Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya özü bizimlə vuruşmalıdır, daha Ermənistanı qabağa verə bilməyəcək"
"Rusiya özü bizimlə vuruşmalıdır, daha Ermənistanı qabağa verə bilməyəcək"

“İsgəndər” qalmaqalı Rusiyanın dünyada və onu özünə dost hesab edən, əslində isə mehriban düşmən sayılan dövlətlərdə də əvvəldən zəif olan etibarını bir xeyli sarsıtmış oldu.

Qarabağda sülh yaratmaq, sülhü qorumaq işi 5 aydır ki, bizə “İsgəndər” atana həvalə edilib. Və o sülhməramlı gəldiyi gündən sərgilədiyi mövqe ilə heç də adına, missiyasına layiq hərəkət etmədi. İş o yerə çatıb ki, Rusiya sülhməramlılarının regiondan çəkilməsi məsələsi də gündəmə gəlib. İndi haqq-hesab sormaq üçün Rusiya ilə üz-üzə dayanmaq zamanı gəlib.

“Rusiya isə bu məsələdən sonra elə Ermənistana qarşı da çıxılmaz vəziyyətə düşüb. Necə deyərlər, yuxarı tüpürür bığdır, aşağı tüpürür saqqal. O, nə silahı vermişəm deyə bilir, nə də verdiyim silaha əvəzinə içiboş təlim raketləridir deyə bilir. Biz Ermənistanın üstünə həm xoş niyyətlə (kommunikasiyaların açılması), həm də öz təsir alətlərimizlə (işğala görə dəymiş zərərlərinin ödənilməsi) gedəcəyik. Siyasətdə məşhur bir kəlam var. Nə Ermənistan İsveçdir, nə biz Finlandiya.

İndi Qərb də, Azərbaycan da, Rusiya da, Türkiyə də Ermənistana təsir edir ki, Azərbaycana qarşı düşmən yox, əməkdaşlıq mövqeyi tutsun. Çünki başqa çıxış yolu görünmür. İndi revanşistlərin hakimiyytə gəlişi heç kimə lazım deyil. Ona görə hətta həmişə Ermənistanı bizə qarşı qıcıqlandıran Rusiya belə dostluq təklifi irəli sürür”. Bu fikirləri politoloq Eldar Namazov səsləndirib.

Eldar Namazov Eldar Namazov

“Rusiya tərəfindən 100 illərdir bədxah qonşularımızdan bizə qarşı istifadə olunub. Qarabağda qələbədən sonra biz Rusiyanın əlindən kürəyimizə saplanana bu xəncəri, yəni Ermənistan faktorunu aldıq, sındırıb atdıq bir kənara. Rusiyanın bizə təzyiq vasitəsi tükənib. İndi ruslar seçim qarşısında qalacaqlar. Ya da özləri bizimlə üz-üzə vuruşacaqlar, daha Ermənistanı qabağa verə bilməyəcəklər, çünki onlar o halda deyillər. Elə biz də bu dəfə Qarabağda hansısa əməliyyatlara başlasaq, birbaşa ruslarla qarşılaşmalı olacağıq. Ya da ruslar əməkdaşlıq yolunu tutmalıdırlar. İndi Rusiya analayır ki, Azərbaycan-Türkiyə birliyi var. Hərəkətə keçsə, bu birliyi qarşısına almış olacaq. Azərbaycanla Türkiyə arasında rəsmi olaraq hərbi blok yoxdur, lakin faktiki olaraq elə müqavilə var ki, istənilən zaman bizim təhlükəsizliyimizə qarant kimi çıxış edə bilər. Necə ki, ABŞ-la Yaponiya, Cənubi Koreya, Filippin arasında belə bir müqavilə var. Bu dövlətlərin heç biri NATO üzvü deyillər, lakin onlara qarşı təhlükə yaranarsa, NATO tərəfindən, ABŞ tərəfindən müdafiə olunacaqlar. İkitərəfli saziş vasitəsilə qarantiya alıblar. Eyni zamanda Türkiyə və Azərbaycan arasında da belə müqavilə var. NATO-nun 2-ci ən güclü ordusu bizim yanımızdadır. Təbii ki, Moskva bunu görür, nəzərə alır. Köhnə siyasət artıq işə yaramır. Bu tamamilə yeni reallıqdır, yeni mərhələdir. Putin bunu başa düşür. O özü də deyir ki, Sovetlər Birliyi artıq yoxdur, yeni reallıq var, Azərbaycan Türkiyəni seçib.

Azərbaycan daha güclənib. İndi bizə heç kim heç nə edə bilməz. Biz bir-iki il ərzində Qarabağda bütün yarımçıq qalmış problemləri həll edəcəyik”,- deyə politoloq bildirib.

Ukrayna böhranı yaşayan, növbəti sanksiyalar gözləyən Rusiya ABŞ üçün indi sözün həqiqi mənasında düşmən, Putin isə ABŞ-ın yeni prezidenti üçün “qatil”dir. Bu günə qədər sağında-solunda hər kəsə qarşı torpaq iddiası irəli sürmüş böyük imperiyanın öz varlığı təhdid altındadır. Bu dəfə tək yolu yola gəlmək, ya da gözlənilməz təxribatlar edib vəziyyətdən çıxmaqdır.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »