Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyrana qaç, tazıya tut deyən Avropa
Ceyrana qaç, tazıya tut deyən Avropa

Fransanın hökumət üzvü Kleman Bon bildirib ki. Ukraynanın Avropa İttifaqına girməsi üçün ciddi perspektiv görünmür.

“Biz Ukrayna ilə yaxşı əlaqələr qura, onu dəstəkləyə bilərik və onun Rusiya ilə mürəkkəb münasibətərdə olduğu bir zamanda bunu edirik.

Amma bu Aİ-yə daxil olmaq demək deyil. Məncə, bu ciddi olmayan bir perspektivdir”,- deyə o Radio J efirindən bildirib. Aprelin 16-da Makronla Zelenskinin görüşü keçiriləcək. Zelenski dəfələrlə Ukraynanın NATO və Aİ-yə daxil edilməsinin vacibliyindən danışsa da , hələlik Qərb Ukraynanı Rusiyaya qışqırtmaqdan başqa addım atmır. İrəli göndərib, özü seyrçi mövqedə qalır. Üstəlik, Putin bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü Donbasda vəziyyəti yüngülləşdirməyəcək. Rusiya Ukrayna cəbhəsinə ordu yığmaqla, əslində, Qərbə mesaj verir. Rusiyanın Ukrayna ilə sərhəddə geniş hərbi kontingent toplaması Kremlin Ukraynaya qarşı təcavüz niyyətinin ciddiliyini göstərir. O Donbasın da işğalına Krımdakı kimi separatçıların vasitəsilə nail ola bilər.

2014-cü ildən sonra Maydan hadisələri ilə başlayan bu mürəkkəb proses əslində bütün MDB ölkələrinə tanış ssenaridir. Rusiya adətən eyni planla zərbə vurur, yaralayır, dartır qopardır, eyni təxribatçı addımlar atılır. O qədər eyniliklə hərəkət edir ki, artıq onun artacağı addımları proqnozlaşdırmaq üçün politoloq olmağa da gərək qalmır. Ukrayna üçün də Minsk formatı yarandı, Ukrayna- Rusiya araısnda dialoq yaradılması, atəşkəs yaradılması, zaman-zaman atəşkəsin pozulması.Qərbin də arada bir başını qaldırıb öz maraqlarına uyğun şəkildə anlamsız bəyanatlar verməsi, “biz narahatıq” deməsi. 30 illik bir ssenarinin təkrarıdır deyilmi?

Bu gedişatda sadəcə bir oyunçu dəyişib. Türkiyə. Türkiyə regionda özünü güc kimi təsdiqləyib.Rusiya bunu dilə gətirməyə məcbur olsa da türkə gücü çatmayanda müttəfiqlərini təpikləməyə başlayır.

Türkiyənin Ukraynaya dəstək verməsi Qarabağda rus dili məsələsi, ruslara məxsus bazanın möhkəmləndirilməsi, Azərbaycan tərəfindən icazə alınmadan Rusiya müdafiə nazirinin müavinin oraya getməsi, Bakının əlində dəqiq faktlar və sübutlar olduğu halda “İsgəndər” raketləri haqqında heç bir açıqlama verilməməsi kimi qıcıqlandırıcı faktlarla müşaiyət olunur. Əslində Türkiyəyə də aydındır ki, “İskəndərM “ kimi uzaq mənzilli bir silah qlobal oyunlar fonunda çox kiçik nöqtə olan Qarabağ üçün yox, elə NATO müttəfi, dünyanın III ən güclü ordusuna sahib olan ona hədəflənib. Rusiya ilə Türkiyənin arasının pozulması Qarabağın başında partlayacaq yeni raket, yeni təxribatlar ola bilər. Amma görünən budur ki, Ərdoğan Rusiya ilə Ukrayna arasında müharibənin qarşısını ala biləcək güc kimi dayanmağı bacardı. Bu da onun nüfuzunu yüksəltmiş oldu.

Hələlik Azərbaycan və Rusiya bir–birlərini sərt tənqid etmirlər. Elə Ərdoğan da Ukraynaya dostum desə də, Putinə düşmənim demir. Ukrayna sərhədindəki gərginlik hazırda deyəsən, heç kimə lazım deyil. Hətta Bayden belə dünənə qədər "qatil" adlandırdığı həmkarı ilə görüş planlayır. Yəni maraqlar hər dəqiqə dəyişə bilir. Baxır bu can bazarında kim kimə nə satır, nə vəd edir. Əslində təhdidlər açıq səsləndirilsə də, planlar gizli qurulur, qazanlar örtülü qaynayır. Nələr olduğunu görmək üçün kiçicik bir zamana ehtiyac var. Qaynar hadisələrin ən mərkəzində yerləşən Azərbaycanın isə özünü qorumaq üçün mütləq A, B, C və hətta D planı mütləq vardır.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »