Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada kütləvi immunitet vaksinlə yaradılır, Azərbaycanda avtobusla...
avtobus

Hörmətli koronavirusla cəm şəkildə “qohum” olmağımızın ikinci ildönümünü yaşayırıq. ÜST-ün verdiyi bəyanatlar, vaksinlər üzərində gedən siyasi oyunlar belə deməyə əsas verir ki, hələ uzun müddət virusla qol- boyun yaşayacağıq. Madam ki, vaksinlərin alqı-satqısında söhbət milyardlarla dolların transferindən gedir, deməli, onun aradan qalxması müəyyən qüvvələrə sərf etmir. Bu gün koronavirus ciddi şəkildə birjalarda qiymətlərə tənzimləyici xarakter göstərməyə başlayıb.

Hətta, bizim hörmətli AMEA-mız bir dəfə açıqlama yaydı ki, 10 il sonra Azərbaycan özü də koronavirus vaksini istehsal etməyə başlayacaq! Bu xəbəri mən oxuyanda ağlımdan elə sizin kimi bir sual keçdi. 10 il sonra bu vaksin bizim nəyimizə lazımdı? Amma AMEA-nın akademikləri bizim qədər kəmsavad olmadıqlarına görə, koronavirusun yayılmasından bir neçə ay sonra onun taclı virus olduğunu izah elədilər, 10 il sonra da vaksin buraxırlarsa, bu o deməkdir ki, 10 il sonra da bizi bu müsibət gözləyə bilər.

Ölkəmizdə virusa qarşı xüsusi yanaşma var. Məsələn, bütün dünya immuniteti vaksin hesabına qazanırsa, ölkəmizdə bunun üçün ictimai nəqliyyat var. Camaat da yaxşılıq anlamır ha... Sizin üçün metronu bağlayıblar ki, təhlükədən uzaq olasız. Nə hay-küy salmısınız? Avtobuslarda hər gün 100 adamla nəfəs-nəfəsə gedib-gələrək əməlli-başlı immunitet qazanmısınız. Mənə bir adam göstərin ki, avtobusda yoluxmuş olsun. Hamısının canı buz baltası kimidir.

Avtobuslarda hər cür sosial təbəqə üçün imkan və şərait yaradılıb. Hamı bilir ki, boş oturacağı yalnız “koneçni” stansiyada görmək olur. Avtobus dayancağa girən kimi immuniteti daha çox güclənmiş insanlar onun-bunun başına qapaz endirərək, dirsəyi ilə itələyərək əsl Axilles kimi avtobusa soxulub oturmağa yer tapır. Onlar “oliqarx”lardır. Onlar oturandan sonra, qaça-qaça gəlib otracaqların yanında özlərinə yer tutan elit təbəqə də formalaşır. Sonra ortalıqdakı boş yerlərə fəhlə sinfi doluşur. Hər iki ayaqlarını qoymağa yer tapsalar da, əl tutmağa yer olmadığı üçün çiyin-çiyinə dayananlar. Ən sonda adı məlum olmayan son təbəqə gəlir. Onlar avtobusda ikinci mərtəbəni təşkil edərək başqalarının belində yol getməli olurlar. Avtobus yırğalandıqca “lambada” rəqsi başlayır.

Millət şikayət edir ki, toylara icazə vermirlər. Deyirlər 50 nəfərlik ən yaxın dost-tanış çevrəsilə toylara icazə veriləcək. Ay balam, gəlin avtobusda edin də toyunuzu. Birincisi, hər gün qoşa gedib gələ-gələ ən yaxın çevrə olmuşuq, can bir qəlbdə yaşayırıq. Avtobus əhli bir-birini qucaqlayacaq qədər yaxındır. Gəlin maşını xərcinə nə gərək var? Gül kimi, qəttəzə, yüzminlik Bakubusun limuzindən nəyi əskikdi? Toy əhli də ki avtobusda. Restorana xərc çəkməyin. 50 nəfərdən çoxsunuz deyə polis cəriməsi də olmayacaq. Tam qanuni, avtobusda yol gedirsiniz. Sürücü bir “Lamabda “ musiqisi qoysun, onsuz da “brazilski” rəqs edir millət. Çala-oynaya toy yola verilsin. Yolda keçən toy fikri kreativ deyilmi? Gəmidə olur, avtobusda olmur? Sonda da hamını öz evinin yanında düşürürük. Taksi xərci də olmur. Britaniyadan gələn “britanski ştam”a biz “brazilski” toy tutaq. Olmazmı?

Əsəbləşdiyinizi hiss edirəm. Guya hər gün etdiyimiz bu deyil? Ara yerdə toy xərcindən qabağa düşərsiniz. Məndən deməsi...

İlhamə Rəsulova

Paylaş »
››› Müharibə bitib, diplomatik savaş ən qaynar fazaya keçib
››› “Yaşın çoxdur deyib işə almırlar, yaşın azdır deyib pensiya vermirlər”
››› “Tıq-tıq” nağıllarını Tiktok rüsvayçılığı əvəz edəndən sonra..
››› Qərb mətbuatı: “Türk dronları Azərbaycana qələbə gətirdi”
››› Laçındakı Həkəri körpüsü erməni şirkəti tərəfindən təmir edilir…
››› Mal əvəzinə naz satan qızlar: “Almasanız, müdir məni qovacaq”
››› Ərzaq qiymətlərinin yüksəlməsi Rusiyada böyük narazılıq dalğası yaradıb
Son xəbərlər
Bütün xəbərlər »