Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı yoxsulların "rus bazarı" - Video, Fotolar
Azərbaycanlı yoxsulların "rus bazarı" - Video, Fotolar

Sabunçuda "rus bazarı" adı ilə tanınan bir bazar var. El arasında bura “cındır bazarı”, “bit bazarı” da deyirlər.

Bazar uzun illərdir ki,fəaliyyət göstərir. Kimin evində köhnə, lazımsız nə varsa, gətirib burda satır. Kimin də imkanı yoxdursa, nəsə almaq istəyirsə, bura gəlir.

Buradan yaza uyğun 10 manata bütün geyimləri almaq mümkündür. 1 manata köynək-şalvar, 2-3 manata ayaqqabı, nə desən, ucuz qiymətə buradan ala bilərsən. Satıcıları kimi alıcıları da kasıbdır bu bazarın.

Satıcılar deyir ki, kimin evində artıq nə varsa, bura gətirir. Razılaşıb, qiymətləşib alırlar. Bazardakı satıcıların alveri o qədər də çox olmur. Bazar hər həftənin şənbə -bazar günləri işlədiyindən satıcıların həftədə 50-70 manat gəliri olur.

Yeməmisən qaz ətini....

Bazarda köhnə əşyalarla yanaşı heyvanlar da satılır.

Qaz-ördək, cücə, toyuq nə istəsən bu bazarda münasib qiymətə tapmaq mümkündür.

Nə qədər qəribə olsa da, diri qazın ətini satırlar. Kiloqramı da 6 manata.

Satıcı deyir: "İstəyirsən burda soyum, təmizləyim, kiloqramına 6 manat ver götür”.

Ancaq qaz kəsildisə, bütün satılmalıdır. Bu da satıcının şərtidir.

Qazın biri isə 3-7 kiloqram arası olur.

Satıcı zarafatla qaz ətini koronavirusun dərmanı da adlandırır.

Bazar, əsasən, 3 hissədən ibarətdir. Bir tərəfdə köhnə pal-paltar, bir tərəfdə xırdavat (bura köhnə dominodan tutumuş, nərd taxtasına qədər hər şey daxildir), üçüncü hissədə isə, heyvanlar və ağaclar, bitkilər, kollar satılır.

Bazarın xırdavat satılan hissəsində elektronika əşyaları, telefonlar, komputer hissələri, fen, saatlar, televizorlar, radiolar satılır.

Satıcı İlham Quliyevin sözlərinə görə, bacarıqlı komputer ustası burada kompüter hissələri alıb, normal bir kompüter yığa bilər.

“Bit bazarı" kasıb bazarıdır. Kasıbın arzusunda olduğu hər şeyi burda tapmaq olar. Biz uzun illərdir ki, burda işləyirik. Gözümüzü açıb elə bu bazarı görmüşük. Demirəm, satılan məhsullar keyfiyyətlidir. Sadəcə, kim nə arzulasa, burada var”-deyə satıcı deyir.

Bazarın ağaclar satılan hissəsində hər cür ağac var. Yaşından, böyüklüyündən asılı olaraq, ağacların qiyməti 3-5 manat arasında dəyişir.

Alıcılar isə bu bazara, öz dediklərinə görə, çarəsizlikdən deyil, öz istəkləri ilə gəlirlər.

Naibə Qurbanova deyir ki, bazara özünə yazlıq geyimlər almağa gəlib: “Heyfim gəlir geyimə çox pul xərcləyim. Həm burada bəzən elə brend geyimlər satırlar ki”.

Onun sözlərinə görə, bazardan 20 manata özünə istədiyi hər geyimi alıb. 3 manata ətək, 2 manata iki köynək, yaz üçün ayaqqabı və kiçik çanta da tapa bilib.

Deyir ki,aldığı geyimləri yuduqdan sonra geyinir: “Başqa ölkələrdə də belə bazarlar, “ikinci əl” mağazalar var. Hər kəs təzə geyinmək məcburiyyətində deyil ki,mən belə sevirəm”.

Belə...

Sabunçuda bir bazar var. Kasıbların ümid yeri... (Bizimyol.info)

Son xəbərlər
Bütün xəbərlər »