharibədən sonrakı həssas dövr dərin təhlil edilib. Prezident Ermənistanla Azərbaycan arasında sülhün güclənməsinə mane olan məqamlar və region qarşısında dayanan çağırışlar barədə qonaqlara məlumat verib.

Bu görüşə olan diqqətin bariz nümunəzini görüşdən dərhal sonra Minsk qrupunun, Peskovun bəyanatlarında gördük. Bu o demək idi ki, canlı yayımda Prezidentin çıxışı diqqətlə izlənmişdi və hər kəs ordan özünə lazım olan cavabı almışdı.

Müharibədən sonra söhbət kommunikasiyaların açılması, qarşılıqlı inteqrasiya və inkişafdan gedir. Təbii ki, təklifi yenə Azərbaycan səsləndirir. Bizim sülh naminə səsləndirdiyimiz hər fikir qonşu ölkədə fərqli şəkildə izah edilir, qorxuyla qarşılanır. Azərbaycan Prezidentinin “Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq? Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm”,- deməsi Ermənistanda əməlli başlı hay-küyə səbəb olub. Baxmayaraq ki, dövlət başçısı söhbətin sadəcə, inteqrasiyadan getdiyini izah etmişdi və bu məqama konfrans zamanı yenidən qayıtdı.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bizimyol.info-ya bildirib ki, bizim alimlər, media və diplomatların indi hücum diplomatiyasına başlaması zamanı gəlib çatıb.

Fərid Şəfiyev Fərid Şəfiyev

“Ermənistan uzun müddət təblğiat maşının güclü işlədib. Rusiya elminə yol tapıb, tarixi saxtlaşdırıb, gerçəkliyi fərqli şəkildə təqdim edib. 1988-89-cu illərdə Ermənistan ərazisindən azərbaycanlılar qovulduqdan sonra onlar bütün diqqəti Azərbaycan ərazisindəki ermənilərin problemlərinə yönəltdilər. Bizim Ermənistandan köçən 250 min soydaşımız barədə unutdurmağa çalışdılar. Biz hamımız, elmi işçilər, diplomatlar, media fəal iş aparmalıyıq. Bizim indi məqsədimiz yenidən Ermənistana qayıtmaq olmalıdır. Cənab Prezident də bunu nəzərdə tuturdu. Bunu akademik səviyyədə bacarmalıyıq. Bizim orada mədəni irsimiz var.YUNESKO Azərbaycana gəlirsə, Ermənistana da səfər etməlidir. Oradakı irsimizin məhv edilməsi barədə də danışmalıdır. Azərbaycan ərazisində ermənilər tərəfindən dağıdılmış 67 məsciddən danışılır, amma Ermənistanda nə qədər məscid dağıdılıb, nə qədər irsimiz məhv edilib. Bundan danışmalıyıq. Hücum diplomatiyasına keçməliyik və bu normal haldır. Gündəmə gətirməliyik. Cənab Prezident bütün çıxışlarında dəfələrlə qeyd edib, bizim heç kimin torpağında gözümüz yoxdur, amma gənclərimizə də öz tariximizi aşılamalıyıq. Zaman gələcək ki biz İrəvana qaydıacağıq, orada bizim mədəni irsimiz qorunmalıdır, sahib çıxmalıyıq. Ədalətdən söhbət gedirsə, biz ermənilərə “Azərbaycana qayıdın, bizimlə bərabərhüquqlu şəkildə yaşayın” deyiriksə, bunu qarşı tərəf də deməli, eyni şəraiti yaratmalıdır”.

Tədbirin keçirilməsində əsas hədəfin nədən ibarət olması barədə danışan diplomat bildirib ki, məqsəd xarici ekspertlərin, politoloqların hər şeyi öz gözləri ilə görüb aydınlanmalarına xidmət edirdi.

“Biz bu tədbiri 3 gün keçirdik. 3 günlük konfransın birinci günü qapalı müzakirələr oldu, ikinci gün qonaqlar Ağdama gedib dağıntılarla tanış oldular, üçüncü gün cənab Prezidentlə sual-cavab formatında təşkil edildi. Qonaqlarımız Ağdamı görəndən sonra bu miqyasda dağıntların edilə biləcəyini düşünmədiklərini, təsəvvür etmədiklərini dedilər.

Ermənilərin “Miatsum” layihəsinin hədəfi yalnız böyük Ermənistan yaratmaq deyildi, azərbaycanlıların izlərinin bu torpaqlardan silinməsiydi və xarici qonaqlar bunu öz gözləri ilə görmüş oldular. Biz müxtəlif ölkələrdən ekspertlər dəvət etdik. Bir-biri ilə ziddiyyətli fikirləri olan ölkələrin nümayəndələri də dəvət olmuşdular. Belə bir format vacibdir, biz ziddiyyətli məsələləri önə çıxarmalı, müzakirə etməliyik. O demək deyil ki, o fikirlərlə biz razıyıq. Məsələn, İran nümayəndəsi hesab edir ki, Zəngəzurun açılması, türk dünyasının körpüsünə çevrilməsi İranla Ermənistan arasında təmasları qıracaq. Bu onların mövqeydir və biz bunu bilməliyik. Digər məsələlər də var idi və cənab Prezident tərəfindən yetərincə cavablandırıldı. Bu yanlış düşüncələri alt-üst etdi. Konfrans müəyyən dərəcədə öz məqsədinə nail oldu. Bir çoxları şəxsi söhbətlərdə mənə bildirdilər ki, bu dərəcədə dağıntılarla qarşılaşacaqlarını gözləmirdilər. Onlar bildirdilər ki, Ağdamda olan mənzərə heç bir müharibənin izi ilə müqayisə oluna bilməz və özləri də dedilər ki, bu məsələ gündəmdə saxlanılmalıdır. İndi heç bir qonaq, hətta bizi sevmirsə belə, ən azından yalan və təxribatçı informasiya yaymayacaq”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »