Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Minsk Qrupundan gecikmiş etiraf: “Beşulduzlu otellərdə qalırdıq, yaxşı restoranlarda yeyirdik"
Minsk Qrupundan gecikmiş etiraf: “Beşulduzlu otellərdə qalırdıq, yaxşı restoranlarda yeyirdik"

Minsk Qrupunun Amerikadan həmsədri olmuş Riçard Hoqland maraqlı, eyni zamanda bizləri qıcıqlandıracaq açıqlama verib.

“Biz beşulduzlu otellərdə, ayrıca yemək otağı və içərisi dolu barı olan və heç bir əlavə xərc tələb etməyən lüks nömrələrdə qalırdıq. Biz olduğumuz şəhərlərdə ən yaxşı restoranlarda yeyirdik. Yaxşı yaşayırdıq və arabir ATƏT bayrağını qaldıraraq Bakı və Yerevanın yadına Minsk qrupunun mövcud olduğunu salırdıq. Amma lap açıq danışsam, çox-çox az iş görülürdü...”.

Riçard Hoqland Beynəlxalq Münaqişələrin Həlli Mərkəzinin saytında dərc olunmuş məqaləsində belə deyib.

Hoqland bildirir ki, Minsk qrupunun həmsədri vəzifəsi karyera etmək vəzifəsi yox, gözləmə vəzifəsidir. Yəni diplomatlar bu vəzifədə adətən, daha yüksək vəzifəyə gedənədək vaxt keçirirlər.

Türkiyənin oradakı ilk və son nümayəndəsi Candan Azer də bir zamanlar mediaya demişdi ki, 1994-ün mayında Bakıda ona “Bu işi Minsk qrupuna verdik, heç vaxt həll olunmayacaq, biz də öz işlərimizlə məşğul olacağıq' – deyiblər.

Həmsədr qeyd edib ki, Dağlıq Qarabağın təkcə Ermənistan və Azərbaycan arasında olan ikitərəfli problem yox, Rusiyanın həlledici rol oynadığı üçtərəfli məsələ olduğunu həmişə biliblər.. Minsk qrupunun 30 illik turist səfərlərinə, boş-boş fəaliyyətlərinə nəhayət ki, Azərbaycan Prezidenti tərəfindən xalqın ürəyindən tikan çıxaran bir cavab verildi. Prezident İlham Əliyev 2020-ci il dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edəndə səsləndirdiyi fikirlər təxminən bu məzmunda idi. “Niyə gəlmisiniz? Biz öz işimizi özümüz gördük, Sizə ehtiyacımız qalmadı, Sizi biz dəvət etməmişik?”.

O zaman dövlət başçısının üzünə kənardan dəvəsi ölmüş ərəb kimi baxan Anjey Kaspşikin üzündə  dövləti zorla əlindən alınmış milyonçunun kini var idi.

Qarabağ müharibəsində Azərbaycanın zəfərindən sonra ATƏT-in Minsk qrupu arabanın beşinci təkəri kimi yarıtmaz hala düşsə də, hələ də əl çəkmək istəmir, ortalıqda mövcudluğunu sürdürməyə çalışır. Onun var olması üçün də mütləq şəkildə konflikt olmalıdır. Əks halda Avropa institutlarından maliyyələr ayrılmayacaq, Azərbaycanda və Ermənistanda təmtəraqla qarşılanıb, təmtəraqla yola salınmayacaqlar. Bu qrupun saxlanılması 28 illik fəaliyyəti dövründə mənəvi demirəm, maddi cəhətdən ölkəmizə nəyə baha başa gəlib - bu barədə rəsmi məlumat yoxdur. Amma heç şübhəsiz ki, Minsk qrupunun üzvlərinin monitorinqə hər gəlişlərində təkcə otel və restoran xərcləri yüz min manatlarla olub. Hələ aldıqları maaşları, gələndə ciblərinə qoyulan əlavə paket və hədiyyələri, Avropadan gələn (Dünya Bankından, Beynəlxalq Valyuta Fondundan, Avropa Yenidənqurma və İnkişaf Bankından) maliyyələri demirik. Elə qrup üzvləri də bilirlər ki, Minsk qrupu öz missiyasını yenidən müəyyənləşdirə bilməsə, beynəlxalq diplomatiyadan kənarda qalacaq. “Bu ölünü diriltmək kimin nəyinə lazımdır?” sualına isə çox adam əl qaldırıb “mən” deyə bilər.

Bu gün bu ölü qurumun yenidən dirilərək Qarabağ konflikti üçün regiona gəlməsi yeni problemlərin törədilməsi deməkdir. Bunu hamımız bilirik. Üstəlik, bu günə qədər gələn heç bir avropalı qurum ədalətli mövqe sərgiləməyib. Hamısı “yazıq” Ermənistan xalının başına sığıal çəkib, yalnılz onun harayını eşidib, yalnız ona qulluq edib. Türkiyə Prezidenti cənab Ərdoğanın təbiriylə desək, Azərbaycan öz göbəyini özü kəsdi. Bundan belə süfrəsinə də, yanına da kimi alacağını yaxşı bilir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »