Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yarımgizli “İskəndər”in açılmayan sirləri
Yarımgizli “İskəndər”in açılmayan sirləri

Ermənistan ərazisindən Şuşaya atılmış “İskəndər-M” operativ-taktiki raketləri ilə bağlı çox danışılır, çox yazılır. Cavablardan çox suallar var. Daha doğrusu, heç cavab yoxdur; Rusiya tərəfi bu haqda danışa-danışa susur. Əgər Kremlin sözçüsü Dmirti Peskovun açıqlamasına danışmaq demək olarsa. Dəfələrlə soruşublar, dəfələrlə də deyib ki, bu haqda məlumatı yoxdur. Rusiyanın “cavab”ı iki hissədən ibarətdir: birincisi, Erməniatana belə bir raket kompleksi verilməyib, ikincisi, Azərbaycan ərazisinə raket atılmayıb. Hər ikisini də “xəbərim yoxdur” janrında deyirlər.

Azərbaycanı və beynəlxalq reaksiyalardan da göründüyü kimi, bütün dünyanı maraqlandıran suallar da budur: bu raketləri kim atıb? Niyə atıb? Ümumiyyətlə, bu raketlər Ermənistana necə gəlib çıxıb? Tətbiqi qadağan olunmuş və dağıdıcı gücü çox böyük olan həmin raketlərdən hansı “OPERATİV-TAKTİKİ” hədəfləri vurmaq istəyiblər? Və kim?

Bəli, bu raketlər Ermənistana, bəlli ki, Nikol Paşinyandan əvvəlki hökumətin dövründə gəlib; Rusiyanın “Sorosun uşaqları” dediyi hökumətə belə silah verməsi ağlabatan deyil. Zatən bunun isbatı da var. Ancaq raketlər Ermənistan ərazisindən 44 günlük müharibə zamanı atılıb. Və Şuşaya. Ancaq Şuşanı da Azərbaycan noyabrın 8-də azad edib. Həmin vaxt Ermənistanın hökuməti Paşinyan və komandasıdır, hələ də onlardır.

İki mühüm versiya çıxır: ya bu raketləri Ermənistan tərəfi atıb və onun tam partlamayacağından da əvvəldən xəbərdar ola bilərlər. Bu, Rusiya hərbi-sənayesinə sarsıdıcı zərbə vurmaq və Moskvaya qarşı beynəlxalq təzyiq və təcrid kampaniyası üçün əlavə (çox mühüm) imkanlar yaratmaq məqsədi ilə ola bilər. ABŞ və başqa böyük geosiyasət və silah bazarı oyunçuları qarşısında Rusiyanı kiçiltmək, zəif salmaq maraqları ola bilər. Daha əvvəl Paşinyanın “təkzib etmək” üçün verdiyi bir açıqlama da vardı; Rusiyanın Ermənistana satdıığı raketlərin partlamadığını birmənalı demiş və sonradan yayğın bir formulə taparaq sözünü sanki geri çəkmişdi. Bunun bəlkə də elə Rusiyanın öz hərbi-siyasi və hərbi kəşfiyyat dairələrində Putinə rəqib (hətta düşmən) olan qrupların özləri vasitəsilə qəsdən edildiyini günan etmək olar. Eyni zamanda belə bir addımın Paşinyan və onun arxasındakı güclərin marağı baxımından bir neçə hədəfi ola bilər: birincisi, Azərbaycanda anti-Rusiya əhvalının güclənməsi, Rusiyanın “sülhməramlı” missiyasına onsuz da aşağı olan inamı tamamilə sıradan çıxarmaq, Rusiya qoşunlarının bölgədə yerləşməsinin və rusların geosiyasi oturuşmasının önlənməsinə elə Azərbaycanın özünün və Türkiyənin müqavimətini yaratmaq məqsədi daşıya bilərdi (raketi atanlar əvvəldən bilirdilər ki, onun qalıqlarını Azərbaycan tapacaq). İkincisi, bu hadisədən Ermənistanın yenidən daxili-siyasi şəkillənməsi üçün faydalanmaq istəyi də var. Hamı bilir ki, Ermənistan ordusu, demək olar, tamamilə Rusiyanın əmrində idi (müharibədən sonra həmin vaxtkı Baş Qərargah rəisi Qasparyanın və generalların demarşı da bunu bir daha isbatladı). Eyni zamanda uzun onillər ərzində silahları da Paşinyandan əvvəlki hökumətlər alıb toplamışdı ki, onların da çoxu xarab silahlar idi. Bu partlamamış raket üzərindən həm də Paşinyan və komandası cəmiyyətdəki dəstəyinə əsaslanaraq Rusiyaya bağlı müxalif gücləri vurmaq, yeni seçkilər keçirib yenidən hakimiyyətdə möhkəmlənmək cəhdi edə biləcək. Qismən partlamış “İskəndər”lə iki keçmiş prezidenti – Sarqsyana (ki, həm də bir müddət müdafiə naziri olub) və Köçəryana – “Qarabağ” klanına sarsıdıcı zərbə vurmaq, silahlanma korrupsiyasında da günahlandırmaq imkanı yaranmış olur.

İskəndər raketlərinin qalıqları

Və əlbəttə, ikinci versiya da var: bu raketlərin Azərbaycan ərazisinə atılması əmri Moskvadan verilib. Məqsədi Azərbaycan ordusunun hücum əməliyyatlarını dayandırmaq və ya səngitməklə, Rusiya qüvvələrinin “sülhməramlı” roluna “ehtiyac” yaratmaq ola bilərdi. Naxçıvandakı mövqelərimizin qarşısında helikopter təxribatı da bu qəbildən idi. Hətta 10 noyabr gecəsində - üçtərəfli razılaşma fonunda Bakıya doğru raket atılması da səbəbsiz deyildi; atəşkəsin Rusiyanı təmin edəcək formasının qaçılmazlığına tərəfləri “inandırmaq” və böyük ehtimalla, hər iki ölkədə, xüsusən, Azərbaycanda cəmiyyətin gözünü qırmaq hədəflənmişdi.

Üçüncü və çox ciddi bir səbəb də bu ola bilər ki, Rusiya həmişə Ermənistanı Azərbaycan qarşısında daha çox silahlandırmaqda maraqlı olub; erməni tərəfi bu münaqişə boyunca həmişə silahlanma baxımından bizdən ən azı bir addım qabaqda idi. Onların silahları həmişə bizimkindən daha müasir olub. Rusiya Ermənistanın Azərbaycan qarşısında zəifliyini İrəvana həmişə müasir silahlar verməklə kompensasiya edib. Bəli, silahları verməklə. Çünki çox hallarda bu, silah satmaq deyildi. Əvvəla, onsuz da Ermənistanı tamamilə satın almışdı, ikincisi, Ermənistana verdiyi silah onun – Rusiyanın özünün özünü silahlandırması idi (Ermənistan ordusu, dediyumiz kimi, onun əmrində idi). Ancaq 44 günlük müharibə gedişində Azərbaycanın Türkiyədən, İsraildən və sair təmin etdiyi ən müasir silahlar qarşısında yenik düşən rus-erməni ordusu “İskəndər” şantajına da əl atmaq zorunda qala bilərdi.

