Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Futbolçularımızın zəif oynamasının səbəbi: Pul ciblərinə ağırlıq edir
Futbol

Dünən 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin qrup oyunları keçirildi. Azərbaycan futbolçularının oyunu bir neçə oyunçu istisna olmaqla, heç də həmişə yüksək qiymətləndirilməyib. Baxmayaraq ki, futbola ölkəmizdə maraq böyükdür, oyunçularımız üzümüzü güldürə bilmirlər. Bəs niyə? Suallarımıza idman jurnalisti Səbuhi Musa cavab verir. Öncə Azərbaycanda futboçuların nə qədər məvacib alması barədə danışan ekspert qeyd edir ki, bu anlamda bizim futbolçulara xarici ölkələrdə həsəd apara bilərlər.

“Futbolçularımız orta göstəriciylə aya 10 min manat alırlar. Ən çox maaş verən klub “Qarabağ”dır . Onu “Azərsun Holding” maliyyələşdirir. “Neftçi” və “Sabah” da yüksək maaş verən komandalardır. Bu komandaların heç biri AFFA-dan maliyyə almır. “Qarabağın həm də Avropadan da gəlirləri var. Avrokuboklarda - Avroliqada, Çempionlar liqasında uğurlu çıxışlarına görə UEFA-dan da müəyyən vəsait alır. “Neftçi”ni SOCAR maliyyələşdirir. “Sabah” klubunu isə Mikayıl Cabbarov hələ təhsil naziri olanda yaradıb. O zamanlar klub “Vətən” adlanırdı. “Sabah” komandası ən yaxşı imkanı olan komanda olsa da, autsayderdir, ən axırıncı yerlərdən birini tutur”,- deyə Səbuhi Musa bildirib.

Səbuhi Musa Səbuhi Musa

Jurnalist oyunçularımızın zəif oynamasının səbəbini xarici komandaların tərkibində oynamamalarında görür, bunun da çox qəribə səbəbi var.

“Məncə oyunçularımızın zəif çıxışının səbəbi xaricə getməmələri, yalnız Azərbaycanda oynamalarıdır.Yalnız bir futboluçumuz Ukraynada oynayır - Anatoli Nuriyev. O da Ukraynada anadan olub, onu milliyə yeni cəlb etmişik, vətəndaşlıq vermişik. Xaricə getmək niyə önəmlidir? Azərbaycan çempionatının səviyyəsi yüksək deyil. Futbolçularımız gedirlər, peşəkarlıqları, texnikaları çoxalır. Qardaş Türkiyədə bircə oyunçumuz var. Araz Abdullayev “Boluspor”da oynayır, o da Superliqada deyil. Ondan yüksəklərə getmək, Avropa klublarının diqqətini cəlb etmək lazımdır. Azərbaycan yığmasının zəif oyunu da buna maneədir. Eyni zamanda menecer problemi də var. Bir nəfərin xaricə getməyi ilə də iş düzəlmir. Futbol komanda oyunudur. Heç olmasa, yarısı getməlidir ki, onlara uyğun da nəticə alınar. Ermənistandan hazırda 12 futbolçu xaricdə oynayır. Qazaxıstan, Almaniya, Yunanıstan, Kipr komandalarında oyunçuları var. Bu təbii ki, oyunçuların inkişafına səbəb olur, komandanı gücləndirir.

Bizim yaxşı futbolçularımıza yaxşı təkliflər gəlsə də, onlar getməyə üstünlük vermirlər. Çünki bizim klublarda maaş yüksəkdir. Ona görə də oyunçularımız gedib xaricdə ailəsindən uzaqda az maaşla oynamaq istəmirlər. Yüksək maaşı ancaq ən nüfuzlu Avropa klubları verirlər.

2002-ci ildə Serbiya-Çernoqoriya millisini (o gun uduzdugumuz Serbiya) udanda millimizin heyəti beləydi. Samir Əliyev, Kamal Quliyev, Tərlan Əhmədov, Fərrux İsmayılov (hamısı “Volın”, Ukrayna), Cahangir Həsənzadə, Mahmud Qurbanov, Vadim Vasilyev, İlham Yadullayev (hamısı “Tavriya”, Ukrayna), Ceyhun Sultanov, Xaqani Məmmədov, Füzuli Məmmədov, Hüseyn Məhəmmədov (hamısı “Maşinsazi”, İran), Ramiz Məmmədov (“Peykan”, İran), Adil Şükürov, Rafael Əmirbəyov, Bəhram Şahquliyev, Elxan Müslümov, Vitali Kovalyov (hamısı “Traktorsazi”, Təbriz), Rüfət Quliyev (“İstiqlal”, İran), Rəşad Sadıqov (“Fulad”, İran), Emin Quliyev (“Alaniya”, Rusiya), Qurban Qurbanov (“Fakel”, Rusiya). Xarici klublarda oynayırdılar.

2004-cu ildən futbola külli miqdarda pul yatırıldı. Sabiq AFFA prezidenti Ramiz Mirzəyevin vaxtında. Klublar futbolculara fantastik məbləğlər verdi. Ona gorə də hamısı xaricdən qayıdıb Azərbaycana gəldi. O vaxtdan bizdən xaricə gedən futbolçular cəmi 6 ay oynayıb, yeniden qayıdırlar vətənə”,- deyə ekspert qeyd edib.

Belə çıxır ki, futbolçularımız sadəcə, keflərindən oynamırlar. Sonda millimizin seçmələrdə oyununu qiymətləndirən Səbuhi Musa bildirib ki, oyuna hələ tam qiymət vermək olmaz.

“Serbiya və Portuqaliyaya minimal hesabla uduzduq. Portuqaliya son Avropa çempionudur. Qrupun liderlərinə qarşı mübarizə aparmışıq. Əsl qiyməti Lüksemburq və İrlandiyaya qarşı oynayanda biləcəyik”,- deyə o qeyd edib.

Neynək , ümid ən sonda ölür. Bizim futbolçularımızın daha yaxşı oynamaları üçün maaşları kəsilməlidirmi? İllər öncə Opera və Balet Teatrının bir solistindən aldığım müsahibə yadıma düşdü. Qəhrəmanım “Leyli və Məcnun” tamaşasında muğam parçasını o qədər yanıqlı ifadə etmişdi ki, özümü ağlamaqdan saxlaya bilməmişdim. Bu barədə danışanda “o qədər az maaş verirlər, vallah dərdlərimi yadıma salıb oxuyuram, bəlkə ondan belə yanıqlı olub” demişdi, 150 manat maaş alan Məcnun!.. Tragikomik və unudulmaz bir cavab olmuşdu. Bəlkə futbolçuları da?..

İlhamə Rəsulova

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
Son xəbərlər
Bütün xəbərlər »