Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...

Uzun müddətdir Azərbaycanın Avrasiya Gömrük İttifaqına qoşulub-qoşulmayacağı müzakirə mövzusudur. Rusiya bizim ölkəni iqtisadi birliyə çoxdan dəvət edir. Necə də olmasa, bu, Kremli Qərbin sanksiyalarının ağır təsirindən yayındıra bilər. Amma Azərbaycan sanki məsələni yubadır, vaxt qazanmağa çalışır.

Bizimyol.info xəbər verir ki, Avrasiya Gömrük İttifaqında Azərbaycan nümayəndə heyətinin təşkilatın icra orqanının iclasında mümkün iştirakı müzakirə olunur. Rusiya mətbuatı bu məsələyə xüsusi diqqət ayırır. Rusiya jurnalistləri iddia edir ki, Azərbaycan Avrasiya Gömrük İttifaqına üzv olmaq barədə düşünməyə başlayıb. Guya iqtisadi birliyin növbəti iclasında təmsil olunmaq istəyirik. Halbuki rəsmi Bakının Ermənistanın təmsil olunduğu bir qurumda üzvlüyə can atması qətiyyən inandırıcı görünmür.

Rusiya mətbuatı yazır ki, hələlik Bakı və İrəvan arasındakı fikir ayrılığı Azərbaycanın ittifaqa üzvlüyünə mane olur. Çətin ki, Kazanda baş tutacaq 29-30 aprel görüşünə qədər fikir ayrılığına son qoyulsun.

Rusiya mətbuatına inansaq, Ermənistan Azərbaycanın iclasda təmsil olunmasının əleyhinə çıxır. Bunun bütün əsirlərin geri qaytarılmamasına bağlayır. İrəvan Qırmızı Xaç Komitəsinə 200 nəfərə qədər əsirin adını təqdim etdiyini bildirir.

Erməni politoloq Aleksandr İsgəndəryan “İnterfax”a deyib ki, yaxın iki həftə ərzində Azərbaycanla Ermənistan dil tapa bilməyəcək. Buna görə də Bakıdan Kazana nümayəndə heyətinin yollanmayacağını söyləyib.

Rusiya Xarici İşlər Nazirliyindən “İnterfax”a deyiblər ki, ittifaqa üzv olmayan ölkələrin iclasda iştirakı hələ müzakirə edilir. Kazan görüşündə ölkələrin məhz hökumət rəhbərləri səviyyəsində təmsil olunması nəzərdə tutulub.

Avrasiya Gömrük İttifaqının əsasının 2010-cu ildə qoyulduğunu demək olar. Məhz həmin il iyulun 1-də Rusiya ilə Qazaxıstan iqtisadi müstəvidə ümumi dil tapmışdı. Bundan 5 gün sonra Belarus keçmiş postsovet ölkələrinə qoşulmuşdu. Ermənistan 2014-cü, Qırğızıstan isə 2015-ci ildən iqtisadi birliyin üzvüdür. Suriya və Tunis çoxdandır ittifaqda yer almaq istədiyini bildirir. İttifaqda idxal gömrük rüsumlarının məbləğindən ən çox gəliri Rusiya (85.33) əldə edir. Ermənistan 1.11 faiz gəlirlə kifayətlənir.

Rusiya çoxdandır ki, keçmiş sovet məkanını bu quruma toplamaq istəyir. Amma Azərbaycan bu quruma üzvlük zamanı suverenliyinin müəyyən hissəsini itirəcəyini yaxşı başa düşür və o üzdən də İttifaqa üzv olmur. Digər səbəb isə Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın bu qurumda təmsil olunmasıdır. Bəzi məlumatlara görə, Lukaşenko Bakı səfəri zamanı Azərbaycan hökumətini üzvlüyə razı salmağa çalışıb.

Son xəbərlər
Bütün xəbərlər »