Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyadan gəlmisən, keç yuxarı başa...
Rusiyadan gəlmisən, keç yuxarı başa...

Yenə gəldi aprel ayı, erməni hamıya naz eyləyir. Hər aprel ayı gələndə ermənilərin çox sevdiyi “genosid” sözü gözləri yağır edir. Hava proqnozundan məlumatı verəndə də hansısa şəkildə olmayan “genosid”lə əlaqələndirirlər. Amma, bu aprel əvvəlkilərdən fərqlənir. Qarabağı işğalda saxlamağın 30 illik keyfinə son qoyulandan sonra ermənilər daha çox əzabkeş roluna girməyə başlayıblar. Buna səbəb həm də ABŞ-ın yeni prezidenti Baydendir. Ermənilər ABŞ-da hər təzə prezident seçiləndə ümid edirlər ki, yeni prezident qondarma “genosid”i tanıyacaq.

“Genosid” şousu erməni xəstəliyinin tərkib hissəsidir, bu öz yerində, Türkiyə də, biz də buna adət etmişik. Bizi, konkret olaraq keçmiş Dağlıq Qarabağda baş verənlər daha çox narahat etməlidir. Və bu narahatlığı yaradan, qəribə olsa da, birbaşa erməni deyil.

Keçmiş Dağlıq Qarabağ hərbi şəhərciklər məskəninə çevrilir. Rusiya Müdafiə nazirinin müavini Bulqakov Xankəndinə gəlib hərbi şəhərciyin açılışında iştirak etmək üçün. Laçın dəhlizi bütün Rusiya vətəndaşlarına açıq olduğundan buradakı dövlət sərhədindən Solovyov da gələ bilər, Marqarita Simonyan da müdafiə nazirinin müavini Bulqakov da... Sabah ikili vətəndaşlığı olan Lapşin də Laçın dəhliuzindən keçib Xankəndinə gəlsə heç təəccüblənməyin. Əvvəllər Qarabağa bizdən izinsiz gələn qara siyahıya salınardı, indi o da yoxdur, indi deyirlər ki, Rusiyadan gəlmisən, “keç yuxarı başa”.

Əsas odur ki, hamı ora gedə bilir, biz gedə bilmirik. Sülh yaratmağa gələnlər bizlə ermənilər arasında sülh yaratmaq üçün heç nə etmirlər, əksinə qızışdırıcılıq elementləri daha çoxdur. Rusiya 44 günlük müharibədən sonra ermənilərlə Ruysiya arasında yaranmış narazılığı aradan qaldırmaq üçün dəridən qabıqdan çıxır. Ermənilər Rusiyanı guya xəyanətdə suçlayır, Rusiya da bəraət qazanmaq məqsədilə bizi, bizim maraqlarımızı güdaza verir. Məsələn, Azərbaycana qeyri-rəsmi tapşırılıb ki, qaçqınlarınızın keçmiş Dağlıq Qarabağa köçürülməsi məsələsini dilinizə də gətirməyin, erməni inciyər, köçüb gedər. Yoldan istifadə etməyin, erməninin də şərti var. Ümumiyyətlə, qarşıdakı beş ildə azərbaycanlıların Şuşaya, Ağdərəyə, Xocavəndə, Xocalıya köçməsi olmaz. Növbəti beşillikdə bu barədə müzakirə etmək olar. O zaman da status məsələsini Minsk Qrupu ilə birlikdə həll edərlər. Bu nə deməkdir? Rusiya sülh yaratmır, bizə etimadsızlıq, özünə etimad formalaşdırır. Sabah Rusiya pasportları Qarabağ ermənilərinə paylansa təəccüblənməyin.

İskəndər raketlərinin qalıqları

Rusiyanın bu qayğısı nəticəsində Araik Arutunyan “ən azı keçmiş DQMV-in ərazi bütövlüyü” bərpa olunmalıdır bəyanatını bu gün verib. Ermənistanın Baş qərargah rəisi Artak Davtyan sülhməramlıların komandiri Rüstəm Muradovu çağırıb “hərbi əsirlərin qaytarılması” məsələsini müzakirə edir. Rüstəm Muradov atəşkəsə nəzarət edir, yoxsa Beynəlxalq Qırmızı Xaç Komitəsinin rolunu oynayır? Belə sülh yaradandırsa bizim maşın karvanının Ağdərədən keçməklə Kəlbəcərə getməsini niyə təmin etmirlər? Adı sülhməramlı olanlar bizim maşın karvanını müşayət etməkdə bu qədərmi gücsüzdürlər? Yox, bu şəraiti elə onlar özü yaradıb.

Artak Davtyan bu gün Rusiya Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Valeri Gerasimovla da telefon danışığı aparıb və hər iki tərəf “ sülhməramlı əməliyyyatların keçirilməsinin zəruriliyini” qeyd ediblər. Sülhməramlı əməliyyat harada sülh yaradacaq? Bu əməliyyatın kimə qarşı keçirilməsi planlaşdırılır?

İndi də bu “ İsgəndər” qalmaqalı. Bu raketin Şuşaya atıldığını həm Nikol Paşinyan, həm general Movsesyan, dolayısı ilə Serj Sarkisyan da təsdiq etdi. İndi də bizim ANAMA. Bəs, “İsgəndər-M” raketi Ermənistana verilməmişdi? O zaman məlum olur ki, biz hansı təhdidlərlə üzləşmişik və gecə ilə atəşkəs bəyanatı imzalanıb. Bunun başqa adı varmı?

Rusiya Zatulinin dili ilə desək “Qarabağa əbədi qayıdıb” və bu prinsip ilə siyasət aparır. Azərbaycan üçün bu siyasətin qarşısını almaq tamamilə mümkündür və qardaş Türkiyə ilə birgə fəaliyyət bu istiqamətdə uğur gətirə bilər. Amma, “Monitorinq Mərkəzi” ndəki fəaliyyət kimi yox.

Ilham Ismayıl İlham İsmayıl
Son xəbərlər
Bütün xəbərlər »