Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İsgəndər” qalmaqalı xarici mətbuatda: "Rusiyanın əl işinə oxşayır"
“İsgəndər” qalmaqalı xarici mətbuatda: "Rusiyanın əl işinə oxşayır"

Ermənistanın Rusiya istehsalı olan “İsgəndər” raketlərindən istifadə etməsi barədə Azərbaycan tərəfinin ortaya qoyduğu faktlar dünya mediasında da müzakirə mövzusuna çevrilib. Nüfuzlu media orqanları bu barədə yazır.

Bizimyol.info xəbər verir ki, BBC-nin Ukrayna bürosu bu barədə məqaləni “Qarabağda kimin “İsgəndər”ləri atılıb” başlığıyla təqdim edib.

BBC xatırladıb ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) aprelin 2-də iki “İsgəndər” raketinin qalıqlarını Bakıda nümayiş etdirib. Həmin qalıqların martın 15-də Şuşada tapıldığı bildirilir.

“Şuşa vacib strateji məntəqədir. Onu itirəndən sonra Ermənistan Rusiyanın atəşkəs təklifinə, Dağlıq Qarabağın bir sıra ərazilərinin və əvvəllər işğal etdiyi rayonların Azərbaycana qaytarılması təklifilə razılaşdı”, - BBC xatırladıb.

Şuşada raketlərin qalıqlarının aşkarlandığı yerlər arasında 780 metr məsafə olub.

Ermənistanın baş qərargah rəisi Artak Davtyan “İsgəndər”lərdən istifadə olunması haqda məlumatı şərh eləmək istəməyib: “Bu cür məlumatlar açıqlanmadığı üçün heç nə deyə bilmərəm”.

BBC xatırladır ki, Moskva Dmitri Peskovun dili ilə israrla bu məlumatı təkzib etməyə çalışır. İddia edir ki, Qarabağda “İsgəndər” raket kompleksindən istifadə olunmayıb. “Qalıqların təhlili deməyə əsas verir ki, onlar ixrac üçün yox, Rusiya hərbçilərinin istifadəsi üçün nəzərdə tutulub” – BBC vurğulayıb.

Həmçinin Nikol Paşinyanın Qarabağda “İsgəndər” raketlərindən istifadə barədə dedikləri də yada salınıb. Paşinyan bildirmişdi ki, istifadə olunan “İsgəndər”lər ya partlamayıb, ya da 10 faizi partlayıb: “Sonradan Paşinyan bu haqda dediklərinin yanlış olduğunu bildirdi. Bunu da belə əsaslandırdı ki, onu dözgün məlumatlandırmayıblar”.

Kremlin sözçüsü Dmitri Peskov Rusiya istehsalı olan raketlərin Qarabağda istifadəsi haqda deyilənləri təkzib edərkən ona belə bir sual ünvanlanmışdı ki, bəs “İsgəndər”in qalıqları Şuşaya necə düşüb? Peskov suala “bu barədə məlumatımız yoxdur” cavabını vermişdi.

BBC xatırladır ki, Rusiya Müdafiə Nazirliyi də fevral ayında açıqlama yayaraq Dağlıq Qarabağda “İsgəndər” komplekslərindən istifadə olunmadığını iddia etmişdi. Onlar Ermənistana operativ-taktiki “İsgəndər-M” raket komplekslərinin verildiyini inkar etmirlər. Amma iddia edirlər ki, onların hamısı Ermənistan Silahlı Qüvvələrinin bazalarında saxlanılır.

Bir müddət əvvəl Qarabağa səfər etmiş ukraynalı şərhçi Roman Boçkala da yazmışdı ki, tapılan raket qalıqları ciddi qalmaqala səbəb ola bilər: “Çünki Rusiyanın əl işinə oxşayır”.

BBC-nin Ermənistan üzrə müxbiri Qriqor Atanesyan etiraf edib ki, ANAMA-nın nümayiş etdirdiyi raket qalıqları Rusiyanın bəyanatları ilə ziddiyyət təşkil edir: “Üstəlik, Bakının bu bəyanatı Ermənistanın bu raket komplekslərindən istifadə etdiyini sübut edən birinci və yeganə dəlil deyil. Əməliyyatların son günlərində də bunun dolayı izlərini görmək mümkün idi. Noyabrın 9-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında atəşkəslə bağlı üçtərəfli görüşdən bir neçə saat əvvəl sosial şəbəkələrdə bir video yayılmışdı. Həmin videodan görünür ki, Ermənistan əsgərləri 41 saniyə fərqlə iki raket atır. Yerli jurnalistlər bildirir ki, “İsgəndər-E” (ixrac üçün nəzərdə tutulan variant) raketləri Ermənistanın arsenalında olan və bu tezliklə havaya buraxıla bilən yeganə sistemdir. Bundan başqa, BBC-nin Ermənistan hökumətindəki mənbələri də hələ noyabr ayında bildirmişdi ki, son günlərdə “İsgəndər” raketlərindən istifadə olunub. Bu raketlərdən istifadə haqqında Ermənistan ordusunun general-polkovniki Movses Akopyan da danışmışdı”.

Son xəbərlər
Bütün xəbərlər »