Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türk dövlətlərinin ortaq dili nə olmalıdır...
Türk dövlətlərinin ortaq dili nə olmalıdır...

Sosial şəbəkələrdə türk dünyasının ortaq dilinin hansı dil olması barədə geniş mübahisə yaranıb. Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlünün “Türk dövlətlərinin birgə toplantılarında Türkiyə türkcəsindən ortaq danışıq dili kimi istifadə etməliyik. Əks təqdirdə bu ehtiyacı ingilis dili dolduracaq” deməsi müzakirələrə səbəb olub.

Siyasi şərhçi bizimyol.info-ya açıqlamasında qeyd edib ki, ən azı öz toplantılarımızda türk dilinə üstünlük versək, çox şey qazanarıq. Çox uzun müzakirələr bizi ingilis dili gerçəyi ilə üz-üzə qoya bilər. Azərbaycan dili dolğun dildir, amma bu gün üçün beynəlxalq ünsiyyət boşluğunu doldurmaq gücü yoxdur . Gələcəkdə ola bilər, amma bugün o imkan Türkiyə türkcəsinə məxsusdur”,- deyə o qeyd edib.

Şərqşünas Könül Hacıyeva bildirib ki, artıq 10 ildən çoxdur ki, bir sıra beynəlxalq tədbirlərdə ortaq ünsiyyət dili Türkiyə türkcəsidir.

“Tatar, bolqar, özbək, boşnak, qaqauz, yunan, ukrain, gürcü, azərbaycanlı, qazax və s. o tədbirlərdə Türkiyə türkcəsində dil tapıb anlaşırlar. Mütəxəssislərin fikrincə, buna səbəb həmin ölkələrdə təhsil, mədəniyyət və s. ilə bağlı layihələrin məhz Türkiyənin öncüllüyü, təşəbbüsü ilə reallaşmasıdır. Türk dövlətlərində, Balkanlarda türk liseylərinin, universitetlərinin, Yunus Əmrə, Atatürk araşdırma mərkəzlərinin varlığı Türkiyənin irəli düşüb bu işləri daha fəal şəkildə yürütməsi ilə bağlıdır. O böyük miqyaslı təşəbbüsləri, layihələri həyata keçirməyin öhdəsindən məhz Türkiyə gəlir. İstəsək də, istəməsək də, bu belədir. Üstəlik, də istər keçmiş Sovet məkanında, istərsə də Qərb və Şərq ölkələrində Türkiyə türkcəsi universitetlərdə ( şərqşünqslıq sahəsində) tədris olunan bir dil olub. Demək olar ki, hər ölkədə bu dili bilən var. Ona görə də ortaq ünsiyyət dilinin Türkiyə türkcəsi olması təbiidir, labüddür. Bir ara Türksoy ortaq türk əlifbası üzərində işləyirdi. Düşünürəm ki, ortaq türk dilinə ehtiyac var. Ortaq türk dilinə Azərbaycan türkcəsi (əgər fars və ərəb sözlərini çıxarsaq) daha yaxındır”.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Faiq Ələkbərli hesab edir ki, türkdilli dövlətlər ifadəsi yanlış ifadədir. 20-25 il bundan əvvəl Türk dövlətləri arasında zəif münasibətlərin olduğu sirr deyil. “Türkdilli dövlətlərin sammitinin təsisi mövcud əlaqələrin inkişafında mühüm rol oynadı. Daha sonra yaradılmış Türksoy, Türk Gənəşi, Türk Xalqlarının Parlament Assambleyası, Türk dövlətləri arasındakı münasibətləri yeni bir mərhələyə daşıdı. Ortaq türkcəyə gəlincə. Türk dili şərq və qərb olmaqla iki ağıza ayrılır. Qərb ağzı Oğuz türkcəsidir, şərq ağzı isə Qıpçaq və ya Cağatay türkcəsidir. Bu iki ağız arasında inteqrasiyadan öncə, hər ağız öz içində yaxınlaşma olmalıdır”.

Hər bir halda Türkiyə türkcəsini artıq hamımız anlayırıq, bilirik. Beynəlxalq səviyyədə də tanınan türk dili Türkiyə türkcəsidir. Əsas bir-birini anlamağa istək olsun və bir də soy kökünə hörmət. Nə qədər ki, ölümüzlə ərəbcə, dirimizlə rusca danışacağıq, türk dünyasının bir ürək kimi döyünməsi, köklərinə uyğun davranması zaman alacaq.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »