Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həbs olunan MTN generallarının əməlləri: “Arvadını, bütün nəslini həbs etdirəcəm”
Eldar Mahmudov

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisləri olmuş iki generalın – Mövlam Şıxəliyev və Nizami Şirinovun həbsinin məlum olub. Onlar 2015-ci ilin oktyabrında MTN-dəki əməliyyatdan sonra başlanmış cinayət işi üzrə təqsirləndirilir.

Bizimyol.info xəbər verir ki, Mövlam Şıxəliyev MTN-nin İstintaq Baş İdarəsinin rəisi işlədiyi dövrdə tabeliyindəki şəxslərlə birlikdə sübutları saxtalaşdırmaqda, külli miqdarda rüşvət almaqda, müxtəlif adamların əmlaklarını və pulunu hədə-qorxu ilə ələ keçirməkdə ittiham olunur. Hələ ki, istintaq sübutların saxtalaşdırılmasıyla bağlı 9 hal, başqasının əmlakını ələ keçirməklə bağlı isə 4 hal müəyyənləşdirib.

MTN-in Hərbi Əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi Nizami Şirinov isə bu vəzifədə işlədiyi dövrdə adamlardan MTN-nin Akademiyasına qəbul etdirmək, xidmət yerini dəyişdirmək, tabeliyindəki əməkdaşın işdən çıxarılmaması və s. adlarla rüşvət almaqda təqsirləndirilir. Şıxəliyev kimi, ona da müxtəlif adamların əmlakını hədə-qorxu ilə əlindən almaqla bağlı ittiham elan edilib.

Hər iki generala qarşı Cinayət Məcəlləsinin 182 (hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311 (rüşvət alma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui istifadə etmə və vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb. Onların işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində davam edir.

Hər ikisi Eldar Mahmudovun adamı idi

Hər iki general Eldar Mahmudovun yaxın adamları idi və o, nazir olduğu dövrdə MTN-də idarələrə rəhbərlik edib. 2015-ci ilin oktyabrında Eldar Mahmudov nazir postundan çıxarılandan və MTN-in 20-dən artıq vəzifəlisi, o cümlədən 5 general (Akif Çovdarov, Sübahir Qurbanov, Elçin Quliyev, Teymur Quliyev və Natəvan Mürvətova) cinayət məsuliyyətinə cəlb ediləndən sonra Mövlam Şıxəliyevlə Nizami Şirinov da uzaqlaşdırılıb.

MTN-lə bağlı cinayət işində onların hər ikisinin adı hallanırdı. MTN-də təzyiqlərə məruz qaldığını, pul və əmlaklarının əllərindən alındığını deyən zərərçəkmişlərin bir neçəsi istər istintaqdakı, istərsə də məhkəmədəki ifadələrində onların adlarını çəkmişdilər. Xüsusən Şıxəliyevi ittiham edənlərin sayı daha çox idi. MTN-də istintaqı aparılan bütün cinayət işləri İstintaq İdarəsinin rəisi kimi, onun nəzarətində olub.

“Təkcə bir bağ evinin 5 milyon manat qiyməti var”

MTN işində zərərçəkmiş kimi tanınan Nizami Kazımov və Hüseyn Səfərov məhkəmədə bildirmişdi ki, onları “Texnikabank” işində saxta ittihamla tutub, iki ay həbsdə saxlandıqdan sonra 2 milyon dollarını alıb, həbsdən buraxıblar. O, başına gətirilənlərə görə Mövlan Şıxəliyevi və onun işi üzrə istintaqı aparmış müstəntiq Vüsal Ələkbərovu (o həm də İstintaq Baş İdarəsinin şöbə rəisi idi) ittiham edirdi.

Mövlam Şıxəliyevin özü də məhkəmədə dindirilmişdi. O, vaxtilə tabeliyində işləmiş Vüsal Ələkbərovun məhkəməsində ifadə verəndə demişdi ki, ünvanına səslənən ittihamlar yalandır: “Nə Nizami Kazımovla, nə də Hüseyn Səfərovla aramızda pul söhbəti olmayıb. Bu adamlarla heç vaxt görüşməmişəm. Elə rəis olmamamışam ki, təqsirləndirilən şəxslə pul alış-verişi edim...”

O zaman başqa bir zərərçəkmiş Namil Rzayev generalın dediklərinə belə reaksiya vermişdi: “Mən buna söz deməyə xəcalət çəkirəm. Amma bunlar mənəm evimin satılmasına görə xəcalət çəkmirlər. Mövlam Şıxəliyevin otağında olmuşam. Mövlam mənə dedi ki, şefin göstərişi var, ya həbs edilməlisən, ya da istənilən pulu verməlisən. Mən Eldar Mahmudovu “Oboxees” işləyəndən tanımışam. Mövlam əvvəl 1 milyon istədi, sonra 700 minə, axırda da 500 min dollara düşdü. Bu pulun 200 min dollarını Mövlama, 300 min dollarını isə Vüsala vermişəm”.

Bakı Hərbi Məhkəməsində gedən bu dindirmələrdə hakimin diqqətini çəkmişdi ki, zərərçəkmişlər müraciətlərində Şıxəliyevə “siz” deyə müraciət edir, o isə qarşı tərəfə “sən” deyir: “Mən bayaqdan sizin aranızda olan söhbəti izləyirəm. Nizami Kazımov “siz” deyə müraciət edir. Amma siz burada ona “sən” deyə müraciət edirsiz. Burada hamının bərabər hüququ var. Siz burada idarə rəisi, general yox, şahid kimi danışırsız...”

