Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
Əfqanıstandakı zavod

Bir neçə gün öncə Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin məzunu, 33 yaşlı Bakı şəhər sakini Cavidan Kərimov Bizimyol.info vasitəsilə Prezident İlham Əliyevə və Birinci-vitse prezident Mehriban Əliyevaya videomüraciət ünvanlayıb. O, atası İslam Kərimovun istintaq və məhkəmə orqanları tərəfindən qanunsuz həbs olunmasından və bunun nəticəsində ailə faciəsi ilə üzləşdiklərindən bəhs edib, atası barədə Apellyasiya Məhkəməsinin qərarından verdikləri kassasiya şikayətinə bu il aprel ayının 9-da Ali Məhkəmənin Cinayət Kollegiyası tərəfindən baxılacağını qeyd edib.

Cavidan Kərimovun onların ailəsinə zərər verməkdə ittiham etdiyi qarşı tərəf Xəqani Qədirov da məsələnin əksini iddia edir və hadisələrin tamamilə fərqli şəkildə cərəyan etdiyini söyləyir. Bizimyol.info olaraq tərəflərin hər ikisinə öz mövqeyini ifadə etmək haqqı veririk. Xəqani Qədirovun məktubunu təqdim edirik:

“Mən zərərçəkmiş Qədirov Xəqani Qüdrət oğlu, “Kərimov Cavidan İslam oğlunun çıxışına öz iradlarımı bildirərək, bu materiala təkzib verməyinizi xahiş edirəm.

Kərimov İslam Sadıx oğlu 2016-cı ilin noyabr ayında mənim şəxsiyyət vəsiqəmi öz dediyinə görə tanışları vasitəsilə polis bölməsindən əldə etdikdən sonra, şəklimin yerinə öz şəklini vuraraq, mənim adımdan “Həsən Əliyev küçəsi 36” ünvanında yerləşən “1 Saylı Bakı ASAN Xidmət Mərkəzində” fəaliyyət göstərən notariusda, Əfqanıstan İslam Respublikasının Hairatan şəhərində yerləşən, mənə məxsus “AMO Hairatan Oil Refinery Co.” neft istehsalı və emalı zavodunun 25% aksiyasını mənim adımdan saxta imza etməklə, öz doğma bacısı oğlu Quliyev Orxan Allahverdi oğlunun adına rəsmiləşdirmişdir (reyestr 7E – 62865).

Bundan sonra, saxta etibarnaməni fars dilinə tərcümə etdirərək Bakı şəhəri, 1 saylı notariat kontorunda və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsində imza və möhürün həqiqiliyini təsdiq etdirmişdir. 2 dekabr 2016-cı il tarixində isə, Kərimov İslam bacısı oğlu Quliyev Orxanla birlikdə Əfqanıstan İslam Respublikasına gedərək 10 dekabr 2016-cı il tarixinədək orada olduqları müddətdə, bilərəkdən saxta etibarnamədən istifadə etməklə 2.500.000 ABŞ dolları dəyərində mənə məxsus 25% aksiyanı öz adına rəsmiləşdirərək ümumilikdə tam 50% aksiyanı azərbaycanlı iş adamı Hüseynov Tofiq Əli oğluna 5.000.000 ABŞ dollarına satmaqla dələduzluq cinayəti törətmiş və mənə külli miqdarda ziyan vurmuşdur.

O ki qaldı Kərimov Cavidan İslam oğlunun çıxışında dediyi guya atası Kərimov İslam 25% aksiyanı mənə “hədiyyə” vermişdir. Belə bir danışıq və müqavilə olmamışdır, ola da bilməzdi, çünki, biz bərabər hüquqlu təsisçi kimi vəsait qoyaraq birlikdə çalışmışıq.

Kərimov İslam Sadıx oğlu Ağır Cinayətlər Məhkəməsində yazılı və şifahi şəkildə verdiyi ifadəsində özünün bütün əməllərini açıq etiraf etmişdir (bu, qoşmada sizə təqdim olunur).

Sonra Kərimov Cavidan İslam oğlu qeyd edir ki, onun anası bu haqsızlığa dözməyərək vəfat etmişdir. Nəzərinizə çatdırım ki, onun anası uzun müddətdir ki, onkoloji və şəkər xəstəliyindən əziyyət çəkirdi. Bir il bundan öncə isə o, koronavirusa yoluxaraq rəhmətə getmişdir.

Zavodun köhnə avadanlıqlardan tikilməsinə gəlincə, mən sizə zavodun videoçarxını təqdim edirəm ki, özünüz baxıb rəy bildirəsiniz.

Kərimov Cavidan İslam oğlu çıxışında qeyd edir ki, mən onun atasını həbs etdirmişəm. Əgər mən onu həbs etdirmək istəyirdimsə, niyə onu Ağır Cinayətlər Məhkəməsində bağışlayırdım? Baxmayaraq, Kərimov İslam Sadıx oğlu mənə vurulmuş ziyanın ödənilməsi məqsədilə 19 fevral 2019-cu il tarixdə Bakı İstintaq Təcridxanasında Bakı şəhəri 53 saylı notariat kontorunda ofisdən kənar əqd kimi barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinin şərtlərinə görə, barışıq sazişi imzalandığı gün Kərimov İslam Sadıx oğlu mənə 50 000 (əlli min) AZN ödənilməsini təmin etməli, 2019-cu ilin mart ayının sonuna kimi əlavə 50000 (əlli min) AZN ödənilməsini təmin etməyi öhdəsinə götürmüş, bundan əlavə, Kərimov İslam Sadıx oğlu “Amo Hiraton Oil Refinery Co.” Şirkətinin səhmlərinin satılmasından əldə edilmiş vəsaitlərdən ona çatacaq pul vəsaitlərindən 1 265 000 (bir milyon iki yüz altmış beş min) ABŞ dollarının hazırkı barışıq sazişinin imzalanmasından 8 (səkkiz) ay müddətində ödənilməsini öhdəsinə götürmüş; barışıq sazişinin 2-ci bəndində göstərilən 1 265 000 (bir milyon iki yüz altmış beş min) ABŞ dollarının 8 (səkkiz) ay ərzində ödənilməyəcəyi təqdirdə, İraq İslam Respublikasının Kürdüstan əyalətinin Süleymaniyyə şəhərində yerləşən KİMT Company for General Trading Ltd şirkətindəki Kərimov İslam Sadıx oğluna məxsus 55% (əlli beş faiz) paydan (özündə 35% özündə qalmaqla) 20% (iyirmi faiz) payı onun adına rəsmiləşdirməyi (heç bir ödəniş tələb etmədən, şərt qoymadan mülkiyyətinə keçirməyi) öhdəsinə götürmüşdür. Bu işlərin həyata keçirilməsi üçün Kərimov İslam Sadıx oğlu özünə məxsus payın 20%-nin rəsmiləşdirilməsi üçün onun təqdim etdiyi şəxsə tam səlahiyyətli etibarnamə verməli idi. 27 fevral 2019-cu il tarixdə Kərimov İslam Sadıx oğlu onun təyin etdiyi Qədirov Eltun Xaqani oğluna 19.10.2020-ci il tarixədək qüvvədə olan müvafiq etibarnamə verdi. Bundan sonra Kərimov İslam Sadıx oğlu cəzaçəkmə müəssisəsində imzalanmış barışıq sazişinin təzyiq altında imzalamadığını təsdiqləmək üçün aralarında 18 mart 2019-cu il tarixdə, Bakı şəhəri 53 saylı notariat kontorunda təsdiqləməklə, yuxarıda qeyd edilən barışıq sazişinin şərtləri ilə eyni olan barışıq sazişi imzalandı. Lakin Kərimov İslam Sadıx oğlu barışıq sazişinin 2-ci bəndində göstərilən şərti yerinə yetirmədi, bundan əlavə, həmin barışıq sazişinin şərtlərinə əsasən verdiyi etibarnaməni də ləğv etmişdir. Bundan əlavə, Kərimov İslam Sadıx oğlu həmin etibarnaməni ləğv etdirdikdən sonra, ona yönəldiləcək əmlak tələblərindən yayınmaq üçün öz arvadı ilə olan nikahı da ləğv etdirmişdir ki, süni “əmlak bölgüsü” adı altında öz adına olan əmlakları arvadının adına rəsmiləşdirsin. Kərimov İslam Sadıx oğlu məsuliyyətdən yayınmaq üçün KİMT Company for General Trading Ltd şirkətindəki paylarını öz oğlunun adına rəsmiləşdirmişdir. Göründüyü kimi, Kərimov İslam Sadıx oğlu öz dələduzluq əməllərini davam etdirərək, heç bir vədlərinə əməl etməmişdir.

Bundan sonra, mənim şikayətim əsasında, 2019-cu ilin avqust tarixindən Bakı Apelyasiya Məhkəməsində bizim işimizə yenidən baxıldı və bu təxmini 7-8 ay çəkdi. Ağır Cinayətlər Məhkəməsində 1 mart 2019-cu il tarixində qərar verildi ki, Hüseynov Tofiq Əli oğlunun əməlləri barəsində araşdırma aparılsın. Kərimov İslam Sadıx oğlu isə hər dəfə deyirdi ki, Hüseynov Tofiq Əli oğlu barəsində verilmiş xüsusi qərardan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişəm. Əlavə olaraq da qeyd etmişdir ki, qalıq pulu alıb Qədirov Xəqaniylə hesablaşacağam. Bu müddət ərzində, hakim qarşısında bir neçə dəfə yazılı ifadə verərək vaxt istəmişdir. Hər dəfə müxtəlif bəhanələrlə məhkəmədən yayınmağa çalışmışdır.

Daha sonra, 18 fevral 2020-ci ildə Hüseynov Tofiq Əli oğlundan qalıq məbləğ olan 1.265.000 ABŞ dollarını alaraq, məhkəmədə verdiyi yazılı ifadəsinə əməl etməyərək pulu mənimsəmiş və hamını bir daha aldatmışdır. Kərimov İslam Sadıx oğlu 18 fevral 2020-ci ildə Hüseynov Tofiq Əli oğlunun vəkili ilə yenidən “1 Saylı Bakı ASAN Xidmət Mərkəzi”-nə gedərək Hüseynov Tofiq Əli oğlunun bu alqı-satqı zamanı ona tam olaraq 5.000.000 ABŞ dollarını ödədiyi barədə arayış vermişdir.

Bu insan növbəti dəfə dələduzluq etmişdir. Telefonunu qapadaraq bir daha məhkəməyə gəlməmişdir. Bundan sonra isə Apelyasiya Məhkəməsi 27 fevral 2020-ci tarixində hər iki dələduz barəsində həbs qəti-imkan tədbiri seçmişdir.

Kərimov İslam Sadıx oğlu və onun oğlu Kərimov Cavidan İslam oğlu birtərəfli qaydada müxtəlif saytlara yanlış məlumatlar verərək, Azərbaycan Hüquq Mühafizə və Məhkəmə Orqanlarının verdiyi qərarların düzgünlüyünə şübhə edirlər.”

Paylaş »
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ter-Petrosyan: “Robert Koçaryanı dövlət maraqlandırmır, o, yalnız Paşinyandan qisas almağa susayıb”
Son xəbərlər
Bütün xəbərlər »