Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycandan 1,1 milyard manat dəyərində xarici valyuta vəsaitləri ixrac olunub
dollar

Hesablama Palatasının 2020-ci il üzrə hesabatına əsasən, 7 rezident bank 2019-cu ildə ümumilikdə "müxbir hesabına Göndərilmə"əsaslandırılmaqla ölkə hüdudlarından kənara 1,1 mlrd.manat ixrac edib. İxrac olunan xarici valyuta vəsaitləri əsasən ABŞ dolları və Avro ilə olan pul banknotları olub. «Bu pul vəsaitlərinin də son təyinat ünvanı olan xaricdəki bankların müvafiq müxbir hesablarına mədaxilini nəzərdə tutan təsdiqedici sənədlər gömrük rəsmiləşdirilməsi prosesində mövcud olmamışdır».

Ölkə ərazisindən çıxarılan pul vəsaitlərin xaricdəki müxbir hesaba daxil olması barədə sənədlər niyə yoxdur? Həmin sənədin olmaması nə anlama gəlir? Azərbaycandan qeyri-leqal yolla vəsait çıxarılırmı?

Aprelin əvvəlində Mərkəzi Bank Azərbaycan Respublikasının ötənilki tədiyə balansına dair göstəriciləri açıqlayıb.

Bankın məlumatına görə, ölkənin tədiyə balansında 1 milyard 987 milyon 700 min dollar kəsir yaranıb.

Tədiyə balansında kəsirin ən önəmli səbəbi maliyyə hesabında yaranan 2.4 milyard dollar həcmindəki xalis kapital çıxışı ilə bağlı olub. Kapital çıxışının 1 milyard dolları ölkədən xaricə birbaşa və portfel investisiya formasında, 1.4 milyard dollarıq hissəsi isə «digər investisiyalar» (depozitlər, nağd valyuta, kreditlər və s.) formasında kapital transferidir.

Vaşinqtonda mənzillənən Global Financial İntegrity təşkilatının son hesabatına görə, Azərbaycandan kənara çirkli yolla axan qanunsuz kapital mövcüd olub.

Hesabat müəllifləri iddia edir ki, 2004-2013-cü illər ərzində Azərbaycandan orta hesabla hər il 9,5 milyard dollar kapital qanunsuz çıxarılıb. Təşkilatın məlumatına görə, buna görə Azərbaycan 144 ölkə arasında 17-ci yerdədir.

Ümumilikdə isə qeyd olunan 10 ildə Azərbaycandan qanunsuz olaraq 95 milyard dollar pul qırağa çıxarılıb.

Azərbaycandan 1,1 milyard manat dəyərində xarici valyuta vəsaitləri ixrac olunması ilə bağlı Mərkəzi Bankdan Turana bildirib ki, Hesablama Palatasının aidiyyəti hesabatı 2020-ci ilin deyil, 2019-cu ilin nəticələrini əhatə edir. «Qeyd edilən faktlar Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılmış yoxlamalar çərçivəsində gömrük inzibatçılığı sahəsindəki natamamlıqları əks etdirir».

Qurumdan qeyd olunub ki, yoxlanılan dövr ərzində təqribən 1,1 milyard manat ekvivalentində nağd xarici valyuta vəsaitlərinin ölkədən kənara çıxarılması Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən həyata keçirilib. «Bu isə rəsmi qaydada və qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirilmişdir. Bu əməliyyatlar normal bank fəaliyyəti praktikasına uyğun şəkildə bankların xarici banklardakı müxbir hesablarına mədaxil edilməsi məqsədini daşımışdır. Həmin vəsaitlər hər hansı bir müştərinin deyil, məhz bankların özlərinin vəsaitlərindən ibarət olmuşdur».

Mərkəzi Bankdan vurğulanıb ki, banklar tərəfindən ölkədən ixrac olunan nağd xarici valyutanın 90 faizdən çoxunu avroda olan vəsaitlər təşkil etmişdir. «Avropa Mərkəzi Bankının 500 avroluq əskinasların dövriyyədən çıxarılmasına dair aidiyyəti qərarı ilə həmin nominaldan olan əskinasların kütləvi şəkildə dövriyyədən çıxarılaraq kommersiya banklarına təhvil verilmişdi. Bu səbəbdən banklar həmin banknotları xarici banklardakı müxbir hesablarına mədaxil etmək məqsədilə ixrac ediblər».

Qurumdan əlavə olunub ki, çıxarılan vəsaitlərin digər hissəsi xarici banklarda hesablaşmalarda istifadə etmək, habelə gəlir əldə etmək üçün qeyri-rezident banklarda depozitə yerləşdirmək məqsədini daşımışdır.

Qurumdan qeyd olunub ki, nağd xarici valyutanın banklar tərəfindən ölkəyə gətirilməsi və ölkədən çıxarılması rəsmi bank əməliyyatlarıdır. «Həmin əməliyyatlar banklarda mövcud olan biznes proseslərlə və normativ hüquqi sənədlərlə tənzimlənir və müvafiq valyuta nəzarəti qurumları tərəfindən ciddi nəzarət olunur. Bu əməliyyatlar həm bankların özlərinin rəsmi hesabatlarında, həm də Mərkəzi Banka təqdim edilən hesabatlarda, habelə tədiyə balansı hesabatında müvafiq qaydada əks etdirilib və uçotu aparılıb».