Mövlam Şıxəliyev isə hakimin iradına belə cavab vermişdi: “Mən Allaha da “sən” deyə müraciət edirəm. Heç kimdən pul almamışam, heç kimə də qaytarmağa pulum yoxdur”.

Zərərçəkmişlər Mövlam Şıxəliyevin təkcə bir bağ evinin 5 milyon manat qiyməti olduğunu deyəndə o, təkzib etməmişdi. Bildirmişdi ki, işindən əlavə, bizneslə məşğul olub və özünə mülk alıb.

“Eldar Mahmudov “Ağ şəhər”dəki torpağı istəyir, amma pulunu vermir”

Həbs olunan digər general Nizami Şirinovun adı da bir sıra adamların əmlaklarının zorla əllərindən alınmasında hallanırdı. Onu ittiham edənlərdən biri də keçmiş işçisi, MTN-in Hərbi Əks-Kəşfiyyat Baş İdarəsində Daxili İşlər Nazirliyinin, Daxili Qoşunların və Ədliyyə Nazirliyinin hərbi qurumları üzrə şöbə rəisi olmuş polkovnik Emin Abbasov idi: “Baş İdarənin rəisi Nizami Şirinov məni otağına şağırıb, Vüqar Ağayevi iş adamı kimi təqdim etdi. Onunla münasibət qurmağı, dostluq etməyi tapşırdı. Vüqar Ağayevin tikinti şirkətləri və torpaq sahələri var idi. Onun bacarıqlı sahibkar olduğunu gördüm. Bir gün təklif etdim ki, qardaşım Elxanla bir yerdə iş qursunlar. Qardaşım Şüvəlanda xırda buynuzlu heyvandarlıqla məşğul olurdu. Qala qəsəbəsində 5 hektar torpaq sahəsi var idi. Həmin torpaq sahəsini qardaşım 49 illik Zirə südçülük sovxozundan icarəyə götürmüşdü. Qardaşımla məsləhətləşib ərazidə fərdi evlər tikməyi planlaşdırdıq. Bu işdə Vüqar da bizə dəstək verdi. İşə başlamaq üçün 200 min dollar verəcəyini də dedi. Bir neçə gün sonra Vüqar Ağayev qardaşım Elxana 100 min dollar verdi.

İşlər yaxşı getdiyi vaxt rəisimiz Nizami Şirinov məni yanına çağırıb dedi ki, Vüqarın verdiyi pul onundur, işin içində də özü olacaq. Təxminən 10-15 gün sonra Vüqar yenidən qardaşına 100 min dollar da verdi. Bundan sonra həmin ərazidə işlər intensiv şəkildə aparıldı. 2009-cu ilin aprel-may aylarında “Bakı Əyləncə Mərkəzi”ndə Vüqarla görüşdük. Dedi ki, “Ağ şəhər”dəki torpaq sahəsini pula ehtiyacı olduğu üçün satmaq istəyir. Amma nazir Eldar Mahmudov və Nizami Şirinov buna imkan vermir. Dedi ki, torpağı Eldar Mahmudov istəyir, amma pulunu ödəmək fikri yoxdur. Vüqarla axırıncı görüşüm MTN-nin Nərimanov rayon idarəsinin yanında 2009-cu ilin avqustunda oldu. Vüqar dedi ki, Eldar Mahmudovun yanından gəlir, Nizami Şirinov da orada imiş. Ona deyiblər ki, bizə borcunun əvəzində əmlaklarını verməlisən.

Eldar Mahmudovla Nizami Şirinov Vüqarın əmlakını tələb edəndə qardaşım Elxanın adına olan 5 hektar torpaq sahəsini də istəyirdi. Vüqar sonuncu görüşümüzdə dedi ki, bir müddət burada olmayacaq. Qardaşımın olan torpağı da onlara verməməyimi tapşırdı. Bir müddət sonra Nizami Şirinov məni otağına çağırıb qışqıra-qışqıra Vüqar Ağayevin qaçdığını dedi. Onun arvadını, bütün nəslini həbs etdirəcəyini bildirdi. Əlavə etdi ki, Vüqar onunla naziri üzbəüz qoyub. Guya Vüqarın nazirə 22 milyon manat borcu var. Vüqar Ağayevin 20 hektar torpağının sənədini, qardaşıma verdiyi 200 min manatı tələb etdi. Vüqarın verdiyi 200 min dolların əvəzində 200 min manat verdim Nizami Şirinova – onun öz kabinetində. Nizami Şirinov yenə də əl çəkmədi. Polkovnik-leytenant Elman Tahirov vasitəsilə qardaşıma məxsus 20 hektar torpaq sahəsinin sənədlərini gətirməyi, əks halda həbs olunacağını bildirdi. Məcbur olub 19 noyabr 2009-cu il tarixdə Nizami Şirinovun dediyi, Eldar Mahmudovun qohumu olan İmanova Billurə Məmməd qızının adına Vüqarla şərik olduğu 5 hektar torpaq sahəsinə dair baş etibarnamə verdik. Bundan bir müddət sonra Nizami Şirinov yenə təhdid etməyə başladı. Əlavə 50 min istədi. İdarə rəisi işləyən polkovnik-leytenant Elman Tahirov vasitəsilə 2009-cu ilin noyabr ayının axırlarında 50 mini Nizami Şirinova verdim...”

Paylaş »
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› “Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur - Video
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› Nazirliyin əməkdaşı koronavirusdan vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »