Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evin “netto-brutto”su və ya yeni binalardan ev alanda nəyə diqqət etməli...
Evin “netto-brutto”su və ya yeni binalardan ev alanda nəyə diqqət etməli...

Geniş və gözəl mənzili olmasını kim istəməz ki?.. Üstəlik, bu mənzili Bakı kimi böyük şəhərdə bir ətək pul verib alırsansa, hər santimetri qiymətli olur.

Yəqin çoxları qarşılaşıb bu mənzərə ilə. Mənzil ucuz başa gəlsin deyə bünövrəsi tökülməzdən ev sahibi ilə danışıb mənzil sahibi olanlar var. Ev tikilməzdən öncə layihəyə baxırsan. Dəhliz, mətbəx, balkonun genişliyi diqqət çəkir. Amma elə ki, bina tikilib təhvil verildi, xoşagəlməz sürprizlər yaşanır.

Layihə ilə hazır evlərin kvadratmetri arasındakı fərqlər həmişə narazılıq mövzusu olub. Onsuz da Bakıda bir-birinə bitişik tikilən göydələnlər insanların pəncərələrini açıb günəşi görmək imkanını məhdudlaşdırıb. 2000-ci illərdən etibarən Bakıda başlayan tikinti bumu hər qarış torpağı da, onun səmasını sözün həqiqi mənasında qızıldan qiymətli edib. Bu da çoxlu sayda nizamsızlığa, qanunsuzluğa, xətalara səbəb oldu.

Düzdür, iş-işdən keçəndən sonra Bakıda yeni tikilən binalarla bağlı yeni tələblər qoyulub. Lakin müəyyən problemlər qalıb. Qalan problemlərdən biri də alqı-satqı və söküntü işləri zamanı satıcı ilə alıcı arasında yaranan anlaşılmazlıqdır.

Hüquqşünas Pərviz Qurbanov deyir ki, binanı tikən şirkət tikintini MTK formasında aparır və bu MTK-lar tikilən binada pay hüququnu müəyyən şəxslərə satırdı.

Pərviz Qurbanov Pərviz Qurbanov

“O formada onlara sərf edirdi. Müqavilə əsasında alqı-satqı edilən bu mənzilləri sənədləşdirəndə, kupça alanda onlara fərqli kvadratura yazılırdı. Belə ki, şirkət sahibi evi satarkən mənzilin sahəsini özünə sərf edən şəkildə hesablayır, çöl divarları, lift şaxtalarını da mənzilin kvadratına daxil edirdilər. Yəni həmin mənzilin yer tutduğu torpağın ərazisi hesablanırdı”.

Əmlak eksperti Elnur Fərzəliyev bizimyol.info-ya açıqlamasında bildirib ki, tikinti şirkətləri müəyyən əraziləri vətəndaşlardan alarkən evin içində divardan divara ölçü hesabı aparır, ümumi faydalı hissəni alır. Amma özü satarkən çöl divarları da nəzərdə tutur.Vətəndaş haqlı olaraq tikinti şirkətlərinə iddialar qaldırır. Qanunlara görə, vətəndaşa yalnız ümumi faydalı sahə satıla bilər. Tikinti şirkətləri isə deyirlər ki, dünya standartlarında mənzil tikintisində iki ölçü meyarı var. Netto və brutto.

Elnur Fərzəliyev Elnur Fərzəliyev

Müştərilər mənzil alarkən sənədin üzərində ölçünün netto və ya brutto olmasına diqqət yetirməlidirlər. Brutto mənzilin ümumi platformasının, divarların, şaxtalar balkon, dəhliz hamısı daxil çöldən-çölə hesablama üsuludur. Netto isə yalnız sizin mənzilin otaqlarında daxili divarın birindən o birisinə qədər olan məsafəsi deməkdir.Yəni sırf yaşayış üçün istifadə olunan sahə netto sahədir.Yaşayış binalarında mənzilin sahəsi daxili divarları əsasında hesablanmalıdır. Hüquq belə deyir. Vətəndaş aldanmamaq üçün mənzil alarkən texniki göstəricilər barədə tam məlumat almalı, tikinti şirkəti ilə müqavilə bağlayarkən aldıqları mənzilin texniki sənədlərinin müqaviləyə əlavə edilməsini tələb etməlidirlər”,- deyə ekspert qeyd edib.

Ölçü meyarları məsələsi qanunla təsbit edilsə də, MTK –lar tərəfindən əməl edilmir.

Qaydalara əsasən, bina tikən şirkət binanın ətrafında yaşıllşadırma işləri də aparmalıdır. Çox şirkətlər yaşıllaşdırmaya aid olan zonanı da tikinti işləri üçün istifadə edirdilər. İndi bu tələb sərtləşdirilib. Bu isə o deməkdir ki, MTK-nın əlindən tikinti sahəsi alınıbsa, mənzilllərin qiyməti əvvəlkindən baha olacaq.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »