Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat Müdafiə Nazirliyini “topa tutub” birtərəfli atəşkəs elan etdi
Zakir Həsənov

Bir neçə gün öncə Milli Məclisin üzvü Aqil Abbas Müdafiə Nazirliyinin Hərbi Hospitalının işini tənqid etmişdi. “Qazilərə deyirlər ki, dərmanları özünüz alın. Hansı pulla alsın? Bəzi qazilərimizin hələ əlillik dərəcəsi də təyin olunmayıb. Hələ bir çoxu ordudan tərxis olunmayıb. Əlilliyin təyin olunmasında da qazilər çətinliklə üzləşir. Elə bilirlər bu əsgərlərə yenidən göz çıxacaq, ayağı uzanacaq?”.

Millət vəkilinin bu çıxışı xalq tərəfindən böyük rəğbətlə qarşılanmışdı. Müdafiə Nazirliyinin Aqil Abbasa cavabı özünü çox gözlətməyib.

“Milli Məclisin üzvü, millət vəkili Aqil Abbasın Silahlı Qüvvələrin Baş Klinik Hospitalının fəaliyyəti barədə səsləndirdiyi subyektiv və əsassız fikirlər təəssüf hissi doğurur. Bu cür fikirlər ictimaiyyətimizdə çaşqınlıq yaratmaqla yanaşı hərbi həkimlərin qəhrəman əməyinə kölgə salır, onların ağır işini şübhə altına alır.

Deputatın bu cür qeyri-obyektiv fikirləri Vətən müharibəsi dövründə birbaşa döyüş meydanında, düşmənin güllə və mərmisi altında minlərlə yaralı hərbi qulluqçularımıza tibbi yardım göstərməklə onları həyata qaytaran hərbi tibbi personala qarşı hörmətsizlikdir. O ki, qaldı yaralılara əlillik dərəcəsinin verilməsi məsələsinə, Aqil müəllimə xatırladırıq ki, bu, Müdafiə Nazirliyinin səlahiyyətləri çərçivəsində deyil. Çox təəssüf edirik ki, millət vəkili bu məsələdən xəbərsizdir", - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Aqil Abbasın cavab reaksiyası isə Milli Məclisdəki çıxışından daha güclü təsir buraxıb. O, Müdafiə naziri Zakir Həsənova açıq məktub yazaraq, bir çox məqamlara aydınlıq gətirib.

Aqil Abbas

“Mən çıxışımda Hərbi Hospitalın həkimlərinin əməyini yüksək qiymətləndirmişəm. Söhbət Hospitalın hələ ordudan tərxis olunmamış, evlərində müalicə alan qazilərə göstərilən xidmətindən gedir. Elə gün olmur ki, mənim, eləcə də digər deputatların yanına həmin qazilər şikayətə gəlməsin. Amma mən heç vaxt onların şikayətini, narazılığını mətbuata çıxarmıram. Əksinə, könüllərini alıram, izah edirəm ki, müharibə təzə başa çatıb, darıxmayın, hər şey yoluna düşəcək. Reseptlə gəliblərsə də, dava-dərmanlarını alıb verirəm. Qulluqlarında da başqa cür nə xidmət göstərirəm, özüm bilirəm. Məsələn, ucqar rayonların birindən yanıma üç dəfə gələn bir qazi var. Yalnız qoltuq ağaclarının köməyi ilə yeriyə bilir, bədənində qəlpə yaraları, bəzilərini hələ çıxarmaq mümkün olmayıb, danışığını da itirib, çox çətinliklə fikrini çatdıra bilir. Hələ də ordudan tərxis olunmayıb. Və buna görə də əlillik dərəcəsi ala bilmir. Məbuatı izləsəniz, yüzlərlə belə fakta rast gələrsiniz.

Əlillik dərəcəsi verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və eləcə də Səhiyyə Nazirliyinin fəaliyyətini dəfələrlə həm mətbuatda, həm də parlamentdə söyləmişəm. Qaldı Müdafiə Nazirliyinə. Müdafiə Nazirliyi müvafiq nazirliklərdən bu məsələyə vaxtında baxmalarını tələb etməlidir. Bu, onun səlahiyyətindədir”,- deyə millət vəkili bildirib.

O Müdafiə Nazirliyinin işini də dərt tənqid edib:

“Qaldı mənim guya «ictimaiyyətdə çaşqınlıq yaratmağım» məsələsinə. Hörmətli Cənab Nazir!

Görək ictimaiyyətdə çaşqınlığı mən yaradıram, yoxsa rəhbərlik etdiyiniz nazirlik?

Aprel döyüşlərindən sonra belə bir açıqlama verdiniz ki, Şoyqu (Rusiyanın müdafiə naziri) zəng elədi, ondan sonra müharibəni saxladıq. Ən böyük çaşqınlığı bu yaratmışdı. Müstəqil bir dövlətin müdafiə naziri başqa bir dövlətin müdafiə nazirinin zəngi ilə müharibəni saxlayır. Müstəqil dövlətin müdafiə naziri əmrləri Ali Baş Komandandan alır. Aprel döyüşlərinin saxlanmasını daha aydın bir şəkildə ifadə edə bilərdiniz, xalqda da çaşqınlıq yaranmazdı.

Neçə müddətdir Aprel döyüşlərindən sonra qaldırılmış «Tərtər işi» adlı cinayət işi haqqında mətbuat yazır. Bu işin dərinliyinə getmirəm, amma nədənsə Müdafiə Nazirliyi hələ də bu məsələdə susur. İctimaiyyətdə çaşqınlıq belə yaranır.

Müharibə başlayandan bir neçə gün sonra iki korpus komandiri vəzifədən götürülür, sonra biri həbs edilir. Baş Qərargah rəisi vəzifədən kənarlaşdırılır, hətta adı Müdafiə Nazirliyinin strukturlarından çıxarılır, o da çıxıb gedir Dubayda dənizdə çimməyə. Heç bir rəsmi açıqlama yoxdur. Çaşqınlıq belə yaranır.

Bu gün də Vətən müharibəsində fədakarlıq göstərmiş bütün həkimlərin önündə, eləcə də şəhid olmuş tibb personalının valideynlərinin önündə baş əyirəm.

Mən bu gündən sonra mənə ünvanlanacaq nazirliyin cavab məktublarına və açıqlamalarına Sizə və Milli Orduya olan hörmətimə görə cavab verməyəcəm. Necə deyərlər, birtərəfli atəşkəs elan edirəm”.

İlhamə Rəsulova

Paylaş »
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› Lukaşenkonun Bakı səfəri: Dostluq, yoxsa Rusiyanın “Troya atı”...
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Rusiya şirkəti Zod qızıl yatağındakı Ermənistan vətəndaşlarını işdən çıxarır
››› "Ermənistan Zəngəzur dəhlizi ilə Azərbaycanı tələyə saldığını düşünür"
››› 30 ildir vaqonda yaşayan qazi: “Heç bir dövlət orqanı gəlib qapımı döyməyib” - Foto, Video
Son xəbərlər
Bütün xəbərlər »