Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu: “Nə Ukraynanın tərəfindəyik, nə də Rusiyanın”
Çavuşoğlu: “Nə Ukraynanın tərəfindəyik, nə də Rusiyanın”

Rusiya-Türkiyə münasibətlərində növbəti dəfə gərginlik yaranıb. Ankaranın Ukraynanın şərqində baş verənlərə görə Kiyevə açıq siyasi dəstək nümayiş etdirməsi Kremlin xoşuna gəlməyib. Rusiya Türkiyəni özünəməxsus şəkildə cəzalandırmaq qərarına gəlib. Kreml Ankara ilə hava əlaqəsini iyunun 1-nə qədər dayandırıb.

Bizimyol.info xəbər verir ki, həm Rusiya hakimiyyətinin bu haqda danışan nümyəndələri, həm də şimal ölkəsinin mətbuatı dünya ictimaiyyətini qərarın Türkiyədə pandemiya ilə bağlı vəziyyətin ağırlaşmasına görə verilməsinə inandırmağa çalışır. Amma istər Rusiyada, istər Türkiyədə, istərsə də Qərbdə buna çox inanmırlar. Hamıya məlumdur ki, Kreml cəza metoduna əl atıb. Guya Ukraynanı dəstəklədiyinə görə Türkiyə cəzalandırılır.

Qərb mətbuatı iddia edir ki, Ankara çox narahatdır. Çünki Türkiyə turizm sektoru Rusiyadan gələnlərdən çox qazanc götürür. Hətta pandemiya dövründə də səyahətsevər rusların ağlına hər yerdən əvvəl Türkiyə düşür. Təyyarə reyslərinin dayandırılması Ankara üçün yaxşı xəbər deyil.

Ukrayna mətbuatı Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun çıxışına yer verib. Diplomat postsovet dövlətlərinin qarşıdurmasında ölkəsinin neytral mövqe tutduğunu bildirib: “Nə Ukraynanın tərəfindəyik, nə də Rusiyanın. Bizim mövqeyimiz açıq və konstruktiv yanaşmaya əsaslanır”.

Çavuşoğlu Qara dənizdə sülh şəraitinin olmasıyla bağlı problem görmədiyini də söyləyib. Türkiyənin Xarici İşlər naziri orada hər hansı gərginliyə əsas olmadığını qeyd edib: “İstəyirik ki, Qara dəniz dünya dənizi olsun”.

Çavuşoğlu Qara dəniz məsələsini də təsadüfən vurğulamayıb. Son günlər ABŞ gəmilərinin Dardanel və Bosfor boğazlarından keçərək Qara dəniz sularında üzməsi gözlənilirdi. Rusiya bu məsələdən çox narahat olmuşdu. Amma sonradan gəmilərin keçidi təxirə salındı. Qaydalara görə, ABŞ növbəti istəyi 15 gün sonra həyata keçirə bilər.

Rusiya-Türkiyə münasibətləri Ukrayna prezidenti Vladimir Zelenskinin Ankara səfərindən sonra gərginləşmişdi. Həmin səfər zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan istənilən müstəvidə Kiyevin yanında olduqlarını açıqlamışdı.

Son xəbərlər
Bütün xəbərlər »