Rusiya tərəfinin “xəbərimiz yoxdur” taktikası ağla başqa versiyanı da gətirir: böyük güclər silahları təkcə leqal bazarda leqal alıcılara satmır, həm də yarımleqal hərbi şirkətlər üzərindən illeqal qruplara, hətta terror təşkilatlarına satır (Suriyada, Liviyada, Yəməndə, Əfqanıstanda və sair bunu görməkdəyik). Sovet İttifaqının son illərində və sonrakı Rusiya dövründə də biz elə Rusiya rəsmi hesabatlarnda və mediasında rus silahlarının gizli yollarla haralara satıldığına və ya verildiyinə dair çoxlu məlumatlar görmüşük. Məsələn, Uzaq Şərq hərbi dairəsində rus admiralların təyyarədaşıyan gəmini Cənubi Koreya hərbçilərinə guya özbaşına “su qiymətinə” satdığını bilirik. Yaxud rus hərbi kəşfiyyatının və hərbi donanma komandanlğındakıların Kolumbiyadan Şimali Amerikaya narkotik daşımaq üçün narkokartelə sualtı qayıq satdığından da xəbərdarıq. Bu sövdələşmələrdən əldə olunan vəsaitlər hərbi kəşfiyyatın qara büdcəsinə toplanır və xaricdə gizli (hərbi-terror) əməliyyatların maliyyələşməsi üçün istifadə olunur. Eləcə də, 1993-1996-cı illərdə Rusiyadan Ermənistana 1 milyard dollarlıq silahın verilməsi qarşılığında əldə olunan vəsaitin Prezident Boris Yeltsinin növbəti seçki kampaniyası üçün onun Seçki Qərargahına nağd olaraq daşınması da faktdır. O zaman siyasi məqsədli bu yarımgizli “hərbi-komersiya” əməliyyatı baş nazir Çernomırdinin və Baş Qərargah rəisi Kolesnikovun imzaladığı sənədlər əsasında aparılmışdı. Həmin faktları araşdıran və açıqlayan Rusiya Dövlət Duması Müdafiə Komitəsinin sədri, general Lev Roxlin Moskvada, Azərbaycan Müdafiə Nazirliyini bu kontekstlərdə kəskin tənqid edən Milli Məclisin deputatı, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadov isə Bakıda öz evlərində qətlə yetirildilər. Bu “İskəndər”lər də indiki Rusiyanın hələ ki susan rəhbərliyindəki hələlik üzə çıxmamış mühüm (paqonlu-paqonsuz) imzalar altında reallaşan əməliyyatların nəticəsidir.

Bütün bunları nəzərə alaraq, istənilən halda “İskəndər” təxribatının arxasında kimin dayandığı tam aşkardır. İstənilən halda əsas sualları Azərbaycan verəcək, bütün cavablar isə Rusiyadadır. Azərbaycan bu partlamış-partlamamış geosiyasi “İskındər”iin qalıqlarını həmin qüvvələrin özlərinə qarşı çevirib izahat istəməkdə tam haqlıdır. Ancaq hələ ki bu izahatistəmə şəkli də yetərli deyil; Azərbaycan XİN Mətbuat katibinin bəyanatı, yaxud Azərbaycan jurnalistlərini Rusiya səfirliyinə müraciəti, əlbəttə, gərəklidir, ancaq gözlənilən və istənilən etiraz səviyyəsi deyil. Ən azı Rusiyanın səfiri Azərbaycan XİN-ə, Səfirliyin hərbi attaşesi Müdafiə Nazirliyinə çağırılmalıdır. Rusiyanın Xarici İşlər Nazirliyindən və Müdafiə Nazirliyindən izahat ən azı elə o ranqlarda istənilməlidir. Bunun nəticəsinə uyğun və davamı olaraq müzakirə daha yuxarı səviyyələrə daşınmalıdır. Bu məsələ aydınlaşana qədər Azərbaycan 10 noyabr bəyanatında sülhməramlı əməliyyatlarla bağlı müddəanı mübahisəlndirə də bilər. Azərbaycan cəmiyyəti də bu məsələdə birmənalı olaraq dövlətin yanında dayanmalıdır. Azərbaycanın bundan sonra tək Qarabağda yox, bölgədə və dünyada yerini və rolunu müəyyənləşdirən faktorlardan biri də bu “İskəndər” olayının necə çözüləcəyi perspektivində gizlənib. Bu, Azərbaycanın bütövlükdə varlığını təhdid edən bir beynılxalq hərbi cinayətdir. Cinayəti törədənlər məsuliyyət daşımasa, bu bölgədə kimsə arxayın yaşaya bilməyəcək.

Bahəddin Həziyev Bahəddin Həzi
Son xəbərlər
Bütün xəbərlər »