Rüfət Quliyev Rüfət Quliyev

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Turana bildirib ki, bütün uyğunsuzluqlarda kriminal tərəfini axtarmaq lazım deyil. «Məsələ ilə bağlı Mərkəzi Bank açıqlama verib və bu əsaslandırmanı təkzib edən hər hansı sənəd yoxdur. Azərbaycan dünya ticarət sahəsinə inteqrasiya edir. Buna uyğun olaraq ölkənin dünya maliyyə sisteminə inteqrasiyası da artır. Maliyyə sistemi sahəsində çatışmazlıqlar hətta ən müdafiə olunmuş ölkələrində də var. Bu, həm ABŞ-a, həm İngiltərəyə, həm aparıcı Asiya ölkələrinə də aiddir».

Komitə üzvünün fikrincə, Azərbaycandan 1,1 milyard manatı ölkədən çıxarılma prosesində ciddi nöqsanlar olsaydı, dünya maliyyə sistemləri bunu qeyd edərdi. ««Money World» adlı proqram var. O, qanunsuz, şəffaf olmayan maliyyə əməliyyatların aparılması ilə bağlı proseslərin qarşısını alır. Əgər nöqsanlar olsaydı, ABŞ-da və digər ölkələrdə olan xüsusi maliyyə orqanları bunu qeydə alardı».

Deputat qeyd edib ki, beynəlxalq maliyyə sistemi Azərbaycana münasibəti çox loyaldır. «Yəni, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və aparıcı dünya bankları bizə kreditləri ayırır, məmnuniyyətlə bizimlə əməkdaşlıq edir, layihələrimizi maliyyələşdirirlər. Bir ciddi problem olsaydı, həmin təşkilatlar, o cümlədən pul köçürüldüyü ölkələr buna reaksiya verərdi, hər hansı materiallar üzə çıxardı, yoxlamalar başlayardı».

Quliyev Hesablama Palatasının fəaliyyətinə toxunaraq deyib ki, qurumun apardığı audit fəaliyyətinim keyyfiyyəti ildən ilə artır. «Bizə təqdim olunan materiallarına əsaslanıb deyə bilərəm ki, çox böyük iş gedir, çatışmazlıqlar müəyyən edilib, büdcəyə vəsaitlər qaytarılıb. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deputatlara bildirib ki, yoxlamalar hələ bitməyib, yoxlamalar davam edir. Bizim üçün ən əsası büdcə pulları ilə korrupsiya əlaqələrin inkişafına imkan verməməkdir».

Qubad İbadoğlu Qubad İbadoğlu

İqtisadçı Qubad İbadoğlu AzadlıqRadiosuna bildirib ki, ölkə ərazisindən kənara vəsait köçürülməsi üzərində Mərkəzi Bankın nəzarəti var. «Təbii ki, bu 7 rezident bankı tərəfindən 1,1 milyard manat dəyərində xarici valyuta vəsaitlərinin kənara çıxarılması və onun xaricdəki banklardanın müxbir hesablarına mədaxilini nəzərdə tutan təsdiqedici sənədlərin gömrük rəsmiləşdirilməsi prosesinə təqdim olunmaması onu göstərir ki, həmin pul Azərbaycandan oğurlanan kapitalı ifadə edir. Bu da qeyri-leqal yolla vəsait çıxarılmasını ifadə edə bilər».

Ekspert qeyd edib ki, Mərkəzi Bankın açıqladığı məlumata görə, 2019-2020-ci illərdə Azərbaycandan xaricə rəsmi yollarla 3,2 milyard dollar vəsait çıxıb. «Bəzən pul rəsmi yolla çıxır, yəni ölkəyə malları idxal etməsi adı ilə xaricə köçürülür, sonra isə həmin pul xaricdə idxal malı alınmadan təyinatdan kənarlaşdırılaraq başqa məqsədlər üçün istifadə olunur».

İbadoğlu deyir ki, bunun üzərində nəzarətin təmin edilməsi istiqamətində tez-tez dəyişikliklər olsa da, son nəticədə buna tam şəkildə nail ola bilmirlər.

Ekspertin sözlərinə görə, digər pulun çıxma variantı ondan ibarətdir ki, ölkədən mal çıxır və satılır, həmin ixrac malın satılmasında əldə edilən qazanc valyuta ilə ölkəyə gətirilmir.

İqtisadçı qeyd edib ki, idxal malını almaq üçün pul köçürülürsə və xaricdəki hər hansı bir hesabda oturursa, sonra idxal malın alınması üçün müşaiyətedici sənədlər olmalıdır. «O sənədlər olmayanda həmin pul ölkəyə qayıtmır. Çöx böyük ehtimalla bu 7 rezident bank tərəfindən çıxarılan 1,1 milyard manat bu adla ölkədən köçürülüb».

Ekspert vurğulayıb ki, 7 rezident bankların adı açıqlanmalıdır.(turan)

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› DSX-nin əsgəri özünü güllələyib
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
Son xəbərlər
Bütün xəbərlər »