Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”

Nikol Paşinyanın Moskvada yaşayan erməni hüquqşünaslarla keçirdiyi qapalı görüşdən səs yazısı yayılıb. Səs yazısında Paşinyanın bir sıra sensasion açıqlamaları öz əksini tapır. Burada Ermənistanın Baş naziri açıq şəkildə bəyan edir ki, Azərbaycan və Türkiyə ilə kommunikasiya xətləri və sərhədləri açmaq lazımdır.

“Əminəm ki, nəqliyyat əlaqələrinin açılması və Naxçıvanı Azərbaycana birləşdirən dəhlizin açılması bizim ən böyük uğurumuz olar. Rusiya və İranla Ermənistanın dəmir yolu xəttinin olduğunu düşünün, bu bizim iqtisadiyyatımıza böyük qatqılar verəcək”,- deyə Paşinyan bildirib.

“Paşinyan ümumiyyətlə çox ziddiyyətli açıqlamaları olan siyasətçidir. Hansısa dövlətin nümayəndəsi və daxili auditoriyası qarşısında bir fikir, başqa auditoriyada isə başqa fikirlər səsləndirir. Paşinyanın bu cür açıqlamaları Ermənistanın mövcud durumuna görədir”.

Bu fikirləri Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, Ermənistanda seçkilər yaxınlaşır və buna hazırlıqlar aparılır. Paşinyan isə müxtəlif çıxışlar, addımlar, bəyanatlarla öz reytinqini daha da qaldırmağa  çalışır.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“Düşünürəm ki, Paşinyanın Moskvadakı görüş zamanı verdiyi açıqlaması həqiqətə uyğundur. Ona görə ki, Qarabağ problemi Rusiyanın maraqlarına uyğun gəlirdi. Rusiyanın Ermənistana dəstək verməsi heç də təmənnasız deyildi. Ermənistanın dəmiryolları, şirkətləri Rusiyanın nəzarətində idi və bundan yararlanırdı. Lakin bir an gəldi ki, Rusiya 44 günlük tərəfsizliyini nümayiş etdirdi. Mən deməzdim ki, tam da dəstəkləmirdi, çünki o vaxt Rusiya silah verməkdə davam edirdi. Amma birmənalı şəkildə dəstək verməyə 44 gün fasilə verdi. Azərbaycan isə həmin 44 gündə Ermənisanın dərsini verib, öz torpaqlarını işğaldan azad etdi.

Əlaqələrin, kommunikasiyaların bərpa olunmasına gəldikdə isə hesab edirəm ki, hazırda əsas gündəm mövzusu bu olmalıdır. Azərbaycan birmənalı və birxətli siyasət yeridir. Bu siyasət dəqiqdir. Hazırda “Dağlıq Qarabağ” anlayışı yoxdur, statusdan söhbət gedə bilməz, ancaq kommunikasiya əlaqələrinin qurulmasından söhbət gedə bilər. Bu mənada mən Paşinyanın çıxışının ikinci hissəsi ilə razıyam ki, kommunikasiyaların açılmasına cəhdlər olunmalıdır. Naxçıvan vasitəsilə Azərbaycanın qardaş Türkiyə, Ermənistan isə İran və Rusiya ilə əlaqələrini genişləndirməsindən danışmaq daha doğrudur. Bu məsələlərin üzərindən gələcəyə baxmaq lazımdır.

Baş verənlər Ermənistana dərs olmalıdır ki, bir daha kiminsə maşası olmaqla öz qonşusu olan dövlətlərə qarşı müharibə, işğal kimi məsələlərə əl atmasın”.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »