Ötən gün Moskvaya səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Bizimyol.info TASS-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri görüşün nəticələrindən razı qaldığını bildirib. "Gündəmdəki ən vacib məsələlərdən biri, rus tərəfdaşlarının dəstəyi ilə respublikanın Silahlı Qüvvələrində islahatlar həyata keçirmək idi", - deyə N.Paşinyan bildirib.
"Üç saat yarım ərzində Vladimir Putinlə bir çox məsələni müzakirə etdik. Heç bir sənəd imzalanmamasına baxmayaraq görüş səmərəli keçdi. İmzalanan müqavilələrin icrası da daxil olmaqla bir çox razılaşmanı müzakirə etdik.
Ermənistan-Rusiya hava hücumundan müdafiə sistemi haqqında razılığa gəldik.
Rusiya Prezidenti ilə bölgədəki yeni vəziyyətə uyğun olaraq razılaşmaların müddəalarını həyata keçirmək üçün xüsusi bir plan və mexanizmləri müzakirə etdik",- deyə baş nazir bildirib.
Hökumət başçısının sözlərinə görə, müzakirənin əsas mözularında biri Dağlıq Qarabağda baş verən müharibədən sonra Rusiyanın köməyi ilə Ermənistan Silahlı Qüvvələrində islahatların həyata keçirilməsi olub: "Bu, müzakirə zamanı vacib mövzulardan biri idi", -deyə N.Paşinyan bildirib.
Qeyd edək ki, Paşinyan Moskvada rəsmi səfərdədir.