Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..

Gəncədə məktəb direktorunun koronavirusdan vəfat etməsindən yazmışıq saytda. Qızı danışıb, deyib ki, modul tipli xəstəxanada anasını düzgün müalicə etməyiblər. Ölkə Prezidentinə müraciət etdiyini də deyib. Bizdən xahiş edib ki, yazın, hamı bilsin ki, anası biganəlikdən, səhv müalicədən ölüb.

Yazı gedib. TƏBİB-ə də sorğu etmişik. İndi rəhmətə gedən direktorun qızı, oğlu dayanmadan yazır və zəng edir ki, xəbəri silək. Hətta məlumatı verən xanım işdən çıxarılacağını da demişdi.

Görünür ki, vəfat etmiş direktorun yaxınlarına təzyiqlər var, ya da başqa bir iş var burada. Ya TƏBİB təzyiq edir, ya Gəncə Şəhər İcra Hakimiyyəti, ya Təhsil Nazirliyi, ya da hüquq-mühafizə orqanları. Ya da elə hamısı. Kim təzyiq edir - bilmirik. Ancaq bu qədər də olmaz. Mövzunun həssaslığını, dünyadan köçmüş adamla bağlı olduğunu, şikayətçinin israrlı xahişlərini, həmçinin şikayətçiyə təzyiq ehtimalını nəzərə alaraq biz o xəbəri sildik. Bəs o vicdanlara düşən ləkəni kim siləcək?! Onu da silə bilmərik axı...

Cənab Ramin Bayramlı, cənab Emin Əmrullayev, cənab Niyazi Bayramov, cənab hüquq-mühafizə orqanlarının rəhbərləri və cənab bilmədiyimiz başqaları, bu ailəyə təzyiq siz tərəfdən gəlirsə, dərhal dayandırın. İnsanları bu dərəcədə qorxutmaq, incitmək olmaz. Əgər siz deyilsinizsə də, səlahiyyətiniz çatdığı qədər bu məsələni araşdırın, araşdırılmasına kömək edin. Əgər xəstəxanalarda koronavirus xəstələrinə, ümumiyyətlə, xəstələrə belə "ölümcül" münasibət varsa, günahkarlar cəzasız qalmasın. Belə bir hal varsa, arta bilər, cəmiyyət üçün böyük təhlükəyə çevrilə bilər. Biz bunun üçün yazıb cəmiyyətə çatdırmışdıq. Burda ölüm faktı var. Ortada bir iddia var. Prokurorluq bu işlə ən azı maraqlanmalıdır. Hərçənd ölənin yaxınları geri çəkildilər.

Bu arada şikayətçilərə gəlincə, sizdən xahiş edirik, arxasında dayana bilməyəcəyiniz şikayəti etməyin. Şikayət edib, sonra hansısa zor və ya sizə 'xoş" səbəblərdən geri çəkilməklə təkcə bizi deyil, özünüzü də pis vəziyyətdə qoyursunuz. Bu, pis nümunələr seriyasıdır; qorxub geri çəkildikcə, hüquqlarınız daha çox tapdalanacaq, daha çox əziləcəksiniz və daha ağır məhrumiyyətlər yaşayacaqsınız. Qısacası: ya haqsızlığa uğramağınızdan heç şikayət etməyin, ya da şikayətinizi axıra qədər edin, arxasında durun. Təbii ki, biz ikinci yolu məsləhət görərdik.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »