Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İsgəndər”in partlamaması partlamasından daha çox ziyan vurdu
“İsgəndər”in partlamaması partlamasından daha çox ziyan vurdu

Rusiya “sülhməramlıları” Qarabağa yerləşəndə ekspertlərin bir çoxu məsələnin həllini zamana buraxmağı tövsiyə edirdi, onların orada çox əl-qol ata bilməyəcəyini iddia edirdi.

Onlarsa nəinki əl-qol, hətta raket atdılar. Bir qrup ekspert isə həyəcan təbili çalırdı. Görünən o oldu ki, Rusiya Ermənistanla arasında yaranmış narazılığı aradan qaldırmaq, Azərbaycan cəmiyyətini qızışdırmaq üçün nə bacardısa, etdi.

Ilham Ismayıl İlham İsmayıl

Politoloq İlham İsmayıl bildirib ki, Ermənistan Rusiyanı guya xəyanətdə ittiham etdiyinə görə, Rusiya da bəraət qazanmaq məqsədilə bizi, bizim maraqlarımızı güdaza verir. “Məsələn, Azərbaycana qeyri-rəsmi tapşırılıb ki, qaçqınlarınızın keçmiş Dağlıq Qarabağa köçürülməsi məsələsini dilinizə də gətirməyin, Ermənistan inciyər, köçüb gedər. Yoldan istifadə etməyin, Ermənistanın da şərti var. Ümumiyyətlə, qarşıdakı beş ildə azərbaycanlıların Şuşaya, Ağdərəyə, Xocavəndə, Xocalıya köçməsi olmaz. Növbəti beşillikdə bu barədə müzakirə aparmaq olar. O zaman da status məsələsini Minsk Qrupu ilə birlikdə həll edərlər. Sabah Rusiya pasportları Qarabağ əhalisinə paylansa, təəccüblənməyin”,- deyə o qeyd edib.

Əslində “İskəndər” yalnız Azərbaycanın yox, qlobal təhlükəsizliyin təhdidi olduğu üçün Rusiyaya qarşı beynəlxalq səviyyədə hücumun başlanması vacibdir. Bu işdə katalizator rolunu Azərbaycan və Türkiyə oynamalıdır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqov bildirib ki, “İskəndər” qalmaqalı qlobal təhlükəsizlik arxitekturasının əsaslarını (assumption of deterrence) silkələyib.

Fuad Çıraqov Fuad Çıraqov

“Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) İsgəndər-M raketlərinin Ermənistana qeyri-qanuni verilməsinə dair istintaqa başladığı deyilir. Bu cür sıvamaq işin özündən betərdir. Bu məsələ bizim bölgəni və kiçik Qarabağ münaqişəsini çox aşan bir məsələdir. Bu məsələ barəsində ən kiçik spekulyasiyanın belə böyük geosiyasi nəticələri ola bilər.

Bu faktın hüquqi tərəfi bir tərəfə. Bu silahın modifikasiyası regionu aşır. Əvvəl SSRİ, sonra NATO arasında orta və kiçik mənzilli raketlərin məhdudlaşdırılmasına dair çoxlu sayda müqavilələr imzalanıb. Hər zaman bu mövzi ətrafında qlobal güclər arasında müzakirələr olub və hər zaman bu aparıcı məsələ olub. Bu silah Rusiyanın qlobal siyasətində nizamlayıcı silah sayılıb, ona möhtəməş tarazlayıcı deyirdilər.

“İskəndər”in yerləşdiyi yerdən 500 kilometr diametrdə hər şey və hər kəs təhlükə altındadır. Söz düşəndə Rusiya politoloqları qarşı tərəfi “bizim İskəndərləri güldürməyin” deyə mesaj atırdılar. Bu silah Rusiyanın cənub cinahını NATO-dan qoruyur. O, Azərbaycan üçün yerləşdirilməmişdi. O silahın yerləşdiyi radiusda NATO üzvü olan Türkiyə özünü təhlükəsizlikdə hiss edə bilməzdi. Yəni bu eyni zamanda Türkiyənin məsələsidir.

Dünya çapında baxsaq, Qarabağ mikroskopik savaş idi və belə bir qarşıdurmada onun effektsiz olması, partlamaması əslində partlamasından çox ziyan verib. Həm də sahibinə. Ən çox fəxr etdiyin silah özünü doğrultmursa, demək digər silahların da barəsində deyilənlər mifdir. 40 ildir Qərb Rusiya ilə silahlanma yarışında trilyonlarla dollar vəsait xərcləyib. Trilyonlar xərclənib ki, onlar irəli çıxıb Rusiyanın qarşısını alsınlar. Məhz bu boyda vəsait 44 günlük Qarabağ teatrında alt-üst oldu. Biz bilirdik ki, Qarabağın işğaldan azad edilməsi qlobal səviyyədə çox dəyişikliklər edəcək. Məhz bu hadisə də həmin şok dalğasının davamıdır. Biz indiyə qədər kiçik ölkə olaraq beynəlxalq münasibtlər sistemində bu qədər böyük geosiyasi bir oyunun, müəmmanın içində olmamışıq. Ona görə çox ağılla hərəkət etməyimiz lazımdır”,- deyə Fuad Çıraqov vurğulayıb.

Yalnız Rusiya silahlı qüvvələrinin balansında olan və ixracı edilməyən 9M723 nömrəli "İsgəndər-M" ballistik raketin Azərbaycana atılması təsdiq edildiyinə görə, Rusiyanın məhv etmək istədiyi dövlətin ərazisində "sülhməramlı" missiyası yerinə yetirməsi mümkünsüzdür. Belə bir raketi atdığın ölkəyə əlini-qolunu sallayaraq girib "sülhməramlı" olmaq artıq sülhməramlı yox, işğalçı olmaq deməkdir.

Bu məsələnin Azərbaycan hökuməti tərəfindən dərhal beynəlxalq müstəviyə çıxarılması, Rusiya birliklərinin Azərbaycanda olmasının legitimliyinin başa çatmasını bildirməsi zərurəti yaranmışdır. Əks halda, biz başımızı cəlladımızın dizinə qoyub yuxuya getmiş sayılırıq. Məşhur xalq mahnısında deyildiyi kimi “Qayada yatmış idim, top atdılar oyanmadım?”

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »