Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
polis

Qazax rayonunda yaşayan Əzimovlar ailəsi polis rəisi Ədalət Əliyevdən şikayətçidir. Ailə Prezident İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya, Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət edib.

Aprel döyüşlərində iştirak etmiş, 1997 ci il təvəllüdlü Əzimov Xəyal Elşad oğlu Bizimyol.info-ya bildirib ki, hazırda əmisi Əzimov Eldəniz Yusif oğlu Qazax rayon polis rəisi Ədalət Əliyevin haqsızlığı üzündən 10 günlük müddətinə həbs edilib. O söyləyib ki, Ədalət Əliyev əməkdaşlarını dəfələrlə əmisinin işlətdiyi İsrafil Ağa Hamamına göndərərək narahatlıq yaradıb və hər ay ona müəyyən olunmuş miqdarda “haqq” ödəməsini tələb edib.

“Əmim heç bir rüşvət və haqq ödəməyəcəyini, Ədalət Əliyevin əmrinə tabe olmayacağını, bu haqda ölkə başçısına və Daxili İşlər Nazirliyinə müraciət edəcəyini bildirib. Ədalət Əliyevə əməkdaşları bu barədə xəbər verəndə söyləyib ki, mənim öz qanunum var, hər bir sahibkar məni və mənim qanunumu tanımalıdır. Onun əməkdaşları 8 aprel 2021-ci il tarixdə rəisin sözünü əsas tutaraq əmim Əzimov Eldəniz Yusif oğlunu zorla polis şöbəsinə aparmağa çalışıblar. Əmim özü polis rəisinin yanına gedəcəyini bildirəndə isə 10 nəfər polis əl-qol ataraq zor tətbiq edib. Onun əynindəki paltarı cıraraq başından zərbələr endiriblər. Bu vəziyyətdə əmim huşunu itirib və onu təcili yardım stansiyasına aparıblar. Bir neçə saatdan sonra müəyyən qədər özünə gəldikdən sonra polis şöbəsinə aparılıb və işi məhkəməyə verilib”.

Əzimov Xəyal onu da bildirib ki, müharibə əlilidir, sağlamlığını itirdiyinə görə heç bir işdə işləyə bilmir, amma heç bir məmurun qapısını döyüb heç nə istəməyib.

“Düşünmüşəm ki, vətən oğlu, övladı kimi vətənə öz borcumu vermişəm. Lakin Ədalət Əliyevin mənim əmimə etdiyi haqsızlığa görə cavab verməsini tələb edirəm. Qazaxlılara qan udduran əmrinə tabe olmayanların əlini –qolunu, ağzını skoçlayıb bağlatdıraraq “Skoç Ədalət” ləqəbi qazanmış rolis rəisi barədə tədbir görməyinizi xahiş edirəm”.

Saxlanılan şəxsin həyat yoldaşı Əzimova Kəmalə Mayıl qızı bildirib ki, Qazax rayon polis rəisi Ədalət Əliyev onların dolanışığına, həyat yoldaşının sakit və rahat şəraitdə işləməsinə imkan vermir.

“Ədalət Əliyevin işçiləri və rəis müavini Şakir Rüstəmov dəfələrlə evimizə və həyat yoldaşımın işlətdiyi İsrafil Ağa Hamamına gələrək bildirirdi ki, polis rəisinin qoyduğu “qanunlara” tabe olmalısan. Yoldaşım hər zaman onlara bildirirdi ki, mən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevdən və onun imzaladığı dövlət qanunlarından başqa qanun tanımıram və tanımaq da isdəmirəm”.

Kəmalə xanımın sözlərinə görə, özünü təmizə çıxarmaq məqsədilə Ədalət Əliyev dərhal televiziya kanallarında səhər hamamının gizli fəaliyyəti aşkar olunduğu və sahibinin 10 gün müddətinə həbs edildiyi xəbərini yayımlatdı.

“Onu da qeyd edim ki, ciddi karantin rejimində bütün obyekt və müəssisələrin fəaliyyəti dayandırılanda şəhər hamamı da fəaliyyətini dayandırmışdı. Lakin sərt rejim ləğv olduqdan sonra karantin qaydalarına əməl edərək yenidən fəaliyyətə başladı. Şəhərin mərkəzində yerləşən İsrafil Ağa Hamamın işlədiyini Ədalət Əliyev və onun əməkdaşları yaxşı bilirdi. Əgər şəhər hamamı gizli fəaliyyət göstərirdisə, bəs yerləşdiyi ərazının sahə polisi hara baxırdı? Hər gün Ədalət Əliyevdən ismarıc gətirən rəis müavini Şakir Rüstəmov nə yaxşı buna göz yumurdu? Hər gün yoldaşımın arxasınca gəlib iş yerində narahat edən o deyildimi? Obyekt necə gizli fəaliyyət göstərirdi ki, yoldaşım hər ay dövlətə icarə və verdi ödəyib? Göründüyü kimi Ədalət Əliyev yoldaşım Eldəniz Əzimova şər və böhtan atır”.

Sonda isə Kəmalə xanım Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevaya müraciət edərək məsələnin araşdırılmasını xahiş edib.

DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Qazax rayon sakini Eldəniz Əzimovun polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir və böhtan xarakterlidir.

“Aprelin 6-da polis əməkdaşları “İsrafil ağa” hamamına gedərək bəzi qanunamüvafiq tədbirlər həyata keçirib. Araşdırmalar zamanı hamamın sahibi Eldəniz Əzimovun, masaj xidməti göstərən iki qadının və müştərilərin sanitar-karantin qaydalarını pozması aşkar edilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilən zaman obyekt sahibi Eldəniz Əzimov polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə həmin şəxs 10 sutka müddətinə inzibati qaydada həbs edilib. Vətəndaşın aidiyyəti qurumlara şikayətindən sonra Polis Şöbəsinin daxilində quraşdırılan kameralara baxış keçirilib və hər hansı bir döyülmə faktı aşkar edilməyib”.

Leyla Mirzə

Bizimyol.info

Paylaş »
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ter-Petrosyan: “Robert Koçaryanı dövlət maraqlandırmır, o, yalnız Paşinyandan qisas almağa susayıb”
Son xəbərlər
Bütün xəbərlər »